Yaxın Şərqdə yeni dövr: İran macərasının bədəli - ABŞ Ərəb monarxiyaları ilə qarşıdurmada
Bizi izləyin

Yaxın Şərq

Yaxın Şərqdə yeni dövr: İran macərasının bədəli - ABŞ Ərəb monarxiyaları ilə qarşıdurmada

Yaxın Şərqdə yeni dövr: İran macərasının bədəli - ABŞ Ərəb monarxiyaları ilə qarşıdurmada

Tarix dəfələrlə göstərib ki, liderlərin şəxsi münasibətləri və siyasi seçimləri dünya siyasətinin istiqamətini dəyişə bilir.

Publika.az xəbər verir ki, İspaniyanın “El Pais” nəşrinin yazdığına görə, 1945-ci ildə Süveyş kanalında ABŞ prezidenti Franklin Ruzveltlə Səudiyyə Ərəbistanının kralı Əbdüləziz ibn Əl Səud arasında baş tutan görüş Yaxın Şərqin gələcək onilliklərini formalaşdıran əsas hadisələrdən biri olub.

Tərəflər yəhudi dövlətinin yaradılması məsələsində ortaq mövqe tapa bilməsələr də, həmin görüş Vaşinqtonla ərəb monarxiyaları arasında uzunmüddətli strateji razılaşmanın əsasını qoydu. Bu model sadə idi: ABŞ təhlükəsizlik təmin edir, əvəzində isə regionun enerji ehtiyatlarına çıxış əldə edir.

Lakin fevralda İrana qarşı həyata keçirilən hava hücumları və ardınca baş verən gərginlik göstərdi ki, bu sistem artıq əvvəlki kimi işləmir. Hadisələr ABŞ ilə Körfəz ölkələri arasında münasibətlərdə ciddi strateji dəyişikliklərin başlandığını ortaya qoydu.

Təhlükəsizlik zəmanətlərindən xəyanət hissinə

Fevralın 28-də baş verən hadisələr Ərəbistan yarımadasının zəngin monarxiyaları üçün ciddi siqnal oldu.

İspan nəşrinin yazdığına görə, İranın cavab zərbələri yalnız hücumu həyata keçirən tərəfi deyil, eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt və Bəhreyndə yerləşən obyektləri də hədəfə aldı. İran İslam İnqilabı Keşikçiləri Korpusunun raket və pilotsuz aparatları regionun müxtəlif nöqtələrinə zərbələr endirdi.

Uzun illər bölgənin əsas təhlükəsizlik dayağı kimi təqdim edilən ABŞ hərbi bazaları bir anda müdafiə qalasından potensial hədəfə çevrildi. Vaşinqton isə diqqətini əsasən İsrailin müdafiəsinə yönəltdi və bu məqam ekspertlər tərəfindən dönüş nöqtəsi kimi qiymətləndirildi.

Ərəb siyasi dairələri bunu sadəcə diqqətsizlik yox, təhlükəsizlik maraqlarının ikinci plana atılması kimi qəbul etdilər.

Müasir Ərəb Araşdırmaları Mərkəzinin əməkdaşı Leyla Həmmad-Saoneronun fikrincə, İranın cavabı regionun hərbi balansını dəyişməklə yanaşı, müsəlman dövlətlərini Ağ Evlə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edib.

İsrail bombardmanların artırılmasını tələb etdiyi halda, ərəb liderləri Donald Trampı atəşkəsə razı salmağa çalışıblar. Bu isə Tehranla ənənəvi gərgin münasibətlərə baxmayaraq, ərəb monarxiyalarının vəziyyətin ciddiliyini necə qəbul etdiyini göstərir.

Hörmüz boğazı və iqtisadi həssaslıq

Müharibə yalnız hərbi deyil, iqtisadi zəiflikləri də üzə çıxardı.

Hörmüz boğazının qısa müddətlik bağlanması Körfəz ölkələrinin enerji təhlükəsizliyinin nə qədər həssas olduğunu nümayiş etdirdi. Enerji ixracının əsas marşrutunun dayanması region ölkələrinə ciddi iqtisadi təzyiq yaratdı.

Ekspertlərin qənaətinə görə, Tehran bununla göstərdi ki, lazım gəldiyi halda qlobal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyan dəniz keçidinə təsir imkanlarına malikdir.

Daha sonra imzalanan qarşılıqlı anlaşma memorandumu isə ərəb ölkələrinin narahatlığını aradan qaldırmadı.

14 maddədən ibarət sənəddə təhlükəsizlik zəmanətləri ilə bağlı konkret mexanizmlərin olmaması, raket və pilotsuz aparat təhlükəsinə toxunulmaması narazılığı daha da artırdı.

Yeni marşrutlar və alternativ təhlükəsizlik modeli

Hörmüz boğazının istənilən anda bağlana biləcəyi ehtimalı Körfəz monarxiyalarını alternativ yollar axtarmağa sövq edib.

May ayında BƏƏ boğazdan yan keçərək Fuceyrəyə uzanan neft kəmərinin ötürücülük qabiliyyətinin artırılacağını açıqladı. Layihənin məqsədi enerji ixracını mümkün blokadalardan qorumaqdır. Regionun əsas oyunçusu olan Səudiyyə Ərəbistanı da logistika siyasətini yenidən qurmağa başlayıb. Ər-Riyad Küveytlə yeni tranzit marşrutları üzrə danışıqlar aparır. Məqsəd neft daşımalarını İranın təsir imkanlarından kənara çıxarmaqdır. Bu addımlar göstərir ki, Körfəz ölkələri artıq xarici təhlükəsizlik modelinə deyil, öz iqtisadi dayanıqlığına üstünlük verməyə başlayır.

ABŞ silahından uzaqlaşma, Türkiyəyə yaxınlaşma

Vaşinqtona inamın zəifləməsinin ən ciddi nəticələrindən biri müdafiə siyasətində dəyişiklik oldu.

Mart ayında İran raketləri və pilotsuz aparatlarının hücumları nəticəsində hava hücumundan müdafiə sistemlərinin ehtiyatı azaldıqdan sonra Körfəz ölkələrindən biri ABŞ-dən əlavə müdafiə vasitələri istəyib. Lakin Pentaqon bu müraciəti rədd edib. Bundan sonra region ölkələri müdafiə sahəsində yeni tərəfdaşlar axtarmağa başlayıblar.

May ayında Küveytin müdafiə naziri Türkiyənin müdafiə sənayesi qurumu ilə əməkdaşlıq sazişi imzalayıb. Sonradan bu prosesə Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər də qoşulub. Prioritet istiqamətlər arasında pilotsuz sistemlər, yaxın məsafəli hava hücumundan müdafiə vasitələri və gələcəkdə ballistik raketlərə qarşı birgə texnologiyaların hazırlanması yer alır.

Analitiklərin fikrincə, ərəb dövlətləri artıq bunu sadəcə silah alışı kimi deyil, uzunmüddətli strateji əməkdaşlıq kimi qiymətləndirirlər.

İranla qarşıdurmadan birgə mövcudluğa

Coğrafiya siyasi ambisiyalardan üstün çıxdı. Vaşinqtona inamın azalması və bölgənin reallıqları ərəb monarxiyalarını Tehranla münasibətləri yenidən qurmağa sövq edir. Ekspertlər bildirirlər ki, İran onlar üçün arzuolunmaz qonşu olaraq qala bilər, amma dəyişməyən həqiqət budur - bu qonşuluq davam edəcək.

İsrail xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Denni Tsitrinoviçin sözlərinə görə, ərəb liderləri İran təhlükəsini qiymətləndirməyi dayandırmayıblar. Sadəcə artıq Tehranın təcridinin onlara strateji üstünlük gətirmədiyini düşünürlər. Bu səbəbdən yeni kurs deeskalasiya, dialoq və birgə mövcudluq üzərində qurulur.

Beləliklə, “El Pais”in nəticəsinə görə, ABŞ-nin bölgədə mövqelərini gücləndirməli olan müharibə əks effekt yaradaraq Körfəz monarxiyalarını daha müstəqil siyasətə və yeni güc mərkəzləri axtarışına yönəltdi.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm