Çox sayda yaxınını Xocalıda itirən deputatdan DƏHŞƏTLİ ETİRAFLAR: 4 ay yalvardılar... - MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Çox sayda yaxınını Xocalıda itirən deputatdan DƏHŞƏTLİ ETİRAFLAR: 4 ay yalvardılar... - MÜSAHİBƏ

Xocalı soyqırımının 30-cu ildönümüdür. Həmin soyqırımı zamanı 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini itirib.

Xocalı soyqırımının şahidi, o vaxt Xocalı Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Elman Məmmədovla söhbətləşdik.

Hazırda Milli Məclisin deputatı olan Elman Məmmədov Publika.az-a müsahibəsində bildirdi ki, həmin soyqırımıda şəhadətə ucalanların hamısı onun doğmaları olub.

- Elman müəllim, Xocalını müdafiə edən kimlər idi və onların dəqiq sayı nə qədər idi?

- Xocalının müdafiəçiləri sırf Xocalı camaatından ibarət idi. Üstəgəl, 1991-ci ilin dekabrın sonlarında, yəni təxminən dekabrın 23-ü və ya 24-də Xocalıya könüllü olaraq, heç kim tərəfindən göndərilməyən, sadəcə olaraq öz ürəklərinin hökmü, vətənpərvərlik sevgiləri ilə 8 milyonluq Azərbaycan xalqının (o vaxt əhalimizin sayı az idi) cəmi 21 nəfər igid, cəsarətli döyüşçü oğlu gəlmişdi. Onların komandiri ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş rəhmətlik Aqil Quliyev idi. Başda Aqil Quliyev olmaqla həmin 21 nəfərin hamısı vətənpərvər, vətənini sevən, cəsarətli, igid oğlanlarımız idi. Yerdə qalan müdafiəçilərin hamısı Xocalıdan olanlar idi.

- Bəs, onlar kim idi?

- Biz o vaxt Xocalı özünümüdafiə batalyonu yaratmışdıq. Həmin batalyonda bir nəfər də olsun hərbçimiz yox idi. Xocalının mülki sakinlərindən təşkil olunmuşdu. Həmin özünümüdafiə batalyonunun komandiri ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş rəhmətlik Tofiq Mirsiyab oğlu Hüseynov idi. İkinci qüvvə isə 50 nəfərdən ibarət Xocalı Milis Bölməsi idi. Onlar da Xocalını qoruyurdular. Üçüncü dəstənin sayı isə cəmi 25 nəfər idi və onlar Xocalı aeroportunu qoruyurdular. Rəhmətlik Milli Qəhrəmanımız Əlif Hacıyevin rəhbərliyi ilə 25 nəfərlik polis dəstəsi də Xocalının son anına qədər döyüşdülər. Xocalı cəmi bu 4 qüvvənin ümidinə qalmışdı. 200 nəfərdən bir qədər artıq sayda Xocalı özünümüdafiə batalyonu, 50 nəfər Xocalı Milis Bölməsi, 25 nəfərdən ibarət Hava Nəqliyyatında Milis Dəstəsi (ona da Əlif Hacıyev başçılıq edirdi) və Aqil Quliyevin 21 nəfərlik dəstəsi... Xocalının müdafiəçiləri bu qədər idi.

- Soyqırımıya qədər niyə Bakıdan Xocalının harayına yetən olmadı? Siz bir icra başçısı kimi Xocalıdakı ağır durumla bağlı Bakıya həyəcan siqnalları, teleqramlar göndərirdinizmi?

- Xocalı demək olar ki, 1988-ci ilin fevral ayının 12-dən öz müdafiəsinə qalxmışdı. Söhbət ilk mitinqlərin başladığı gündən gedir. Xocalıya ermənilərin ara-sıra hücumları çox olurdu, amma ermənilərin ilk kütləvi hücumu 1988-ci ilin sentyabr ayının 18-də baş verib. Həmin gün bazar günü idi. İndiki kimi yadımdadır, ermənilər Xankəndidəki mərkəzi meydanda mitinq keçirirlər, qərar qəbul edirlər ki, buradan Xocalıya hücuma gedirik. Bu hücum Xocalını məhv etmək üçün təşkil olunmuşdu. Həmin bazar günü 10 mindən çox erməni Xocalının üzərinə hücuma keçmişdi. Onlar Xankəndidən – 10 kilometr məsafədən gəlmişdilər. O vaxt xocalılılar Xocalını çox mərdliklə, qəhrəmanlıqla qorudular. Ermənilər həmin gün Xocalıdan 27 meyit apardılar. Öz meyitləri idi.

- Bəs, bundan sonra nə baş verdi?

- Xocalı camaatı özünü müdafiə edirdi. Ancaq ovaxtkı SSRİ başqa qərar verdi. Moskvadan SSRİ Prokurorluğunun və SSRİ Daxili İşlər Nazirliyinin əməliyyat-istintaq qrupları gəldilər. Onlar “siz niyə ermənilərə güllə atmısınız?” – deyərək 9 nəfər Xocalı sakinini həbs etdilər. İndi baxın, görün ki, Xocalı camaatı hansı vəziyyətdə qalmışdı. Respublika rəhbərliyi isə buna müdaxilə etmirdi, edə bilmirdi. Çünki ortada Moskva var idi. Sonrakı hadisələr haqqında da çox danışmaq olar. Ancaq 1991-ci ilin payızından başlayaraq Xocalı 4 ay tam mühasirədə qaldı. 4 ay ərzində demək olar ki, hər gün başda mən olmaqla, Xocalı məktəbliləri, ziyalıları, ağsaqqallar, qadınlar mərkəzə – Bakıya saysız-hesabsız müraciətlər ünvanladıq. Teleqramlar vurduq. Telefonlarla əlaqə saxladıq. Yazılı müraciətlər etdik. Məktublar göndərdik. Yazırdıq, deyirdik ki, biz fəlakət qarşısındayıq. Bizi müdafiə etmək üçün mərkəzi tədbirlər görməyə çağırırdıq. Bu, 4 gün deyildi, 4 ay idi. 1991-ci ilin oktyabr ayının 31-dən noyabrın 1-nə keçən gecə artıq Xocalının bütün yolları bağlandı. Beləliklə, soyqırımıya qədər 4 ay ərzində Xocalı şəhəri tam mühasirədə qaldı. Xocalı sakinləri 4 ay yalvardılar, həyəcan təbili çaldılar. Mən dəfələrlə Bakıya gələrək zorla da olsa, Ali Sovetin iclaslarına girirdim. O zaman mən deputat deyildim, icra başçısı idim. Çıxış edərək sözümü deyirdim, çağırış edirdim. Ancaq o zaman respublikada olan anarxiya, hakimiyyətsizlik, ölkəyə başçılıq edənlərin fərasətsizliyi, qorxaqlığı, vəzifəyə gəlmək istəyənlərin vəzifə və hakimiyyət hərisliyi, bir-biri ilə qarşılıqlı boğuşmaları, “mübarizələri” elə bir şərait yaratdı ki, Xocalıya kömək gəlmədi. Beləliklə, Xocalı çox güclü düşmən qüvvələrinin qarşısında tək qaldı. Bununla da Xocalı soyqırımı baş verdi.

- Elman müəllim, sizin yaxınlarınızdan, doğmalarınızdan itkin düşənlər, həmin soyqırımıda şəhid olanlar, taleyindən bu günə qədər xəbər alınmayanlar varmı?

- Xocalı soyqırımı zamanı şəhid olanların – 613 nəfərin hamısı mənim üçün əziz adamlardır. Onlar mənim doğmalarımdır, yaxınlarımdır, gözümün işığı, ciyərparələrimdir. O ki qaldı qohumluq əlaqələrinə; mənim 62 yaşında anam, iki nənəm – Çiçək nənəm, Mədinə nənəm, xalamın həyat yoldaşı, onun 22 yaşında oğlu İqbal, çoxsaylı yaxın, ailə üzvü sayılan qohum-əqrəbalarımız, qayınatam, qayınanam, 2 qaynım, 1 baldızım, 2 bacanağım, onların 4 körpə uşağı, bir ailədən 11 nəfər... hamısı şəhid oldu. Biz burada fərq qoymuruq, bu, kimin qohumudur, bu, kimin nəyidir. Bütün xocalılıların hamısı bir-birinin qohumudur, doğmasıdır. Şəhidlər hamımızındır...

- Son 30 ilin 2 ilini biz Xocalı soyqırımını fərqli ab-havada keçiririk. Qalib xalqın soyqırımı kimi...

- Bəli, 28 il Xocalı soyqırımının anım günləri ağlaşmalarla, matəmlərlə keçib. Biz 2 ildir ki, qalib dövlətin qalib vətəndaşları olaraq soyqırımımızı, başımıza gətirilən müsibətləri anırıq. Ancaq düşməndən qisas almış bir dövlət və bir millət kimi Xocalı soyqırımını qeyd edirik. Soyqırımı qurbanlarının qisasını almış bir millət kimi qürurla danışa bilirik ki, inşallah, torpaqlarımızı işğaldan azad edən, düşmənin arxasını və dizini yerə qoyan, yağını ağ bayraq qaldırmağa məcbur edən Azərbaycan Ordusu bu yaxınlarda Xocalımızı da, Xankəndimizi də, Ağdərəmizi də, Xocavəndimizi də işğaldan qurtaracaq. Biz tezliklə doğma yurd-yuvamıza qayıdacağıq. Biz bu ümidlə yaşayırıq. Eyni zamanda, ümidimizdə qətiyik, əminik. Düşməni məhv etmişik, sona qədər də məhv edəcəyik!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm