Yeni enerji mənbələrinin qiymətləndirilməsi aparılacaq - RƏY
Bizi izləyin

Nida.az

Yeni enerji mənbələrinin qiymətləndirilməsi aparılacaq - RƏY

“Ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biridir və bu istiqamətdə səmərəli addımlar atılmaqdadır. Bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə qəbul edilmiş dövlət proqramlarının icrası bu sahədə əsaslı dəyişikliklərə səbəb olmaqdadır”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7542.2 MVt, iri su elektrik stansiyaları daxil olmaqla, bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1304.5 MVt-dır ki, bu da ümumi gücün 17,3 faizini təşkil edir: “Ölkəmizdə hidroenerji gücü 1154.8 MVt olan 30 ədəd stansiya, 20 kiçik su elektrik stansiyası, külək enerjisi gücü 66.1 MVt olan 7 stansiya və 2 hibrid stansiya, eləcə də bioenerji gücü 37.7 MVt olan 2 stansiya inşa edilib. Bundan başqa, hazırda günəş enerjisi gücü 45.9 MVt olan 12 stansiya, Qobustanda külək, günəş və bioenerji qurğuları fəaliyyətdədir. 2021-ci il ərzində ölkəmizdə elektrik enerjisinin istehsalı 27,8 milyard kVt/st təşkil edib. Bərpa olunan enerji mənbələri hesabına istehsal olunmuş elektrik enerjisi ümumi istehsalın təqribən 5.8 faizini təşkil edib. Hökumət bu potensialı daha da artırmaq üçün həm yerli sərmayələri, həm də xarici investisiyaları artırmaqdadır. 2022-ci ilin ötən 3 ayı ərzində 2 xarici investorla - Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə 240 MVt gücündə “Xızı-Abşeron” külək elektrik stansiyasının, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Qaradağda günəş elektrik stansiyasının təməlinin qoyulması bərpa olunan enerjiyə keçid strategiyasının uğurla davam etdiyini təsdiqləyir. Hər iki ölkənin inşa etdiyi stansiyaların işə başlaması sayəsində ölkəmizdə bərpa olunan enerji istehsalının 2-3 dəfə artması mümkün olacaq”.

Millət vəkili deyib ki, Azərbaycan hökuməti “yaşıl enerji məkanı” prinsiplərinə əsaslanan bərpa olunan enerjiyə keçidi mühüm strateji xətt elan edib: “Bu strategiyaya uyğun olaraq “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində “Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi” kimi mühüm hədəflər müəyyən edilib. Bunun üçün ölkəmizdə yeni enerji mənbələrinin qiymətləndirilməsi aparılacaq. Həmçinin, işğaldan azad edilmiş ərazilərimiz zəngin günəş, külək, biokütlə, termal, geotermal və digər bərpa olunan enerji mənbələrinə malikdir. Hökumət tərəfindən hazırlanmış “Yaşıl Enerji Zonası”nın yaradılması ilə əlaqədar Konsepsiyaya uyğun olaraq, bu bölgələrdə bərpa olunan enerjinin istehsalı məqsədilə külək və günəş enerji stansiyalarının, həmçinin su anbarlarında, göllərdə, kiçik çaylarda su elektrik stansiyalarının tikilməsi nəzərdə tutulur. Konsepsiya sənədinə əsasən, 6 rayonda (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər) günəş elektrik stansiyalarının tikintisi üçün ümumi sahəsi 14 427 hektar və güc qoyuluşu potensialı 7214 meqavat olan 8 perspektiv ərazi müəyyən edilib”.

A.Hüseynov vurğulayıb ki, bu ərazilərdə günəş enerjisi potensialı 7200 MVt-dan artıq qiymətləndirilir: “Həmçinin, Laçın və Kəlbəcərin dağlıq hissələrində əlverişli külək potensialının olması müəyyənləşib. Coğrafi relyef və digər faktorlar nəzərə alınaraq ilkin olaraq külək enerji potensialı 500 meqavatadək qiymətləndirilir. Həmçinin, bu ərazilər kifayət qədər zəngin enerji mənbələrinə malikdir, Azərbaycanın daxili su ehtiyatlarının təqribən 25 faizi burada formalaşır və bu da illik təxminən 2.56 milyard kubmetr təşkil edir. Bu da kiçik SES və termal stansiyaların tikintisi üçün imkanlar deməkdir. Beləliklə, işğaldan azad edilmiş ərazilərimizdəki bərpa olunan enerji mənbələrinin də istifadəyə verilməsi Azərbaycanda alternativ enerji güclərinin ümumi enerjidə payının 30 faizdən çox olmasına imkan verəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm