Ermənistanda baş verənlərin pərdəarxası: Rus barmağı, Qərb susqunluğu... - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Ermənistanda baş verənlərin pərdəarxası: Rus barmağı, Qərb susqunluğu... - ŞƏRH

"Qərb dairələri bu hadisələrə heç bir müdaxilə etmirdilər. Ermənistana qarşı heç bir kəskin reaksiya sərgilənmədi. Niyə? Ona görə ki, ehtiyat edirdilər".

Bu sözləri Publika.az-a Ermənistanda baş nazir postuna namizədliyi irəli sürülən Serj Sarkisyanın istefasına münasibət bildirən Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov deyib. Onun sözlərinə görə, 10 gün davam edən mitinq prosesinə Serj Sarkisyanın emosiyalarına yenilərək ard-arda buraxdığı 2 səhv daha da təkan verdi:

“Ölkədə baş verən mitinqlər müxalif partiya liderləri tərəfindən təşkil edilirdi. Xüsusilə Serj Sarkisyanın parlamentin müxalif deputatı Nikol Paşinyanı 3 dəqiqəlik görüşdə təhqir etməsi kütləni daha da qızışdırdı. Bu emosional davranış Sarkisyanın birinci səhvi oldu. Paşinyanın təhqir edilməsi, alçaldılması faktiki onun arxasında dayanan etirazçılardan ibarət kütlənin aşağılanması demək idi. Bu davranışı ilə Sarkisyan özünün çıxılmaz vəziyyətdə olduğunu açıq-aşkar etiraf etdi. Geriyə yolu olmadığından məcbur idi Paşinyanı həbs etsin. Paşinyanın həbsi isə avtomatik olaraq onun 2-ci səhv addımı oldu. Xalq bundan qəzəbləndi və etiraz dalğası böyüdü. Sarkisyan gözləyirdi ki, Rusiya ona dəstək verəcək, yalnız bu gözləntilərin əksinə Rusiya səbrlə Ermənistanda 10 gün davam edən priosesləri izlədi. Çünki Sarkisyan Rusiya üçün yeganə namizəd deyildi ki, onu təcili şəkildə qanadlarının altına alsın. Ermənistanın siyasi maraqlarını kifayət qədər müdafiə edən Karan Karapetyan Rusiya üçün Sarkisyandan daha maraqlı fiqurdur. Rusiyanın proseslərə müdaxilə etməməsinin digər bir səbəbi isə Karapetyanın əvvəlcədən hesablanmış namizədliyi üzərində işləməsidir. Rusiya əslində maraqlı idi ki, Ermənistandakı ixtişaşlar kritik vəziyyətə çatsın ki, buradan müəyyən gəlir əldə edə bilsin. Təbii ki, bu mitinqlərin arxasında Qərbin dayanması real deyil. Düşünürəm ki, Ermənistanın növbəti baş naziri də hakim partiyadan olacaq. Yüz faizlik nəticə demək olmasa da, baş nazir postuna Karapetyanın təyin olunma ehtimalı daha yüksəkdir”.

Ə.Həsənov onu da əlavə edib ki, Ermənistanda baş verən hadisələrin arxasında Qərb dairələri dayanmırdı:

“Qərb dairələri bu hadisələrə müdaxilə etmirdilər. Ermənistana qarşı heç bir kəskin reaksiya da sərgilənmədi. Niyə? Ona görə ki, ehtiyat edirdilər. Ondan ehtiyat edirdilər ki, Qərb dairələr Sarkisyanı sıxışdırmağa, tənqid etməyə başlasa, Rusiya hərəkətə keçəcək və onu müdafiəyə qalxacaq. Onlar buna şərait yaratmaq istəmirdilər. Düşünürəm ki, eyni zamanda xalqın etiraz dalğasının da bu qədər uzun və davamlı olacağını hesablamamışdılar. Onlar düşünürdülər ki, hadisələr 2008-ci ildə olduğu kimi davam edəcək, sonda da Sarkisyan xalqın qarşısına çıxaraq ya müəyyən vədlərlə kütləni yatışdıracaq, ya da mitinq iştirakçılarına güc tətbiq edərək etirazları yatırdacaq. Məhz bu yanılma onu göstərir ki, Qərb dairələri özü də taktikalarında xeyli boşluqlara yol vermişdi. Yaxşı olardı ki, Qərb əvvəldən xalqın yanında olardı və demokratik qüvvələr qələbə qazana bilərdi. Ermənistan artıq parlamentli respublika olduğuna görə və parlamentdə də hakim dairələrin nümayəndələrinin çoxluq təşkil etməsi ölkənin hakim dairələrin əlində qalması deməkdir. Sarkisyanın istefasına baxmayaraq, hətta etirazçılar parlamenti istefaya göndərməyə nail olsalar belə, hakim partiya öz mövqeyini yene də qoruyub saxlayacaq. Gözlənilmir ki, müxalif partiya nümayəndələri arasında hakimiyyətə kimsə gətirilsin”.

Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Dağlıq Qarabağ probleminə münasibətin birmənalı olaraq dəyişməyəcəyini deyən Ə.Həsənov hadisələrin istənilən halda Azərbaycanın əleyhinə davam edəcəyini deyib:

“Ermənistan hakimiyyətinin dəyişməsi birmənalı olaraq daxili prosedir. Bu mənada istənilən (müxalif və ya hakim partiyalar) partiya üzvlərindən hakimiyyətə gətiriləcək şəxs Dağlıq Qarabağ məsələsini Ermənistanın xeyrinə həll etməyə çalışacaq. Biz bu mənada heç bir alternativ gözləməməliyik, çünki onlar buna konkret olaraq dövlətin problemi kimi baxırlar. Nisbi fərqlər olsa belə, Azərbaycanın lehinə güzəştlər olmayacaq. Dağlıq Qarabağ problemi toxunulmaz olaraq qalacaq. Burda bir məsələ də ondan ibarətdir ki, Ermənistan Qərblə - Avropa Birliyi ilə müqavilə imzalasa da, orda Rusiyanın hərbi iştirakı daha güclüdür. Ermənistan sərhədlərini rus qoşunları qoruyur. 10 günə qədər davam edən mitinqdə heç bir dəfə səsləndimi ki, gəlin rus qoşunlarını sərhəddən qovaq? Bu onun nəticəsidir ki, Ermənistandakı ixtişaşlarda birinci maraqlı tərəf elə Rusiyanın özü idi. Koçaryandan sonra Sarkisyanın Qarabağ kartından istifadə edərək elitanın istəklərini ürəklərində qoyması da məsələnin bir digər tərəfidir. Belə ki, Sarkisyan son çıxışında da demişdi ki, baş nazir postuna namizədliyini verməsinin əsas səbəbi Dağlıq Qarabağ problemini həll etmək istəyidir. Lakin, bu dəfə xalq onu qəbul etmədi və istəyinə nail odu”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm