Bakı - Dünyanın dialoq və müzakirə mərkəzi
Bizi izləyin

Nida Təhlil

Bakı - Dünyanın dialoq və müzakirə mərkəzi

“Bakı belə mühüm forumların keçirilməsi üçün dünya miqyasında mərkəzdir”.

Bu fikirləri Rusiya hökuməti sədrinin müavini Olqa Qolodets Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı bildirib.

Dünyanın mövcud mənzərəsində Azərbaycanın paytaxtı beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi siyasi, iqtisadi, eləcə də ictimai-humanitar mərkəzə çevrilib.

25-26 oktyabr tarixində keçirilən Bakı VI Beynəlxalq Humanitar Forum, forum iştirakçılarının sayı və müzakirə olunan məsələlər bunun sonuncu nümunəsidir. Belə ki, 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 (416 xarici qonaq olmaqla) nümayəndənin iştirak etdiyi forumda bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair müzakirələr aparıldı.

Bu forumun Bakıda keçirilməsi, ümumilikdə Azərbaycan paytaxtının dünyanın dialoq mərkəzinə çevrilməsi səbəbsiz deyil.

1. Azərbaycan dövlətinin dialoqa, həmrəyliyə və sülhə əsaslanan geniş spektrli siyasəti;
2. Azərbaycanda mövcud multikulturalizm, tolerant mühit və müxtəlif dinlərin bir ailə kimi mehriban yaşaması;
3. Azərbaycanın dünyada artan siyasi və iqtisadi çəkisi;
4. Sabitlik və təhlükəsizlik;


Bu səbəblərin siyahısını uzada da bilərik, lakin bu gün Bakının dünyanın sülh və dialoq mərkəzinə çevrildiyi reallıqdır.

Hələ 2008-ci ildə Prezident İlham Əliyev “Bakı prosesi” təşəbbüsü irəli sürdü. 10 il öncə - 2008-ci ilin dekabrında Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq – Avropada və qonşu regionlarda sülhün davamlı inkişafı” mövzusunda keçirilən konfransda “Bakı prosesi” təşəbbüsü irəli sürüldü. Azərbaycanın təşəbbüsü ilə Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına ilk dəfə olaraq 10 islam ölkəsi dəvət edildi. İslam dövlətlərinin iştirakı ilə mədəniyyət nazirlərinin konfransı yeni bir formata transformasiya olundu. Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransda “Mədəniyyətlərarası dialoqunun təşviqinə dair “Bakı Bəyannaməsi” qəbul edildi.

Azərbaycan lideri dünyada münaqişələrin dinlərarası-mədəniyyətlərarası toqquşmalara çevrildiyini görərək, qlobal əhəmiyyətli addım atdı. Çünki Azərbaycan lideri bilirdi ki, toqquşmaların bu yöndə getməsi dünyanın gələcəyi üçün xoşagəlməz nəticələrə gətirib çıxaracaq və məhz bunun qarşısını almaq üçün ilk dəfə İslam dünyası ilə xristianlığın hakim olduğu Qərb dünyası Bakıda bir araya gətirildi. “Bakı prosesi”nin başladığı 10 il boyunca görülən işlər və dünyada dinlərarası dialoqun möhkəmlənməsi Prezident İlham Əliyevin qlobal səviyyədə uğurlu gediş etdiyini göstərdi.

2010-cu ildən etibarən “Bakı prosesi” qlobal hərəkata çevrilməyə başladı. 2010-cu ilin 23 sentyabr tarixində BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan Prezidenti tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi elan edildi.

Birinci addım: 2011-ci ilin 7-9 aprel tarixində Bakıda YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESKO-nun tərəfdaşlığı ilə 1-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olundu. Forumda 102 ölkədən rəsmi nümayəndə, 10-dan çox beynəlxalq qurumdan rəhbər şəxs, 20 ölkədən nazir, məşhur media qurumlarının nümayəndələri daxil olmaqla ümumilikdə dünyanın bütün qitələrindən 500-ə yaxın xarici ölkə təmsilçisi iştirak etdi. Qitələrarası mədəni əməkdaşlığı inkişaf etdirmək məqsədilə I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “5 A - Mədəniyyətlərarası Əməkdaşlıq Platforması” təsis edildi. Avropa, Asiya, Amerika, Afrika, Avstraliya qitələrinin adlarının Azərbaycan dilində “A” hərfi ilə başladığını nəzərə alınaraq simvolik olaraq yeni platformanın adı “5 A” kimi müəyyən olundu.

İkinci addım: 2013-cü ilin 29 may - 01 iyun tarixində “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” şüarı altında Bakıda 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Forumun təşkilində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESKO ilə yanaşı, BMT-nin Ümumdünya Turizm Təşkilatı da əsas tərəfdaş qismində çıxış etdi. 29 may 2013-cü il tarixdə BMT Baş Assambleyası tərəfindən elan edilmiş “21 may - Ümumdünya Mədəni Çeşidlilik Günü”nə həsr olunmuş Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansının birgə təşkilatçılığı ilə Bakı şəhərində “Mədəni çeşidlilik üçün nəsə et qlobal kampaniyası”nın zirvə toplantısı təşkil edildi. Tədbirdə BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi cənab Nassir Əbdüləziz əl-Nasser, bir sıra ölkələrin mədəniyyət və turizm nazirləri, ekspertlər və digər beynəlxalq qurumları təmsil edən şəxslər iştirakı ilə “5 A - Mədəniyyətlərarası Əməkdaşlıq Platforması” çərçivəsində mədəni çeşidliliyi təbliğ edən hər qitədən bir layihənin təqdimatı keçirildi. Forumda ümumilikdə 600 xarici təmsilçi iştirak edirdi.

Üçüncü addım: 18-19 may 2015-ci il tarixdə Bakı şəhərində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası və İSESKO-nun birgə tərəfdaşlığı ilə “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” devizi altında 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olundu. Dünyanın ən nüfuzlu insanlarının da qatıldığı forumda bəşəriyyəti narahat edən problemlərin müzakirəsi aparıldı, çıxış yolları təqdim edildi.

Dördüncü addım: 4-6 may 2017-ci il tarixdə Bakı şəhərində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və İSESKO-nun birgə tərəfdaşlığı ilə “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olundu. Ümumilikdə 800-dən çox xarici nümayəndə Azərbaycan paytaxtında Forum çərçivəsində 40-a qədər plenar iclasda dünyanın problemlərini müzakirə etdi.

Dünyanın belə müzakirələrə böyük ehtiyacı var, xüsusilə “qarşılıqlı müzakirələrin çoxluğu, problemlərin həllinə bir o qədər yaxınlaşmaq deməkdir” prinsipindən çıxış etsək, Bakının qlobal səviyyəli müzakirə masasına çevrildiyini görmək olur.

Azərbaycanın başlatdığı prosesin dünya üçün yeni nümunə olduğu da faktlarda öz əksini tapır.

Misal üçün, Avropada “Yaxın Şərqdə dini-mədəni plüralizm və sülh içində yaşama” adlı beynəlxalq konfrans keçirildi. Bununla yanaşı, “Qədim sivilizasiyalar forumu” və s. addımları da göstərmək olar. Göründüyü kimi, Azərbaycanın təşəbbüsləri müxtəlif ölkələrin multikulturalizm, tolerantlıq və dialoq siyasətinə ilham verdi.

Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi də Azərbaycanın dünyanı qarşıdurmalardan, toqquşmalardan xilas etmək siyasətinin bir parçasıdır. Bu forumun keçirilməsi qərarı 2010-cu ilin yanvarında Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumunda qəbul olundu. Forumun əsas məqsədi - humanitar və inteqrativ impulsların yaradılması ilə yanaşı, gələcəkdə beynəlxalq səviyyədə humanitar çağırışları aktuallaşdırmaq, dəyirmi masalar vasitəsilə dialoqun qurulmasıdır. Forumun vəzifəsi isə ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün nəzəri və tətbiqi platforma yaratmaqdır. Forumun nəticəsi beynəlxalq təşkilatlara, dünya ölkələrinə və ayrılıqda hər bir şəxsə ünvanlanmış tövsiyələr və müraciətlərdə təcəssüm olunur. Forum təşkilatçılarının və iştirakçılarının, təbii, sosial və humanitar elmlər üzrə Nobel mükafatçılarının və beynəlxalq qurumların rəhbərləri, o cümlədən dünya mədəni elitasının nümayəndələrinin qarşılarında qoyduqları iddialı məsələ, gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədi ilə yeni humanitar gündəmin formalaşmasıdır. Forum təşkilatçıları sırasına həmçinin dövlətlərin cari və ya keçmiş rəhbərləri və transmilli korporasiyaların təsisçiləri daxildir.

2011-ci ilin 10-11 oktyabr tarixində “XXI Əsr: ümid və çağırışlar” devizi altında 20-dən çox ölkədən qonaqların iştirakı ilə I Bakı Beynəlxalq Humanitar Forumu keçirildi. 2012-ci ilin 4-5 oktyabr tarixində II, 2013-cü ilin oktyabrın 31-də III, 2014-cü ilin 2-3 oktyabr tarixində IV, 2016-cı il sentyabrın 29-da V Bakı Beynəlxalq forumları keçirildi. Bütün forumlara qatılan iştirakçıların sayı, nüfuzu və dünyanın diqqətinin Bakıya yönəlməsi bu prosesin qlobal əhəmiyyətindən xəbər verir.

Nəhayət, 25-26 oktyabr tarixində Bakı VI Beynəlxalq Humanitar Forumu baş tutdu.

Prezident İlham Əliyevin Forumda çıxışı beynəlxalq miqyasda mühüm tezislərlə zəngin idi:

Əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşamışlar və bu siyasət bu gün də davam etdirilir. Azərbaycanda bu istiqamətdə dövlət siyasəti çox səmərəlidir və gözəl nəticələrə gətirib çıxarır. Bizim tarixi keçmişimiz, mədəniyyətimiz onu göstərir ki, müxtəlif dinlərin nümayəndələri Azərbaycanda həmişə çox rahat yaşayıblar, bir ailə kimi yaşayıblar. Bizim tarixi, dini abidələrimiz həm qədim tariximizi göstərir, eyni zamanda, göstərir ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələri üçün doğma diyar, doğma məkan olmuşdur... Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Biz öz milli, dini ənənələrimizə çox bağlıyıq, sadiqik və milli dəyərlər gələcək inkişafımız üçün xüsusi rol oynayır. Deyə bilərəm ki, müasir Azərbaycan dövləti çox dərin milli dəyərlər, milli-mənəvi dəyərlər üzərində qurulubdur. Eyni zamanda, biz dünyaya açığıq. Qeyd etdiyim kimi, Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilibdir və bu şərəfli status artıq dünya birliyi tərəfindən tanınır. Təsadüfi deyil ki, biz mənim Sərəncamımla 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli” elan etdik. Hesab edirəm ki, dünyada ilk dəfə olaraq belə bir təşəbbüs irəli sürülmüşdür. Bu, bizim niyyətimizi göstərmişdir, 2016-cı ilə multikulturalizm adını verməklə, ilk növbədə, biz dünyada Azərbaycanı olduğu kimi təqdim etmək istədik. Göstərmək istədik ki, multikulturalizm Azərbaycanda həm dövlət siyasətidir, həm həyat tərzidir, eyni zamanda, biz dünya birliyinin diqqətini bu məsələyə cəlb etməyə çalışdıq. Çünki siz də yaxşı bilirsiniz ki, bu gün həm siyasətçilər, ictimai xadimlər, həm də media tərəfindən multikulturalizmlə bağlı çox ziddiyyətli fikirlər səsləndirilir. Ona görə hesab edirəm ki, bu məsələ ilə bağlı vahid yanaşma olmalıdır və burada heç bir ziddiyyətli fikrə yer ola bilməz. Hesab edirəm ki, Azərbaycanın bu sahədəki təcrübəsi həm təqdirəlayiqdir, həm də gözəl nümunə ola bilər. Biz multikulturalizmin bəhrəsini gündəlik həyatda görürük. Bu gün Azərbaycanda yaşanan sabitlik, vətəndaş həmrəyliyi, milli həmrəylik, o cümlədən bu dəyərlərə əsaslanır... 2017-ci ili isə biz “İslam Həmrəyliyi İli” elan etdik. Yenə də ona görə ki, Azərbaycanda İslam həmrəyliyi tam bərqərar olub. Onu da bildirməliyəm ki, Azərbaycan müsəlmanları vəhdət namazı qılırlar. Hesab edirəm ki, Azərbaycan bu sahədə müsəlman aləmində çox önəmli rol oynayır. Eyni zamanda, biz müsəlman aləminin diqqətini də bu sahəyə cəlb etməyə çalışdıq. Çünki əfsuslar olsun ki, biz müsəlman aləmində həmrəyliklə bağlı istədiyimizə nail ola bilməmişik. Qarşıdurmalar, müharibələr, anlaşılmazlıq, toqquşmalar və digər təhlükəli meyillər ölkələr üçün böyük problemə, faciəyə çevrilir, milyonlarla insan həlak olur, evsiz-eşiksiz qalır, qaçqın, köçkün vəziyyətinə düşür. Əlbəttə, biz çalışmalıyıq ki, bu sahədə də öz təkliflərimizi verək, öz nümunəmizi göstərək ki, əgər İslam həmrəyliyi və multikulturalizm anlayışları vəhdət təşkil edərsə və dövlət siyasəti düzgün aparılarsa, bu, xalq tərəfindən də qəbul edilərsə, onda ölkələrdə problem olmayacaq. Müasir Azərbaycan bunun əyani, bariz sübutudur. Təsadüfi deyil ki, biz humanitar əməkdaşlıqla, multikulturalizmlə bağlı bir çox tədbirlərə ev sahibliyi edirik... Biz humanitar əməkdaşlığa çox böyük diqqət göstəririk, bir çox təşəbbüslər irəli sürmüşük. Onlardan biri Bakı Beynəlxalq Humanitar Forumudur”.

Aparılan siyasətində nəticəsində Bakı bu gün dünyanın iqtisadi-siyasi-humanitar paytaxtına çevrilir. Son illərdə Bakı “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumuna, Madrid Klubunun toplantısına, Birinci Cənubi Qafqaz Forumuna, BMT-nin VII İnternet İdarəçilik Forumuna, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assamleyasına, Dini Liderlərin Ümumdünya Sammitinə, III Qlobal Açıq Cəmiyyətlər Forumuna, Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısına və digər bu kimi mühüm beynəlxalq toplantılara ev sahibliyi edib. Təsadüfi deyil ki, qlobal qarşıdurmada olan ABŞ və Rusiya nümayəndələri də dialoq aparmaq üçün məhz Bakını seçir.

Burada qeyd etdiyimiz kimi, Azərbaycanın dünyada artan nüfuzu, ölkədə sabitliyin mövcudluğu və rəsmi Bakının dünya ölkələri üçün etibarlı tərəfdaş olmasıdır. Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizəd olması da Azərbaycanın ən böyük uğurlarındandır. Bütün bunların fonunda Azərbaycanın bir dövlət olaraq güclənməsi, regionun əsas gücü olaraq, dünyada əsas aktorlardan birinə çevrilməsi və qlobal layihələrin iştirakçısı və təşəbbüskarı olması faktı da ortadadır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm