Azərbaycanda inflyasiya gözlənilirmi? - Ekspertdən AÇIQLAMA
Bizi izləyin

Nida Təhlil

Azərbaycanda inflyasiya gözlənilirmi? - Ekspertdən AÇIQLAMA

“Azərbaycanda ikirəqəmli inflyasiya həmişə neftin dünya bazar qiymətləri düşdükdə, əhalinin gəlirləri azaldıqda təzahür edir. Ölkəmizdə əhalinin maaş və pensiyaları artırıldıqdan sonra ciddi və kəskin şəkildə - yəni, ikirəqəmli səviyyədə heç vaxt inflyasiya baş verməyib. Odur ki, nə qədər ki, valyuta bazarında sakitlik olur, manatın məzənnəsi bahalaşmağa meyil göstərir, ölkədə faktiki inflyasiya səviyyəsi hökumətin və AMB-in il üçün nəzərdə tutduğu hədəfdən aşağı qeydə alınır”.

Publika.az xəbər verir ki, bunu iqtisadçı ekspert Pərviz Heydərov qeyd edib.

Ekspert bildirib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsini 0,25 baza punktu səviyyəsində azaldaraq 8.25%-dən 8%-ə endirilməsi haqda qərar qəbul edib: “Beləliklə də, AMB keçən ilin fevral ayından başlayaraq kreditlər üzrə mərkəzi faiz dərəcəsini azaltmaq siyasətini davam etdirir. Maraqlıdır ki, ötən müddət ərzində adıçəkilən qurum dərəcəni məhz 0,25 % olmaqla elə ehtiyatlı səviyyədə aşağı salmaq siyasəti yürüdür ki, sanki ABŞ Federal Ehtiyat Sisteminin anoloji qərarlarının nəticəsi kimi onun da qərarı maliyyə bazarına təsir edir. Halbuki, bu, belə deyil. Ölkədə kommersiya bankları üzrə kredit faizləri aşağı düşmür. Başqa sözlə desəm, pul-kredit mexanizmi yumşalmaq bilmir ki, bilmir. Çünki AMB-nin uçot dərəcəsi ilə kommersiya banklarının kredit faizləri arasında birbaşa əlaqə yoxdur. Özü də bu, köhnə "xəstəlikdir".

AMB-nin faizi endirməsi ilə bağlı açıqlamasında qeyd olunub ki, faktiki inflyasiya hədəf diapozonunun ortasından aşağıda qalır, qısamüddətli inflyasiya gözləntilərinin dinamikasında əhəmiyyətli dəyişikliklər müşahidə olunmur. Yenilənmiş proqnozlara görə, 2019-cu ilin sonuna inflyasiya dəhlizin orta səviyyəsindən bir qədər yuxarı olmaqla hədəf diapazonu (4±2%) daxilində qalacaqdır. Sual edirəm, inflyasiya nə vaxt yüksəlir? Normal bazar iqtisadiyyatlı ölkələrdə dövriyyədə ucuz pul kütləsi olduqda. Bizdə nə vaxt baş verir? Dövriyyəyə nəğd, yəni kəmiyyət etibarı ilə çox pul daxil olduqda... Və yaxud da ən əsası, manatın xarici valyutalara nisbətən məzənnəsi aşağı düşdükdə...

Dəfələrlə yazdığım kimi inflyasiya özü dolayısı ilə iqtisadi artım göstəricisidir, buna işarədir. Söhbət normal inflyasiya göstəricisindən gedir. Gəlirlər artırsa və yaxud artırılırsa, bu, iqtisadi artım üçün əlavə stimul vasitəsidir. Odur ki, gəlirlərin artması müəyyən həddə inflyasiya yaradırsa, demək, artım baş verib və ya verir. İkirəqəmli inflyasiya isə "cızıqdan çıxma" sayılır və bu, normal iqtisadi proseslərin, yəni effektiv tendensiyanın nəticəsi deyil.

Azərbaycanda ikirəqəmli inflyasiya həmişə neftin dünya bazar qiymətləri düşdükdə, əhalinin gəlirləri azaldıqda təzahür edir. Ölkəmizdə əhalinin maaş və pensiyaları artırıldıqdan sonra ciddi və kəskin şəkildə - yəni, ikirəqəmli səviyyədə heç vaxt inflyasiya baş verməyib. Odur ki, nə qədər ki, valyuta bazarında sakitçilik olur, manatın məzənnəsi bahalaşmağa meyil göstərir, ölkədə faktiki inflyasiya səviyyəsi hökumətin və AMB-in il üçün nəzərdə tutduğu hədəfdən aşağı qeydə alınır.

Ona görə də açıqlamada qeyd olunur ki, risklər balansının təhlilinə əsasən, xarici amillər daxili amillərə nisbətən orta müddətli perspektivdə inflyasiya üçün daha böyük təhdid potensialı daşıyır və xarici amillərə başlıca olaraq qlobal ticarət və valyuta sferalarında olan gərginliklər, qlobal artım perspektivlərinin pisləşdiyi şəraitdə dünya əmtəə bazarlarında dəyişkənliyin artması aiddir.

Sözüm bunda deyil. AMB-nin istər inflyasiya göstəricisi olsun, istər iqtisadi aktivliyə təsiri olsun, istər artıma, yəni istehsalın genişlənməsinə, təklifin yüksəlməsinə dəstəyi olsun, nail olmaq istəyiriksə uçot dərəcəsinin son kredit faizlərinə birbaşa "təzyiq və təmininə" mütləq şəkildə müəssər olmalıyıq. Bu isə yalnız o zaman mümkündür ki, bankların likvidliyində mərkəzi resurslar həlledici rol oynasın və real sektorda risk səviyyəsi minimum təşkil etsin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm