2020-ci ilin dövlət büdcəsi nə vəd edir? - EKSPERT AÇIQLADI
Bizi izləyin

Nida Təhlil

2020-ci ilin dövlət büdcəsi nə vəd edir? - EKSPERT AÇIQLADI

“2020-ci ilin dövlət büdcəsi layihəsindəki rəqəmlər hər şeydən öncə, ölkə iqtisadiyyatında cari il ərzində nəzərə çarpan müsbət dinamikanın növbəti ildə də dayanıqlı xarakter daşıyacağını göstərir. Bu isə olduqca müsbət cəhətdir. Sözügedən müsbət dinamika 2015-2016-cı illərdə dünya neft bazarlarında yaranan kəskin ucuzlaşmanın ölkəmizin iqtisadiyyatına təzyiq və zərbəsindən sonra, 2017-ci ildən etibarən təşəkkül tapıb. Təsadüfi deyil ki, büdcə layihəsində də cari ilin birinci yarısında ölkə iqtisadiyyatının son illər ərzində məruz qaldığı şok təsirlərdən bərpa prosesinin davam etdiyi ayrıca yazılıb”.

Publika.az xəbər verir ki, bunu iqtisadçı ekspert Pərviz Heydərov deyib.

Ekspert məsələ ətrafında yaranan bəzi maraqlı sualları cavablandırıb: “Dövlət büdcəsi gəlirlərinin neftdən asılılığı azalıbmı? Bu ilin başlanğıcından həyata keçirilməyə başlanılan məlum çoxşaxəli sosial paketin 2020-ci ildə icrası üçün hər hansı bir çətinlik yarana bilərmi? Ümumiyyətlə, ölkə iqtisadiyyatının 2015-2016-cı illərdə məruz qaldığı şok təsirlərdən bərpasının növbəti ildə də davam edəcəyinin əsasında başlıca olaraq nə dayanacaq? Yəni bu sahədə gözlənilən dayanıqlıq nəyə bağlıdır?

Dövlət büdcəmizin neftdən asılılığının tam olaraq azalacağının tezliklə baş verəcəyini gözləmək olmaz. Bəli, iqtisadiyyatın qeyri-neft sektoru inkişaf edir və burada artım ardıcıl xarakter daşıyır. Bu ilin birinci yarısında ölkə iqtisadiyyatının qeyri-neft sektorunda ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% artım qeydə alınıb. Ümumiyyətlə, sözügedən sektorda inkişaf prioritet təşkil etdiyindən bu, cari ilin sonunadək, növbəti və sonrakı illərdə də davam edəcək. 2020-ci ilin dövlət büdcəsi layihəsində də yazılıb ki, 2023-cü ilədək ölkədə istehsal olunan ÜDM-in tərkibində qeyri-neft sektorunun payı 65,8%-ə çatacaq. Lakin büdcə gəlirlərinin neftdən asılılığının tələb olunan həddə enməsi üçün bu kifayət deyil. O səbəbdən ki, xərclər də artır və bunun daxilində sosial xərclər getdikcə daha çox şişir. Odur ki, qeyri-neft sektorundan əldə olunan gəlirlər tam olaraq və dayanıqlı şəkildə təkcə bunu qarşılaya bilərsə, böyük nəticə sayılacaq. Bax, məhz bu hədəfə çatacağımız gün uzaqda deyil”.

Cari ilin başlanğıcından həyata keçirilən sosial paketin icrasına gəldikdə isə ekspert bildirir ki, gələn il büdcə xərclərinin az qala 41%-ni sosial məsrəflər təşkil edəcək: “Layihədə də qeyd olunub ki, bunu məhz, bu il ərzində əməkhaqqı, pensiya və sosial müavinətlər üzrə həyata keçirilən artımlar şərtləndirir. Bu baxımdan, həm qeyd olunan amil, həm də ölkədə kölgə iqtisadiyyatına qarşı həyata keçirilən məlum tədbirlər və həmçinin, vergi siyasətində tədbiq olunan bir sıra yeniliklər nəticəsində büdcəyə gözləniləndən daha tez və çox məbləğdə əlavə vəsaitlərin daxil olması səbəbi 2020-ci ildə sözügedən çoxşaxəli sosial paketin icrası üçün ümumiyyətlə, heç bir çətinlik ortaya çıxarmayacaq. Əksinə, artımları davam etdirmək üçün yeni imkanlar açılacaq.

Ümumiyyətlə, ölkədə əməkhaqları və gəlirlər artdıqca məcburi dövlət sosial, həmçinin, işsizlikdən sığorta haqları üzrə daxilolmaların həcmi də yüksəlir ki, bu da bilavasitə qeyri-neft sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisi üzrə cari ildən etibarən məlum güzəştin tətbiqi nəticəsində itirilən müvafiq vergi məbləğinin tam olaraq sosial sığorta və işsizlikdən sığorta haqları üzrə əlavə daxilolmalar hesabına kompensasiyasına yol açır”.

P.Heydərov vurğulayır ki, sosial maliyyələşdirməni həm üfüqi, həm də şaquli istiqamətdə genişləndirmək, artırılmaq məsələsi, dövlət büdcəsinə gəlirlərdə şəffaflıq yaratmaq və gizli gəlir mənbələrini aşkarlamaq, o cümlədən, mədaxilin ardıcıl templə yüksəlməsini təmin etməklə əlaqəli məsələdir: “Və sosial sahə, başqa sözlə desəm, əhalinin maddi rifahını fasiləsiz olaraq yaxşılaşdırmaq sağlam maliyyələşdirmə tələb etdiyindən, bu istiqamətdə sırf neft və qaz gəlirləri hesabına uzunmüddətli olaraq nəyəsə nail olmaq mümkün deyil.

Ölkə iqtisadiyyatının 2015-2016-cı illərdə məruz qaldığı şok təsirlərdən yaxa qurtarması və bərpasının növbəti ildə də davam edəcəyi əsasında isə sözsüz ki, yenə neft amili dayanacaq. Necə ki, 2017-ci ildən etibarən iqtisadiyyatımız şok təzyiq və zərbələrdən məhz neftin dünya bazar qiymətlərində yaranan sabitlik sayəsində qurtuldu. Neftin dünya bazar qiymətləri bu il üçün də Azərbaycanın dövlət büdcəsinin gəlirləri baxımından əlverişli oldu. Düzdür, ilin başa çatmasına hələ 3 aydan çox vaxt qalır. Lakin proseslər göstərir ki, ilin sonunadək də neftin dünya bazar qiymətləri səviyyəsi bizim üçün sərfəli qalmaqda davam edəcək”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm