İki Əli, bir dəlinin yeni birliyi “abort” edildi: masanın altındakı oyun
Bizi izləyin

Nida Təhlil

İki Əli, bir dəlinin yeni birliyi “abort” edildi: masanın altındakı oyun

“Gəlin hər şeyi öz adları ilə çağıraq: Azərbaycan cəmiyyətində kəskin mənfi imicə sahib olan Əli İnsanov və Pənah Hüseyn kimi odioz insanların iştirakı ilə Müsavat Partiyasının qərargahında keçirilən “dəyirmi masa” ciddi siyasi səhvdir və etirazçı elektoratın fəaliyyətinə, onun birləşməsinə mənfi təsir edəcək”.

Bunu Müsavat Partiyasının üzvü, hazırda ABŞ-da yaşayan Ramiz Yunus noyabrın 5-də Əli İnsanov, Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Pənah Hüseyn və Mehman Əliyevin iştirakı ilə keçirilən dəyirmi masa haqda deyib.

Müsavat başqanı Arif Hacılının çağırışından sonra adıçəkilən şəxslərin iştirakı ilə dəyirmi masa keçirildi və baş verənlər “müxalifətin yeni birliyi” olaraq təqdim olundu. Hərçənd, masada “birlik” haqda müzakirə aparılarkən, artıq bölünmə başlamışdı. Buna səbəb masa ətrafında kimlərin əyləşməsi, əsasən də müxalifətə “faşist”, “genetik xəstə” deyən keçmiş nazir Əli İnsanovun orada olması idi.

Bu formatda, xüsusilə Əli Kərimli ilə Əli İnsanovun olduğu yerdə birliyin olacağı haqda danışmaq absurd yanaşmadır. Çünki Əli Kərimli özünü “müxalifətin şəksiz lideri” hesab edir, onun Müsavat və digər siyasi partiyalarla yola getməməsinin səbəbi də budur. Əli İnsanovun avtoritar xarakteri Əli Kərimlinin çətiri altına girməyinə imkan vermir. Keçmiş nazirin həbsdən çıxandan sonra “bilmək olmaz, mən müxalifətə qoşulacam, yoxsa onlar mənə” mesajı da onun əvvəldən müxalifətin “xilaskarı” olmaq istədiyini göstərirdi. Əli Kərimli isə İnsanov da daxil olmaqla hər kəsin ona beyət etməsini istəyir. İsa Qəmbər də ayrılıqda özünü lider hesab edir və nə Kərimlinin, nə də İnsanovun bayrağı altında keçmək fikrində deyil.

Beləliklə, masa ətrafında toplaşanlarn hər biri öz oyununu oynayırlar. Dəyirmi masaya verilən reaksiyalar da artıq narazılığın və çatların yarandığını göstərir.

Ən sərt reaksiya Ramis Yunusdan gəldi. Əli İnsanovu və Pənah Hüseyni odioz adlandıran Yunus eyni çıxışı Sevinc Osmanqızının canlı efirində də davam etdirdi.

Əli İnsanovun dəyirmi masada – müxalifətin yeni “birliyində” iştirakına qarşı çıxan R.Yunus masada əyləşənlərin oyun oynadığını bəyan etdi.

Əli İnsanovu regionun nümayəndəsi və bir az pulu olduğu üçün dəvət etmisiniz?!” – R.Yunus qeyd edib.

Sosial şəbəkə istifadəçiləri də müxalifətin bu formatda toplanmasına ironik və sərt reaksiyalar veriblər.

Cəbhəçilərsə liderlərinin də iştirak etdiyi dəyirmi masanı Əli Kərimlinin “nüfuzu” üzərindən şərh etməsidir. AXCP-nin Yevlax şöbəsinin məclis sədri Mehman Kərimov bildirir ki, “Birlik istəyənlər Milli Şuraya gəlsin”. Digər cəbhəçilərsə Əli Kərimlinin nüfuzunun bütün birlik formatlarından üstün olduğunu vurğulayırlar.

Prosesin maraqlı tərəfi də Ramis Yunusun dəyirmi masaya münasibəti və AXCP üzvlərinin Əli Kərimlinin təbliğat kampaniyasına start verməsidir.

Əli Kərimli və Əli İnsanovun bir çatı altında “yaşamağa” razı olmayacağı məlumdur. Hərçənd, AXCP sədrinin dəyirmi masanın baş köşəsində yerini alması suallar doğurur.

1. O, özünü “şəksiz lider” hesab etsə də, müxalifətin cəhd etdiyi yeni “birlik” formatından kənarda qalmaq istəmir;
2. Yeni “birlik” xüsusilə yeni gəlir mənbəyidir və AXCP sədri də öz payını almaq niyyətindədir. Çünki Əli İnsanov keçmiş korrupsioner kimi maliyyə imkanlarına sahibdir və onun masaya dəvət edilməsinin başlıca səbəbi də budur. Masadan narazı olanlar da İnsanovun məhz puluna görə ora çağırıldığını qeyd edirlər.


Lakin dəyirmi masada yerini alan Əli Kərimli arxada öz oyununu da oynayır. Cəbhəçilərin sosial şəbəkələrdə apardığı kampaniya, o cümlədən, Ramiz Yunusun məhz Sevinc Osmanqızının kanalında efirə çıxaraq, dəyirmi masanı tənqid etməsi buna hesablanıb.

Mümkündür ki, AXCP sədri müxalifətin yeni “birliyinə” variantlardan biri kimi baxır, lakin bu “ittifaq” məhz onun liderliyi altında olmalıdır. Bu məqsədlə özü masada olmaqla yanaşı, həm də özünün təbliğatını təşkil edir. Müsavatın üzvü olsa da hazırda Əli Kərimlinin qızğın tərəfdarı kimi çıxış edən Ramis Yunusun yalnız AXCP sədrinin platformasına çevrilən və ona qarşı alternativ fikirlərə yer verilməyən Sevinc Osmanqızının kanalında çıxış etməsi təsadüfi deyildi.

Əli Kərimli bununla mümkün “birliyin” onun liderliyi altında toplanması üçün “sosial sifariş” hazırlayır.

R.Yunusun Osmanqızının kanalında çıxışı zamanı israrla “bu dəyirmi masanı Əli Kərimli özü təşkil etməli idi” sözlərini təkrarlaması da “sosial sifariş” planının tərkib hissəsi kimi görünür.

Əli Kərimli yaxşı başlamışdı, dəyirmi masanı da özü təşkil etməli idi. Reytinqi də yüksək idi. O masaya getməməli idi. Nə Əli İnsanovu, nə də Pənah Hüseyni dəvət etməməli idi”, - R.Yunus çağırış edir.

Bu çağırışlar və sosial şəbəkələrdə AXCP şəbəkəsinin təbliğatı Əli Kərimliyə masada “insanlar Əli İnsanovla birliyə qarşıdır, yalnız mənim liderliyim altında ittifaq qurularsa, konsensus əldə etmək mümkündür” tezisini irəli sürmək imkanı verir.

Göründüyü kimi, eyni masada əyləşib “xalq üçün çalışırıq” deyənlərin əsl dərdi fərdi eqoları və şəxsi ambisiyalarıdır. Bu, müxalifətin yeni “birliyinin” doğulmadan “abort” edildiyinin sübutudur.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm