Nida Təhlil
“Qoymayın, bizi öldürürlər” - “Siyasi mühacir” cinayətindən qaçmaq üçün YENİ TAKTİKA
Uzun düşmənçilikdən sonra AXCP və Müsavat “mehribanlaşır” və yeni taktika üzrə birgə hərəkət edirlər. Onları birləşdirən məsələ, daha doğrusu “dərdlər” nədən ibarətdir? Avropada müxalifətin “siyasi mühacir” biznesinin ifşa edilməsi fonunda bu sual aktuallaşır.
Noyabrın 14-də Almaniya federal polisinin keçirdiyi əməliyyat nəticəsində Azərbaycan müxalifətinin “siyasi mühacir” biznesi rəsmi şəkildə ortaya çıxdı. Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzinin (AKM) rəhbəri İlham Həsən və müavini Mehdi Xəlilbəyli Azərbaycandan Almaniyaya qanunsuz yollarla miqrant aparmaqda və qarşılığında yüz minlərlə avro pul qazanmaqda ittiham olunurlar. Müsavat rəhbərliyi bu faktları təkzib etməyə çalışsa da, elə partiyanın ölkədə və Avropadakı üzvləri saxta arayışlarla bağlı yeni sənədləri sosial şəbəkələrdə paylaşır, rəhbərliyin gizlətməyə çalışdığı saxtakarlığı ifşa edirlər.
Alman polisinin məlum əməliyyatından və sonrakı günlərdə ortaya yeni faktların çıxmasından sonra müxalifət düşərgəsində proseslərin inkişafı, daha doğrusu ictimai rəyin yönləndirilməsi cəhdi diqqət çəkir.
Avropada Azərbaycan müxalifətinin “siyasi mühacir” biznesi ifşa ediləndən sonra bu işdə iştirakı sübut olunan Müsavat Partiyası ilk günlər təkzibetmə xəttini tutdu. Faktların qarşısında duruş gətirməyin çətin olduğunu görən kimi diqqəti başqa istiqamətlərə, xüsusilə hakimiyyətə qarşı yönəltməyə başladılar. Buna paralel olaraq, dünyadakı hadisələrdən – ABŞ-dan tutmuş Çinə qədər – bəhs edir, özlərini heç nə olmamış kimi aparırlar.
“Siyasi mühacir” biznesi ifşa ediləndən cəmi bir həftə sonra – noyabrın 21-də isə “Repressiya və İşgəncələr Əleyhinə Komitə” adı ilə yaratdıqları təşkilatın təcili toplantısını keçirdilər.
1. Toplantı Müsavat Partiyasının qərargahında keçirildi;
2. Toplantıda mövzu “hakimiyyətin repressiyaları və işgəncələri” iddiası idi;
3. AXCP sədri Əli Kərimli Müsvatın qərargahına gələrək, ölkədə “repressiyaların sürətləndiyi” iddiası üzərinə nitq söylədi;
Toplantının bu üç məqamı məqsədin mahiyyətini ortaya çıxarır: Avropaya “Azərbaycanda repressiyalar davam edir” mesajını ötürmək və Almaniya hüquq-mühafizə orqanlarının “siyasi mühacir” biznesi ilə bağlı apardığı istintaqın gedişində hədəf taxtasına çıxacaqları təqdirdə “arqumentlər” hazırlamaq, eləcə də mühacir alverində yeni adların və siyasi partiyaların ortaya çıxacağı gözləntisinə qarşı öncədən hazırlanmaq.
“Ölkədə repressiyalar davam edir” iddiasının Müsavatın qərargahında müzakirə edilməsi partiya rəhbərliyinin – başqan Arif Hacılı və mühacir alverini həyata keçirən komandasının məsuliyyətə cəlb edilməsi ehtimalından qaynaqlanır. Çünki Almaniyada həyata keçirilən istintaqın gedişi “siyasi mühacir” şəbəkəsinin Azərbaycan qanadına doğru gəlməkdədir.
İstintaqı aparan Koblenz prokuroru Torsten Kahl bildirib ki, “saxlanılanlar əcnəbilərin ticarəti və qrup qaçaqmalçılığında, sənədlərin saxtalaşdırılması və çirkli pulların yuyulmasında ittiham olunurlar”.
Bu, mütəşəkkil cinayətkarlıq deməkdir və adətən belə cinayətlərlə bağlı istintaq şəbəkənin digər üzvlərinin də ortaya çıxarılmasına qədər davam etdirilir. Faktlar göstərir ki, şəbəkənin digər üzvləri Müsavat Partiyasının rəhbərliyinə qədər gəlib çıxacaq.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mediaya açıqlamasında bildirib ki, bu işdə cinayətə əli bulaşan insanlar layiqli cəzalarını alacaqlar.
“Çoxdan bilirdik ki, bəzi müxalif partiyalar, o cümlədən onların müxtəlif nümayəndələri bu işlə məşğuldur. Biz bunu dəfələrlə bəyan edirdik və sübut etməyə çalışırdıq. Ancaq təəssüflər olsun ki, müxalifət partiyaları bunu etiraf etmirdi ki, nəyə görə bu insanları başqa adlarla, uydurma arayışlar hazırlamaqla xarici ölkələrə göndərirdilər? Onların orada yaşadığı həyat tərzini, qaçqın kamplarında yaradılan şəraiti də bilirdik. Azərbaycan dövlətinin dəyərli vətəndaşı olmaq hissi onlar üçün yaradılmış komfort şəraitlə əvəz oluna bilməzdi. Ona görə də, biz əvvəlcədən bunun əleyhinə idik. Azərbaycan dövləti geri qayıdanların yerləşdirilməsi, onların işlə təmin olunması, yenidən ölkəmizin layiqli vətəndaşına çevrilməsi üçün əlindən gələn hər bir şeyi edir və bundan sonra da edəcək. Düşünürəm ki, bu yola düşənlər, xüsusən də Azərbaycan vətəndaşlarının xarici ölkələrə saxta yollarla aparılmasında iştirak edən insanlar da özlərinin layiqli cəzasını alacaqlar. Bundan sonra Azərbaycan vətəndaşları dövlətçilik ətrafında sıx birləşəcəklər... Cinayət törətmiş qrup və ya insanlara gəlincə, onlarla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Nəinki bizim, o cümlədən, Almaniya, Fransanın da hüquq-mühafizə orqanları araşdırma aparır. Bu işdə cinayətə əli bulaşan insanlar da layiqli cəzalarını alacaqlar” – Prezidentin köməkçisi vurğulayıb.
Bu o deməkdir ki, mütəşəkkil cinayətkarlıq hesab olunan “siyasi mühacir” biznesinin ifşa olunması və cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsi istiqamətində Azərbaycanda da araşdırma aparılır. Prosesin sonrakı inkişafında Avropa ölkələrinin müvafiq orqanlarının Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlığı da istisna deyil.
Bu acı perspektivi görən Müsavat və AXCP öncədən “bizi öldürürlər” görüntüsü yaratmaq, Azərbaycan hakimiyyətini “insan haqları və azadlıqları” pozduğunu Avropaya sübut etmək üçün dəridən-qabıqdan çıxır. “Repressiya və İşgəncələr Əleyhinə Komitə” adlı təşkilatın son toplantısı və hakimiyyətin ünvanına səslənən ittihamlar məhz buna hesablanıb.
Və burada ən diqqətçəkən məqam AXCP sədri Əli Kərimlinin Müsavatla “mehribanlaşması”, “qoymayın, bizi öldürdülər” tipli kampaniyaların əsas təşkilatçılarından olmasıdır.
Əli Kərimli Müsavatın “siyasi mühacir” biznesində iştirakı ortaya çıxandan indiyə qədər bu məsələ ilə bağlı heç bir münasibət bildirməyib. Halbuki, bu məsələ onun üçün “müxalifətin əsas lideri” kampaniyasında əsas rəqibini sıradan çıxarmaqda ələdüşməz fürsət idi və belə bir imkandan istifadə etməməsi şübhələrə yol açır. Əksinə, AXCP sədri alman polisinin əməliyyatından sonra müxtəlif mövzularda hakimiyyətə qarşı ittihamlarını intensivləşdirib. Bu mövqeyinin ardınca onun Müsavatın qərargahına gələrək, “həmrəylik” nümayiş etdirməsi özünü də bu taleyin gözlədiyindən qaynaqlanır.
Avropada yaşayan Nahid Cəfərov yazır ki, tezliklə növbə AXCP-nin “siyasi mühacir” biznesinə çatacaq.
“Əziz bəzi cəbhəçilər, bu gündən sizin üçün də var. Birlikdə AND deyilən təşkilat yaratdığınız Fikrət Hüseynli və vitrinə qoyduğunuz Türkel Azərtürkün əməllərini nə tez unutdunuz?! Sizlə bağlı da işlər gedir, buna əmin ola bilərsiniz. Getdikcə həm çəbhəçilərə, həm də hər kəsə aydın olacaq ki, xalq niyə sizlərə və sizin simanızda bütün müxalifətə nifrət edir”, - o qeyd edir
Türkel Azərtürkün Əli Kərimlinin adından “siyasi mühacir” biznesi ilə məşğul olduğunu sübut edən səs yazısı var.
AXCP-nin mühacir alverini həyata keçirən AND təşkilatının fəaliyyət göstərdiyi Fransada da artıq bu istiqamətdə araşdırmalar başlayıb. Bu təşkilatın həmsədrləri Qənimət Zahid və Arif Məmmədovdur. Bu şəxslərin məlum şəbəkənin üzvləri olduğu deyilir.
Arif Hacılı və komandasının “siyasi mühacir” biznesini ifşa edən, Almaniyada yaşayan Müsavat üzvü Yafəz Əkrəmoğlu isə yazır ki, “Almaniyada müsavatçı mühacir alverçiləriləri bandasına qarşı açılan cinayət işi, həmçinin həbslər Avropa üzrə genişlənəcək. Çünki bu banda bütün Avropa ölkələrinə yayılıb. Sırada Hollandiya və İsveçdəki banda üzvləridir. Bandanın Avropa üzrə başçısı Hollandiyada yaşayır”.
AXCP-nin mühacir alverini Hollandiyada Fikrət Hüseynli, İsveçdə isə Əli Kərimlinin bacanağı Rauf Hüseynovun həyata keçirdiyinə dair məlumatlar var. 2016-cı ildə Azərbaycan Respublikasının Baş prokurorluğunda Avropa ölkələrinə qanunsuz miqrasiyasının təşkili və rəsmi sənədlərin saxtalaşdırılması ilə bağlı açılan cinayət işində Hollandiyada yaşayan Fikrət Hüseynli və İsveçdə yaşayan Rauf Hüseynovun da adı var. Onlar haqqında beynəlxalq axtarış qərarı çıxarılıb. Bununla yanaşı, Hollandiyada yaşayan Leyla və Arif Yunusların “siyasi mühacir” biznesində piramidanın təpəsindəki şəxslər olduğuna dair şübhələr də mövcuddur.
Y.Əkrəmoğlunun “Bandanın Avropa üzrə başçısı Hollandiyada yaşayır” sözləri də bu şübhələri artırır.
Beləliklə, “siyasi mühacir” biznesində Avropadan Bakıya qədər uzanan şəbəkə bir-bir ortaya çıxaqdadır. İfşa davam etdikcə müxalifətin daha da radikallaşacağı, “qoymayın, bizi öldürürlər” iddialarının intensivləşəcəyi, hakimiyyətin “repressiyaları” haqda uydurmalarının artacağı, hətta yaxın dövrdə AXCP-Müsavat ittifaqının yeni mitinq təyin edəcəyi istisna deyil. Yunusların erməni lobbisini Azərbaycana qarşı hərəkətə keçirəcəyi də gözləniləndir. Hədəf özlərini Qərbə “zülmə məruz qalanlar” obrazında göstərmək və “əcnəbilərin ticarəti və qrup qaçaqmalçılığı, sənədlərin saxtalaşdırılması və çirkli pulların yuyulması” cinayətlərini ört-basdır etməkdir.
Asif Nərimanlı
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi