İrandan Azərbaycana qarşı təxribat, Türkiyəyə xəbərdarlıq: Müttəfiqliyə zərər vurula bilər
Bizi izləyin

Nida Təhlil

İrandan Azərbaycana qarşı təxribat, Türkiyəyə xəbərdarlıq: Müttəfiqliyə zərər vurula bilər

İrandan Azərbaycana qarşı təxribat, Türkiyəyə xəbərdarlıq: Müttəfiqliyə zərər vurula bilər

İranın mühafizəkar dairələri Azərbaycana qarşı dezinformasiya yaymaq siyasətini davam etdirir. Bu dəfə də Azərbaycan hökumətinin qərarı ətrafında yanlış məlumatlar yayılaraq ölkədə qarışıqlıq yaratmağa cəhd göstərilir. Eyni zamanda, Türkiyədə bəzi dairələrin Azərbaycanda baş verən hadisələrlə bağlı mövqe sərgiləməsi və ölkəmizin daxili işlərinə müdaxilə etməyə çalışması narahatlıq doğurur. Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi ilə təsdiqlənmiş strateji müttəfiqlik münasibətləri mövcuddur və rəsmi Bakı İkinci Qarabağ müharibəsində qardaş ölkənin dəstəyini unutmur. Bununla belə, iki dövlətin qarşılıqlı münasibətlərində bir-birinin daxili işlərinə hörmət prinsipi qorunmalıdır.

Bu fikirləri Publika.az-a politoloq Elxan Şahinoğlu bildirib.

Politoloqun sözlərinə görə, İranın mühafizəkar dairələrinin Azərbaycana qarşı siyasətində dəyişiklik yoxdur. Onlar müxtəlif vaxtlarda ölkəmiz əleyhinə dezinformasiyalar yayır, son qərarla bağlı məlumatları da təhrif edərək Azərbaycanda qarışıqlıq yaratmağa çalışırlar.

Elxan Şahinoğlu qeyd etdi ki, Türkiyə ilə Azərbaycan qardaş və müttəfiq dövlətlərdir, lakin bu münasibətlər qarşılıqlı hörmətə əsaslanmalıdır. Azərbaycanın Türkiyənin daxili işlərinə qarışmadığını vurğulayan politoloq bildirdi ki, Ankara da Azərbaycanın daxili qərarlarına hörmətlə yanaşmalıdır.

Onun fikrincə, Türkiyədə Azərbaycan konsulluğunun qarşısında keçirilən təxribatçı etirazlar arzuolunmaz vəziyyət yarada və bundan müəyyən qüvvələr öz məqsədləri üçün istifadə edə bilərlər.

Politoloq vurğuladı ki, Türkiyədə Azərbaycanla əlaqələrin inkişafını dəstəkləyən sağlam siyasi qüvvələr və partiya liderləri də var. Bununla yanaşı, bəzi siyasətçilərin Azərbaycanda baş verən daxili proseslərə müdaxilə etməyə çalışması yolverilməzdir.

Elxan Şahinoğlu əlavə etdi ki, hər hansı sual və narazılıq varsa, bunları diplomatik kanallar vasitəsilə araşdırmaq və müzakirə etmək mümkündür. Azərbaycanda müvafiq qərar qəbul edilib və vətəndaşlar həmin qərara riayət etməlidirlər. Fikir ayrılıqları isə ölkə daxilində müzakirə oluna bilər.

Politoloqun qənaətinə görə, xarici qüvvələrin, o cümlədən Türkiyədəki bəzi dairələrin bu məsələdən öz məqsədləri üçün istifadə etməsi Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə zərər vura bilər.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm