Bu addım əhalinin sosial rifahının yaxşılaşmasına böyük töhfəsini verəcək - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Bu addım əhalinin sosial rifahının yaxşılaşmasına böyük töhfəsini verəcək - ŞƏRH

"Pandemiya dövründə əhali qrupu üzrə elektrik enerjisindən istifadənin artmasına baxmayaraq, vətəndaşların fasiləsiz enerji ilə təminatı çox əhəmiyyətlidir. Bu həm də ölkənin enerji təhlükəsizliyinin və iqtisadi dayanıqlılığın əsas göstəricilərindən biri kimi də qəbul edilə bilər".

Bunu Publika.az-a açıqlamasında energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə deyib.

Ekspert bildirib ki, əhali qrupu üzrə elektrik enerjisindən güzəştli istifadə limitinin aylıq 100 kilovatsaat artırılması əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından təqdirəlayiq addımdır: "Bildiyiniz kimi bu gün yeni növ koronavirus pandemiyası səbəbi ilə dünya əhalisinin 2/3-i özünütəcrid şəraitində yaşayır. Bir çox ölkələrdə təxirəsalınmaz xidmət və istehsalat müəssisələri xaric bütün ictimai iaşə və ticarət obyektlərinin fəaliyyəti dayandırılıb. İnsanlar işlərini evdən davam etdirir, iclaslar, təlimlər onlayn rejimdə keçirilir. Məktəb və universitetlərdə təhsil sistemi distant şəkildə davam edir. İnsanlar alış-verişlərini internet üzərindən həyata keçirməyə çalışır. Bütün bunlar öz növbəsində qlobal miqyasda elektrik enerjisi sərfiyyatının (əhali qrupu üzrə) kəskin şəkildə artmasına səbəb olur. Artıq pandemiya dövründə elektrik enerjisi təminatının ölkə iqtisadiyyatlarının dayanıqlılığı baxımından nə qədər əhəmiyyətli olduğuna bir daha şahid oluruq. Hətta bəzi ölkələrdə elektrik enerjisi təminatında vaxtaşırı olaraq problemlərin yaşandığı müşahidə edilir.

Azərbaycan da qlobal sistemin bir parçasıdır. Beynəlxalq müstəvidə baş verən problemlər təbii ki, bizdən də yan keçmir. Ancaq Azərbaycan ilk gündən pandemiyaya qarşı həyata keçirdiyi sürətli və qabaqlayıcı tədbirlər nəticəsində yeni tip koronavirusla mübarizədə dünyanın bir çox inkişaf etmiş ölkələrini üstələyə bildi. Mərhələli olaraq həyata keçirilən tədbirlər planı çərçivəsində ölkədə 5 aprel tarixindən etibarən xüsusi karantin rejimi elan edilib. Bu səbəbdən əhalinin böyük əksəriyyəti özünütəcrid şəraitində yaşayır və fəaliyyətini evdən davam etdirir. Belə olan halda təbii ki, əhali qrupu üzrə elektrik enerjisi sərfiyyatı artır.

Azərbaycan bu gün nəinki özünü elektrik enerjisi ilə təmin edir, hətta izafi enerji həcmlərini xarici ölkələrə ixrac edir.

Əhali qrupu üzrə elektrik enerjisindən güzəştli istifadə limitinin artırılması sayəsində aprel və may ayları ərzində istehlak ediləcək əlavə 100 kilovatsaat güzəştli enerjinin 36,4%-i məhz dövlət tərəfindən subsidiya ediləcək. Bu addım sosialyönümlü dövlət strategiyasının əsas tərkib hissələrindən biridir və əhalinin sosial rifahının yaxşılaşmasına öz töhfəsini verəcək".

Emin Axundzadə qeyd edib ki, son 10 ildə Azərbaycanda elektrik enerjisinin istehsalı 38,2% artaraq 18,9 milyard kilovatsaatdan 26,1 milyard kilovatsaata yüksəlib: "2019-cu il ərzində elektrik enerjisinin ixracı 1,49 mlrd kilovatsaat olub ki, bu da əvvəlki ilin müvafiq dövründən 3,2% çoxdur. Elektrik enerjisi istehsalının artımına təkan verən əsas amil təbii qaz hasilatının ölkə üzrə sürətli artım dinamikasıdır. Belə ki, 2019-cu ildə ölkə üzrə təbii qaz hasilatı 17% artaraq 35,6 milyard m3-ə çatıb. Artım tempinin bu il ən az 10% təşkil edəcəyi proqnozlaşdırılır. Artıq bu artım dinamikası cari ilin birinci rübündə də müşahidə edilib. Yəni cari ilin ilk rübündə ölkə üzrə təbii qaz hasilatı 10%, SOCAR üzrə isə 16,2% artıb. Bu tendensiyanın gələcəkdə də davam edəcəyi gözlənilir. Çünki "Şahdəniz" yatağının istehsal həcmi ildən-ilə artır.

Məsələn, ötən il sözügedən yataqdan 16,8 milyard m3 qaz hasil edilmişdisə, bu il bu göstəricinin 19 milyard m3-ə çatacağı gözlənilir. "Ümid" yatağının istehsal həcminin bu il 12% artacağı proqnozlaşdırılır. Gələn il isə "Abşeron" yatağının istismara başlayacağı və ilkin olaraq ildə 1,5 milyard m3 həcmində, daha sonra isə mərhələli olaraq 5 milyard m3 həcmində qaz hasil ediləcəyi gözlənilir. Mövcud qaz yataqları ilə yanaşı "Şəfəq-Asiman", "Əşrəfi-Dan Ulduzu-Aypara", "Zəfər-Məşəl" kimi perspektiv strukturları da nəzərə aldıqda, təbii qaz hasilatının gələcəkdə də artan xətt üzrə davam edəcəyini proqnozlaşdıra bilərik".

Ekspert vurğulayıb ki, elektrik enerjisinin istehsalında alternativ enerji mənbələrinin payının artırılması hazırda ölkədə əsas prioritet hədəf kimi götürülüb: "Çünki Azərbaycan alternativ enerji baxımından zəngin potensiala malikdir. Belə ki, ölkədə günəşli günlər il ərzində 2500-3200 saat arasında dəyişir ki, bu göstərici enerjinin istehsalı üçün yüksək səciyyələndirilə bilər. Eyni zamanda Abşeron yarımadası iri həcmdə külək enerjisi potensialına malikdir və burada küləyin orta illik sürəti 8,6 m/san təşkil edir. Hesablamalara görə, Azərbaycanın külək enerjisi potensialı ilə ildə 2,4 milyard kVt/saat elektrik enerjisi istehsal etmək mümkündür ki, bu da ölkənin ümumi elektrik enerjisi istehlakının 10%-ə bərabərdir. Kənd təsərrüfatı sənayesinin inkişafı da biokütlə enerjisinin istehsalı üçün geniş fürsətlər ortaya çıxarır.

Son 5 ildə atılan addımlar nəticəsində alternativ enerji mənbələrinin istehsalında kəskin artım müşahidə edilir. Məsələn, son 5 ildə Azərbaycanda külək enerjisinin istehsal həcmi 46 dəfə, Günəş Elektrik Stansiyalarının istehsal həcmi isə 15 dəfə artıb. Ancaq buna baxmayaraq, hazırda Azərbaycanda elektrik enerjisinin 8%-i alternativ enerji mənbələrindən əldə edilir və bu rəqəmin 2030-cu ildə 30%-ə çatdırılması hədəflənir. Alternativ enerji mənbələrinin inkişafı əsasən iki istiqamətdə ölkə iqtisadiyyatı üçün əhəmiyyətli olacaq. Əvvəlcə enerji təhlükəsizliyi baxımından ilkin enerji istehlakının şaxələndirilməsi vacibdir. Bu öz növbəsində ilkin enerji istehlakında fosil enerji mənbələrindən asılılığı azaldaraq enerji təhlükəsizliyini gücləndirəcək. Eyni zamanda bu gün elektrik enerjisinin istehsalında dünyada olduğu kimi Azərbaycanda da əsasən təbii qazdan istifadə edilir. Alternativ enerji istehsalının artırılması ilə daxildə təbii qazın sərfiyyatı azaldıla bilər. Qənaət edilən təbii qaz isə həm sənayedə xammal kimi istifadə edilərək əlavə dəyər yaradıla bilər, həm də ixrac edilərək ölkəyə əlavə valyuta qazandırıla bilər. Əlavə valyuta ehtiyatlarının qazandırılması isə öz növbəsində ölkənin xarici ticarət saldosuna müsbət təsir göstərəcək".

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm