Başlıca vəzifə ölkədə makroiqtisadi və maliyyə sabitliyini qorumaqdır - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Başlıca vəzifə ölkədə makroiqtisadi və maliyyə sabitliyini qorumaqdır - ŞƏRH

"Kölgə iqtisadiyyatına qarşı son illərdə görülən tədbirlər ölkənin əmək balansının şəffaflığını artırıb, əmək müqavilələrinin bağlanması üçün möhkəm baza yaradıb".

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı alim, iqtisad üzrə elmlər doktoru, pro­­­­­fessor, AMEA-nın həqiqi üzvü, akademik Ziyad Sə­­mədzadə deyib.

İqtisadçı alim bildirib ki, koronavirus pandemiyası dünya iqtisadiyyatına çətin günlər yaşatdığı bir vaxtda Azərbaycan hökuməti sistemli tədbirlər həyata keçirir: "İqtisadi potensialın zəifləməsi, ÜDM-in azalma meylləri güclənir və bu proses bütün ölkələri əhatə edir. Azərbaycan hökuməti koronavirus pandemiyasının iqtisadiyyata təsirinin minimuma endirilməsi üçün kompleks tədbirlər müəyyən edib və onların həyata keçirilməsi dövlət başçısı tərəfindən ciddi nəzarətə götürülüb. Prezidentin tapşırığına əsasən, ölkənin strateji resursu hesab edilən sahibkarlığa dəstək artır, kiçik və orta biznesə güzəştli, girovsuz kreditlər verilir.

İlin əvvəlindən bank sektoruna 630 min manat həcmində kredit verilib. Ölkənin ərzaq ehtiyatlarını artırmaq, lazımi səviyyədə saxlamaq üçün tədbirlər görülür. Banklar tərəfindən yeni verilən biznes kreditlərinin 60 faizinə dövlət tərəfindən zəmanət veriləcək və onların həcminin yarısı dövlət büdcəsi hesabına ödəniləcək. Müddəti 3 ilədək olmaqla kreditlərin illik dərəcəsi 15 %-i ötməməlidir.

Ölkə başçısı dəfələrlə bəyan edib ki, əlverişli demoqrafik şəraitə malik olan respublikada yeni iş yerlərinin yaradılması bizim iqtisadi, sosial siyasətimizin ən prioritet istiqamətlərindən biridir. Son 20 ildə işsizliyin səviyyəsi dəfələrlə aşağı düşüb və hazırda 4.5-5 % arasındadır. Qanunla müəyyən edilib ki, işi və qazancı olmayan, işə başlamağa hazır olub müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan, əmək qabiliyyəti yaşında olan əmək qabiliyyətli şəxs işsiz sayılır. Bu baxımdan ölkədə işsizlərin sayı müəyyən edilir. Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə beynəlxalq təcrübədə özünü doğruldan metodologiyadan istifadə edilərək əmək statistikası barədə kifayət qədər məlumat bazası yaradılıb və onun əlçatanlığı təmin edilib.

70 min yeni əmək müqaviləsinin bağlanması bir daha sübut edir ki, kölgə iqtisadiyyatında calışan insanların sayının azalması imkanları böyükdür. Ölkə Prezidenti cənab İlham Əliyev bu günlərdə İqtisadiyyat, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri ilə videobağlantı şəklində keçirdiyi iclasda da kölgə iqtisadiyyatı məsələsinə toxunaraq bunları qeyd etdi: “Ümid edirəm ki, bu ağır vəziyyətdən sonra hələ də kölgə iqtisadiyyatında çalışan insanlar dərk edəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır. Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun…”.

Bu gün əsas və ən vacib məsələ iş yerlərinin qorunub saxlanması, ixtisar olunmaması, sosial yardımın vaxtında bank hesabları vasitəsi ilə ehtiyacı olan insanlara çatdırılmasıdır. Ölkə Prezidenti də son illərdə bütün çıxışlarında, nitqlərində bu yöndə çağırışlarını səsləndirir, göstəriş və tapşırıqlarını verir".

Professor qeyd edib ki, pandemiya şəraitində özünəməşğulluq forması da diqqət mərkəzində saxlanılır: "Dövlət başçısının özünəməşğulluqla çalışanların sayının 90 min nəfərə çatdırılması barədə hökumətə tapşırığı kifayət qədər böyük əhəmiyyət kəsb edir. Pandemiya dövründə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar da diqqət mərkəzində saxlanılır. Ötən ilin müvafiq dövrünə nisbətən fərdi sahibkarların sayı 65 min nəfər artaraq 930 minə çatıb".

Z.Səmədzadə vergi güzəştlərindən də söz açıb: "Vergi Məcəlləsində bu yaxınlarda qüvvəyə minəcək güzəştləri də qeyd etmək istərdim. 2021-ci il yanvarın 1-nə qədər olan dövr üzrə əmlak və torpaq vergiləri istiqamətində tam məbləğdə vergi güzəştlərinin verilməsi, əldə edilən mənfəətin, gəlirin 75% miqdarında vergi güzəşti kimi, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan vergi dərəcələrinin 50%, ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə, ümumiyyətlə, sadə vergi məbləğinə 50% güzəştin verilməsi. 2021-ci il yanvarın 1-nə qədər olan dövr üzrə bütün sahibkarlıq subyektləri üçün vergi güzəştləri nəzərdə tutulub.

Həmçinin epidemiyanın qarşısının alınması, əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyiciləri tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilən xərclərin gəlirlərdən çıxarılması, əhalinin bir sıra ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının əlavə dəyər vergisindən müddətli azad edilməsi nəzərdə tutulub.

Bütün bunlar pandemiya dövrü üçün əhalinin sağlamlığının qorunması, iqtisadi fəallığın davam etdirilməsi baxımından sanballı, maliyyə tutumlu tədbirlərdir. İndi ən başlıca vəzifə ölkədə makroiqtisadi və maliyyə sabitliyini qorumaq, dövlət başçısının müəyyən etdiyi tədbirləri həyata keçirmək, baş verə biləcək iqtisadi prosesləri izləmək, onları düzgün qiymətləndirməkdir".

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm