Bakı erməni diasporunu Kiyev küçələrindən təmizləyir - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Bakı erməni diasporunu Kiyev küçələrindən təmizləyir - TƏHLİL

24 apreldə beynəlxalq ictimaiyyət qondarma “erməni soyqırımı” məsələsində erməniləri yenidən məyus etdi. Bu kontekstdə Ukraynanın mövqeyi xüsusilə diqqət çəkir. Rəsmi Kiyevin uydurma iddiaları kənara tullaması İrəvanda təşviş dolu qəzəb yaradıb. Artıq Ukrayna erməni diasporunun güclü olduğu ölkə deyil və bu reallıq fonunda Ermənistan KİV-i Zelenski hökumətinin üzərinə hücuma keçib. Belə demək mümkünsə, Bakı Kiyev küçələrində erməni diasporu/lobbisini dalana sıxışdırıb və rəsmi açıqlamada qondarma soyqırımın tanınmamasının Türkiyə ilə strateji tərəfdaşlıqdan qaynaqlandığı deyilsə də, nəticənin arxasında Azərbaycan liderinin strateji addımları boylanır.

Qondarma “erməni soyqırımı” məsələsi Ukraynada ötən ay gündəmə gəldi. Hakim “Xalqın xidmətçisi” partiyasının deputatı, Ali Radanın Ukrayna-Ermənistan dostluq qrupunun sədr müavini Darya Volodina qanunverici orqana “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsi təqdim etdi, lakin layihə geri qaytarıldı. Martın 26-da isə Ukrayna Xarici İşlər nazirinin müavini Vasiliy Bodnar vəzifəli şəxslərə məktub ünvanlayaraq, “erməni soyqırımı” ifadəsini işlətməkdən imtina etməyə dəvət etdi. Bodnar məktubunda qeyd edirdi ki, Ukrayna rəsmi şəkildə bu qondarma soyqırımı tanımır.

Ermənistan Rusiyanın nüfuz dairəsindədir və beynəlxalq təşkilatlarda Ukrayna üçün əhəmiyyətli qətnamələrin əleyhinə səs verir. “Erməni soyqırımı” məsələsi Ukraynanın strateji tərəfdaşı olan Türkiyə üçün həssas mövzudur və bu məsələni yalnız tarixçilər həll etməlidir”, - nazir müavini yazırdı.

Bundan sonra Ermənistanda “Ukraynaya ölüm” şüarları tipli çağırışlar eşidilməyə başlandı. Artik şəhərinin iqtisadi inkişaf üzrə vitse-meri Boris Avakyan “Krımı Rusiyanın suveren ərazisi kimi tanıyaq” çağırışı etdi və bunun üçün parlamentin xarici əlaqələr üzrə daimi komissiyasına, eləcə də xarici işlər naziri Zoqrab Mnatsakanyana müraciət ünvanladı.

Rusiyada erməni diasporunun fəalı kimi tanınan Marqarita Simonyan isə Tvitterdə yazdı: “Odessanı da alaq! Tarixi perspektivdə hər şey realdır, 7 il öncə heç kim Krıma da inanmırdı”. Bu, ermənilərin digər ölkələrin ərazi iddiaları xəstəliyinin davamıdır, amma bu dəfə onlar başqasının – Rusiyanın əli ilə buna nail olmaq istəyir və beləliklə, rəsmi Kiyevi cəzalandırmağı düşünürlər.

Ermənistan mediası isə Ukraynanı Azərbaycan mövqelərini müdafiə etməkdə, pantürkçülükdə ittiham edir. Bu, onlar üçün bədbəxtlik, Azərbaycan və Türkiyə üçün strateji qələbədir. Və qondarma erməni məsələsində sərgilədiyi mövqedə Ankara ilə münasibətlər nə qədər rol oynasa da, bir o qədər də Bakının Ukraynada erməni diasporu/lobbisinin mövqelərini sıradan çıxarmaq istiqamətində atdığı addımlar da həlledici faktordur. Aprelin 23-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun ukraynalı həmkarı Dmitro Kuleba ilə telefon danışığı təsadüfi deyildi.

Bakının Kiyev küçələrindən erməni diasporu/lobbisini dalana sıxışdırması prosesi son iki ildə xüsusilə hiss olunur. Ukraynada erməni diasporunun mövqeləri heç də zəif olmayıb və onlar tədricən lobbi şəbəkəsini qura bilmişdilər: pul, investisiya, biznes əlaqələri və s. Bunlarla yanaşı, 2014-cü ilin Maydan hadisələrində daha çox güclənə bildilər.

Yunakoviçin devrildiyi günlər Maydanda müxtəlif millətlərdən olan qruplar ayrı-ayrılıqda üsyan bayrağını qaldırmışdı və sonda bu qruplar keçid dövründə “əməklərinin qarşılığı olaraq”, yeni hökumətdə postlar tuta bildilər. Onların arasında xüsusi fəallığı ilə seçilən ermənilər idi. Hətta bu perspektivi görən Azərbaycan dövlətinin Maydanın içində ermənilərin mövqelərini zəiflətmək üçün müxtəlif manevrlər etdiyi, buna nail olduğu haqda məlumatlar dar çevrələrə məlumdur. Ermənilər Maydanda aktiv iştiraklarına görə Poroşenko hökumətində iki nazir postunu – daxili işlər naziri Arsen Avakov və infrastruktur naziri Vladimir Omelyan – belə tuta bildilər. Və bu postların birinin güc, digərinin pullu olması da ermənilərin əlini gücləndirdi. Buna paralel olaraq, Maydandan sonra erməni biznesmenlərin Ukraynadakı aktivliyi də xüsusi hiss olunurdu. Maydanda erməni gücünü tam sıradan çıxara bilməyən Azərbaycan uzunmüddətli strategiya yolunu tutdu: iki ölkə arasındakı əlaqələrin inkişafı, investisiyaların yatırılması, Ukraynanın enerji də daxil olmaqla müxtəlif sektorlarında bazara hakim olmaq, uzun müddət bu ölkədə yaşayan nüfuzlu azərbaycanlıların önə çəkilməsi və s.

Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun həllində eyni taleyi yaşayan ölkənin qarşılıqlı dəstəyini almaq, Ukraynada yaşayan Azərbaycan icmasının mövqelərini gücləndirmək, xarici ticarətdə böyük bazar əldə etməklə yanaşı, Qərbin Şərqə doğru uzanan strategiyasında əsas qapılardan biri olmaq baxımından da Ukraynanın əhəmiyyəti böyükdür və Azərbaycan dövləti bu coğrafiyanın strateji əhəmiyyətini yaxşı anlayır.

2018-ci ilin sonlarında Ukraynada güc balansının tədricən Azərbaycanın xeyrinə dəyişməyə başlaması Prezident İlham Əliyevin strategiyasının bəhrəsi idi. Ukrayna bazarında qazandığımız əhəmiyyətli qələbələrdən biri həm də bu ölkədəki erməni diasporuna ciddi zərbənin vurulması ilə nəticələndi.

Sarkisovların sıradan çıxarılması: 2018-ci ilin sentyabrında Ukrayna Daxili İşlər Nazirliyi “RESO – Zəmanət” sığorta şirkətinin rəhbəri olan erməni əsilli Sergey və Nikol Sarkisova qarşı “Mütəşəkkil dəstə tərəfindən irihəcmli dələduzluq” ittihamı ilə cinayət işi açdı və onları beynəlxalq axtarışa verdi. Sarkisovlar 20 il ərzində Ukraynanın sığorta bazarının 25 faizinə nəzarət ediblər. “RESO – Zəmanət” şirkəti Ukrayna ilə yanaşı, Rusiyanın sığorta bazarında da aktiv iştirak edir və mövqelərinə görə üçüncü idi. Donetskdə separatçı müharibə başlayanda rəsmi Kiyev separatçılar tərəfindən döyüşən ukraynalıların sığortasını dayandırmaq üçün lisenziyalaşdırma haqqında qanunu dəyişdi. Bütün şirkətlər fəaliyyətlərini buna uyğunlaşdırsa da, Sarkisovlara məxsus “Sadəcə - Sığorta” törəmə şirkəti əvvəlki lisenziya ilə fəaliyyətinə davam edirdi. Kağız üzərində şirkət Kipr ofşorlarında qardaşlara məxsus “Astroway Ltd” şirkətinə satılmışdı. Hökumət isə separatçılarla döyüşən Ukrayna ordusu və könüllü batalyonların sığortasını əlverişli şərtlərlə təmin etdikləri üçün Sarkisov qardaşlarına loyallıq göstərirdi. Amma bu, onları sona qədər xilas etmədi. Ukraynada ruslara və Rusiyada biznesi olan əcnəbilərə qarşı “təmizləmə” Sarkisovlara da şamil edildi. Bunun fonunda Ukrayna hökuməti yalnız avropalılar, amerikalılar və azərbaycanlılara aid şirkətlərə toxunmadı. Buna səbəb Azərbaycan liderinin rəsmi Kiyevlə əlaqələri idi. Azərbaycanlıların Ukraynada güclənməsi Sarkisovların timsalında ermənilərin mövqelərini zəiflətdi.

Sarkisovların “vurulması” həm də ABŞ-dakı erməni diasporunun maliyyə mənbələrindən birinin zəiflədilməsi idi. Çünki qardaşlar erməni diasporunun qondarma “erməni soyqırımı”nın və Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılan “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması işinə külli miqdarda maliyyə dəstəyi verirdi. Misal üçün, Kaliforniyanın iki qanunverici orqanının Qarabağın “müstəqilliyini” tanıması Sarkisovların sponsorluğunun bəhrəsidir.

Azərbaycanın Ukraynaya qoyduğu investisiyalar və həyata keçirilən siyasət nəticəsində bunun qarşısı alındı və bazarda sıxışdırılan ermənilərin yerini azərbaycanlılar tutdular. Bütün bunların fonunda Ukrayna Prezidenti Vladimir Zelenskinin Cənubi Qafqazda ilk və tək səfərini yalnız Azərbaycana etməsi də təsadüfi deyil.

COVID-19 pandemiyasından ciddi iqtisadi zərbə alan və defolt təhlükəsi ilə üzləşən ölkələrdən biri Ukraynadır və rəsmi Kiyevin dəstək xahişinə ilk cavab verən ölkə Azərbaycan oldu.

Ali Radanın Xalqın Xidmətçisi Partiyasından olan deputatı Maryan Zabolotski bildirib ki, Azərbaycan Ukraynadan dəstəyini əsirgəmədi.

Hakimiyyət nümayəndələri ilə görüşdə Prezident Zelenski dedi ki, Azərbaycan və Kanada ölkəyə kredit yardımı ayırmağa razılıq verən dövlətlərdir. Bakı 300 milyon dollar kredit verməyə razıdır. Bu məbləğ Azərbaycan üçün elə də böyük vəsait deyil. Bizə bu çətin dövrdə uzadılan hər yardım əli çox dəyərlidir”, – o bildirib.

Bu çətin dövrdə Ukraynaya kreditin ayrılması Azərbaycan liderinin uzunmüddətli strategiyasının tərkib hissəsidir və indiyə qədər uğurlu nəticə verən bu addımların gətirdiyi siyasi dividentlərin davamı olacaq.

Sarkisovlar sıradan çıxarıldı, növbə Avakovdurmu?

Maydandan “törəyən” bu erməni daxili işlər naziri postuna qədər yüksəldi və Arsen Avakov Poroşenko dövründə olduğu kimi, Zelenski kabinetində də daxili haçalanma yaradan əsas fiqurdur. Misal üçün, Ukraynanın rəsmi mövqeyinə zidd olaraq, Avakov 24 apreldə Tvitter hesabında yazır: “24 apreldə erməni soyqırımının xatirə günü və milyonlarla qurbanın matəmidir. Dünya 1915-ci il faciəsinə fikir verməməyə qərar verdi, amma bu cəzasızlıq yeni cinayətləri doğurur, bu faciənin təkrarlanmaması üçün xatırlamaq lazımdır”.

Bu, rəsmi Kiyevin mövqeyinə qarşı təxribat gedişidir və təsadüfi deyil ki, Ermənistanda Avakovun fikirləri Ukraynanın mövqeyi kimi təqdim olunur. Misal üçün, “1in.am” saytında Sarkis Artsruni yazır ki, “çoxları bunu Avakovun erməni əsilli olması ilə bağlayır, lakin unutmamalıyıq ki, bu, Ukrayna Daxili İşlər Nazirliyinin rəsmi mövqeyidir”.

Zelenski hakimiyyəti 400 milyona yaxın sərvəti və Daxili İşlər Nazirliyində yaratdığı silahlı dəstəsi ilə Avakovun ciddi təhlükə yaratdığının fərqindədir, Ukrayna mediası Kiyev kulislərində erməni nazir və komandasına qarşı müharibə elan edildiyini yazır. Erməni əsilli nazirin koronavirus pandemiyasının yayılmasına şərait yaratdığı haqda da versiyalar var.

“Kavkazplus” saytı yazır ki, Avakov epidemiyanın Ukraynada tez yayılması üçün mümkün hər şeyi etdi.

Sərhədlər bağlanmadı və Avropada virusun yayıldığı ölkələrdəki minlərlə ukraynalının ölkəyə qayıtmasına şərait yaradıldı. Sərhədlərdə insanların çoxkilometrlik növbələri yarandı. Bu sıxlıqda nə qədər insanın virusa yoluxduğuna heç kim zəmanət verə bilməz. Bununla yanaşı, Ukrayna tərəfi ölkəyə gələnlərin heç birini yoxlamır, karantində saxlamır və evlərinə buraxırdı. Avakovun hərəkət məhdudiyyətinə nəzarət edən polis rejimi özbaşına qərarlar verdi. Kiyevdə əvvəlcə metro dayandırıldı, buna görə də ictimai nəqliyyatda sıxlıq yarandı. Polis patrulları insanları qrup halında ictimai nəqliyyata buraxırdı, nəticədə dayanacaqlarda basabas oldu”, - məqalədə bildirilir.

Bu versiya erməni nazirin hökumətin böhranla üzləşməsi üçün əlindən gələni etdiyi ehtimalını ön plana çıxarır və rəsmi Kiyev bu amilləri gözardı etməməlidir. Proseslərin inkişafı gözardı etmək fikrində olmadığını da göstərir.

Avakovun sıradan çıxarılması Ukraynada erməni diasporunun “əsas silahı”nın sıradan çıxarılması olacaq və bu, həm də Azərbaycan icmasının güclənməsi deməkdir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm