Nida Təhlil
“Dedi ki, azadlıq mübarizənizi sona qədər aparın” – Heydər Əliyevlə bağlı XATİRƏLƏR
Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasından 97 il ötür. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoyan ümummilli lideri ehtiramla xatırlayır. Müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında, onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti xalqımız tərəfindən daim fəxrlə qeyd olunaraq, əziz xatirəsi dərin məhəbbətlə və böyük ehtiramla anılır.
Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrün canlı şahidi olan Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı xatirələrini Publika.az-la bölüşüb:
- Fəzail müəllim, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrün şahidi olmusunuz. Heydər Əliyev xatirinizdə necə qalıb?
- Ümummilli lider Heydər Əliyev mənim idealımdır. Görmək istədiyim Azərbaycanı yaradan, quran, formalaşdıran və gələcək nəsillərə təqdim edən tarixi şəxsiyyət, nəhəng dövlət xadimi və siyasətçidir. Tale elə gətirib ki, ulu öndər 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndə bu dövr mənim tələbəlik illərimə təsadüf edirdi. 1969-cu ildə indiki Bakı Dövlət Universitetinin 50 illiyi keçirilirdi. Həmin yubileydə Heydər Əliyev də iştirak edirdi. Bu zaman Bakı Dövlət Universitetində, həm də ümumiyyətlə təhsil sistemində, Azərbaycanın ictimai-siyasi və mədəni mühitində görülməmiş bir hadisə baş verdi və bu çox böyük bir rezonans doğurdu. Heydər Əliyev yubiley iclasında bütün stereotipləri qıraraq Azərbaycan dilində məruzə etdi. Həmin zaman kəsiyində Mərkəzi Komitənin birinci katiblərinin, ümumiyyətlə dövlət işçilərinin rəsmi yığıncaqlarda Azərbaycan dilində çıxış etmək, nitq və məruzə söyləməsi yasaq edilmişdi. Heydər Əliyev bunların heç birinə əhəmiyyət vermədən Azərbaycan dilində çıxış etdi və bu həmin dövrdə böyük bir hadisə kimi əks-səda doğurdu. Deyərdim ki, bununla da Azərbaycanda yeni bir mühitin yaranmasının əsası qoyuldu. Bu mühit milli şüurun, milli mənliyin və dərkin inkişafı üçün əlverişli mühitin yaradılmasını ifadə edən yeni bir dövrdür. Həmin nitqdə Heydər Əliyev Azərbaycan ali təhsilinin, elminin, mədəniyyətinin qarşısında duran çox mühüm vəzifələr üzərində dayandı, istiqamətləri verdi və bu sonrakı illərdə də davamlı oldu. Yazıçılar İttifaqının qurultaylarında Heydər Əliyev ancaq ana dilimizdə çıxış edirdi və yazıçıların üzərində duran vəzifələrdən danışır, onları Azərbaycan ədəbiyyatının inkişafına rulandırır, stimullaşdırırdı.Təkcə öz sözü ilə deyil, həm də Azərbaycanın ədəbiyyat, incəsənət xadimlərinə ən yüksək dövlət mükafatlarının verilməsi ilə də bunu həyata keçirirdi. Heydər Əliyevin birinci hakimiyyəti zamanında bir çox şair və yazıçılarımız, musiqiçilərimiz və incəsənət nümayəndələri ən yüksək mükafatla, hətta “Sosialist Əməyi Qəhrəmanı” adı ilə də təltif olunurdular. O, hakimiyyətdə olduğu birinci mərhələdə sözün həqiqi mənasında Azərbaycanı yeni inkişaf mərhələsinə çıxardı. Aqrar ölkəni həmin dövrdə SSRİ məkanında inkişaf etmiş respublikalardan birinə çevirdi. Çoxsaylı sənaye müəssisələri yaradıldı, Bakıda yeni yaşayış massivləri inşa edildi, köhnə evlərdən insanlar çox yaxşı şəraiti olan evlərə köçürüldü. Azərbaycanın rayonlarında böyük inkişaf dövrü başladı. İnsanların həyat səviyyəsi yüksək oldu, yaşayış səviyyəsi görünməmiş bir səviyyəyə qalxdı və xüsusi olaraq Azərbaycanda milli ruhun inkişafı üçün çox əlverişli imkanlar yaradıldı.
- Ulu öndərlə ilk görüşünüz harada olub? Bu görüşü necə xatırlayırsınız?
- Bakı Dövlət Universitetində tələbə idim. Yığıncaq keçirilirdi və mən həmin yığıncağa dəvətli deyildim. Çünki fərqli tələbə idim və Dövlət Təhlükəsizlik Komitəsinin tam nəzarəti altında olan gənclərdən biri idim. Ondan bir il öncə Bakı Dövlət Universitetində yaradılmış “Gizli tələbə dərnəyi”nin, Azərbaycanın azadlığı və bütövlüyü uğrunda mübarizə təşkilatının fəal üzvlərindən biri idim. Ona görə də mənim kimi gənclərin ora buraxılmasını sovet cəmiyyəti və onun bütün prinsipləri, qayda-qanunları qadağan edirdi. Ancaq biz ulu öndərin çıxışını həmin dövrdə dərc olunan qəzetlərdə oxuduq və bu bizi xeyli dərəcədə ruhlandırdı. O dövrdən başlayaraq mənim ona qarşı daxilimdə, düşüncələrimdə və ruhumda yeni bir dönüş əmələ gəldi. Həmin dövrdən Heydər Əliyev mənim üçün ideal tarixi şəxsiyyət oldu və kifayət qədər dövrün, zamanın yaratmış olduğu imkanlar daxilində ulu öndəri mütaliə etdim. Fəal gənc olaraq gedən bütün prosesləri izləyirdim. Heydər Əliyevin həmin dövrdə atmış olduğu addımlar hər bir Azərbaycan gənci üçün ruh yüksəkliyini yaradan və ona geniş imkanlar açan böyük bir örnək idi. Sonrakı illərdə təbii ki, mən Heydər Əliyevi hər zaman izləmişəm. Onun bütün çıxış və məruzələrini öyrənmişəm. O artıq Moskvadan Bakıya gəldikdən sonra bizim ilk görüşümüz 1991-ci ilin sentyabr ayının 15-də Naxçıvan Ali Məclisinin sədri seçildiyi dövrə təsadüf edir. Mən həmin dövrdə Naxçıvanda “Ümid körpüsü”nün açılışı ilə bağlı ora getmişdim və tədbirdə iştirak edirdim. Orada dəyirmi masa təşkil olunmuşdu. Mən dəyirmi masaya partiya sədri kimi dəvətli idim. Orada ulu öndərlə görüşdüm. Bizim 40-50 dəqiqəlik söhbətimiz baş tutdu. Heydər Əliyev bütün məsələlər ətrafında mənə suallar verirdi. Azərbaycanda - Bakıda baş vermiş hadisələr, bu və ya digər məsələlərlə bağlı fikirlər bildirirdi. Mən də onun suallarına cavab verirdim. Birmənalı olaraq Ayaz Mütəllibov hakimiyyətinin anti-milli xarakter daşıdığını konkret arqument və faktlarla onunla söhbətimdə önə çəkdim. Eyni zamanda xalq hərəkatında gedən prosesləri onun diqqətinə çatdırdım. Birmənalı olaraq söylədim ki, bütün bunların hər birinin fonunda siz tarixi şəxsiyyət kimi Azərbaycan xalqının önündə olmalısınız, müstəqil dövlətin başına gəlməli və ölkəmizi indiki fəlakətlərdən qurtarmalısınız. Qeyd etdim ki, Azərbaycanın müstəqil dövlət kimi formalaşmasına rəhbərlik etməli və ölkəmizi güclü dövlətə çevirməlisiniz. Bu fikirləri mən ona dedim. Heydər Əliyev məni hər hansı reaksiya vermədən sakit dinləyirdi. Onun sadəcə olaraq son dərəcə rəğbət doğuran təbəssümü var idi. Bu həqiqətən insanın bütün ruhuna sakitlik və sərinlik gətirirdi. Bu təbəssümlə məni dinləyirdi. Sonda bir daha ulu öndərə müraciət edərək söylədim ki, çox zaman keçməyəcək ki, gələcək Azərbaycan xalqı öz əllərini sizə doğru uzadacaq və deyəcək ki, bu ölkəni gözlənilən fəlakətlərdən xilas edin. Mən Heydər Əliyevə dedim ki, bir vətəndaş olaraq sizdən xahiş edirəm ki, sizə doğru uzanan bu əllərə biganə qalmayın. Bildirdim ki, siz tarixi şəxsiyyətsiniz və Azərbaycanda çox nadir təsadüf edilən dövlət xadimisiniz. O yenə də təbəssümlə, “sağlıq olsun, gedin və xalqla bərabər olun, milli azadlıq mübarizəsini sona qədər aparın” dedi və biz ayrıldıq. Ondan sonra da hakimiyyətə gəldiyi dövrdə çox sayda görüşlərimiz oldu.
- Heydər Əliyevlə baş tutan bu görüşlərin sizin həyatınızda hansı rolu oldu?
- Mən bu gün siyasətdə nəyə nail olmuşamsa ancaq bunu ulu öndəri dinləməklə, ona qulaq asmaqla, onu oxumaqla və öyrənməklə olmuşam. O mənim üçün əvəzsiz tarixi şəxsiyyət, öyrəndikcə doya bilmədiyim tarixi məktəb və xalqını, Vətənini təmənnasız sevən ideal bir rəhbər, siyasətçi və dövlət xadimidir. Məni ona bağlayan heç şübhəsiz ki, ulu öndərin ruhuna olan sonsuz sədaqətim və o ruha bağlılığımdır. Allah Heydər Əliyevə rəhmət eləsin və ruhunu həmişə şad eləsin.
- Heydər Əliyevin Azərbaycan dilinə verdiyi dəyəri və töhfələri qeyd etdiniz. Bu dövrdə ulu öndərin mədəniyyətimizin, ədəbiyyatımızın və təhsilimizin inkişafında nə kimi xidmətlərinin şahidi oldunuz?
- Mən o zamanlar tələbə idim. Bəxtiyar Vahabzadənin, Məhəmmədhüseyn Şəhriyarın, Məmməd Arazın, Xəlil Rza Ulutürkün əsərlərinin və artıq sandıq ədəbiyyatının nəşr olunmasını müşahidə edirdik. Milli ruhda yazan və milli məsələləri önə çəkən yeni nəsil yazıçılar, şairlər meydana gəldi. Bunların içərisində bu gün hər birimizin sevdiyimiz Ramiz Rövşən, Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Vaqif Bayatlı və.s var idi. Onların hamısı lirik və məhəbbət şairləri deyildilər, eyni zamanda siyasi publisistikanın fəal daşıyıcıları idilər. Həmçinin öz yaradıcılıqlarında Azərbaycanın vahidliyi və bütövlüyü ideyalarını yayan, ölkəmizin müstəqillik fikirlərini önə çəkən publisistlər idi. Biz o dövrdə, o mühitdə formalaşdıq. Etiraf edim ki, ulu öndərin 1970-80-ci illərin əvvəllərində səpmiş olduğu toxumlar 1980-ci illərin sonlarında Azərbaycanda erməni separatizmi fonunda başlamış olan milli-azadlıq hərəkatında özünün bəhrəsini verdi. Məhz onun həmin dövrdə formalaşdırdığı mühitdə milli ruhda böyüyən insanlar azadlıq hərəkatının önündə oldular və xalqla bərabər iştirak etdilər. Heydər Əliyev həm də faktiki olaraq Azərbaycanı müstəqill dövrə hazırlayırdı. Çoxsaylı insanlar həmin zamanda ittifaqın ən yüksək ali məktəblərinə göndərilirdi. Həmin azərbaycanlılar təhsil alıb Vətənə qayıdırdılar. Eyni zamanda yeni sənaye müəssisələrinin yaradılması ilə yanaşı, Azərbaycanda qoyulmuş olan yasaqlar aradan qaldırıldı. Azərbaycanlıların yüksək hərbi məktəblərə daxil olmasına qeyri-rəsmi şəkildə qadağa var idi. Ona görə də bunu aradan qaldırmaq üçün Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Həmin liseyi bitirənlər yenə də ulu öndərin xüsusi qayğısı ilə ittifaqın ən yüksək hərbi ali məktəblərinə göndərilirdi. Bu gün generallarımızın, yüksək səviyyəli zabitlərimizin içərisində həmin dövrün yetirmələri var. Heydər Əliyevin hakimiyyətinin birinci illərində həyata keçirdiyi tədbirlər heç şübhəsiz ki, Azərbaycanın müstəqillik dövründə özünün müstəsna əhəmiyyətini göstərdi.
- 1993-cü ildə Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıtdı. Bu dövr xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Ulu öndərin hakimiyyətinin bu mərhələsini necə xarakterizə edərdiniz?
- Ən çətin zaman kəsiyində, Azərbaycanın müstəqilliyi təhlükə altına düşəndə, ölkəmiz parçalanma ilə üz-üzə qalanda və vətəndaş müharibəsinin içərisində çırpındığı çətin bir zaman kəsiyində Heydər Əliyev Tanrının ona vermiş olduğu talenin hökmü ilə bir daha Azərbaycan xalqı ilə bərabər oldu. Xalqın tələbi və istəyi ilə yenidən siyasi hakimiyyətə gəldi. Xalqın onun yolunda aparmış olduğu mübarizənin içərisində olanlardan biri kimi bunu öz tərcümeyi-halımın ən şərəfli, ən uğurlu və yaddaqalan səhifələrindən biri hesab edirəm. Çox sevinirəm ki, mən də o insanlarla bərabər idim. Heydər Əliyevin hakimiyyətə gəlməsi uğrunda fəal mübarizə aparanlardan biri kimi onun dövlətin başına gəlməsində fəal iştirak etdik. 1993-cü ildə Heydər Əliyev xalqın böyük tələb və istəyi ilə yenidən siyasi hakimiyyətə gəldi, Azərbaycanı böyük fəlakətlərdən qurtardı. Bununla da ölkəmiz vətəndaş müharibəsindən xilas oldu, hərc-mərcliyə son qoyuldu, dövlət quruculuğu başladı və islahatlar həyata keçirildi, bugünkü müasir Azərbaycan dövlətinin təməli qoyuldu. Bu təməl üzərində Azərbaycan dövləti formalaşdırıldı və xalqımıza onun ən böyük əsəri olan müstəqil Azərbaycan dövləti ərməğan edildi. Bu gün böyük sevinc hissi ilə demək olar ki, ulu öndərin qurduğu dövləti ölkə başçısı İlham Əliyev çox yüksək səviyyədə idarə etməklə onu ən yüksək zirvələrə qaldırmaqdadır. Azərbaycan çox güclü və beynəlxalq səviyyədə nüfuza malik, ən çətin anlarda belə dünya tarixinə ciddi səhifələr yazan, əhəmiyyətli örnəklər verən dövlətdir. Bu gün müstəqil dövlət kimi nəyə nail olmuşuqsa və bir çox dövlətlərin qiymət və dəyər verdiyi, rəğbət bəslədiyi nəyimiz varsa, Heydər Əliyevə borcluyuq, minnətdarıq. Hər zaman onun ruhu qarşısında baş əymək bizim vətəndaşlıq borcumuzdur.
- Fəzail müəllim, sizin də qeyd etdiyiniz kimi, Heydər Əliyevin hakimiyyətə gəlməsindən öncə ölkədə siyasi hərc-mərclik hökm sürürdü. Bununla yanaşı ermənilərin işğalçılıq planları davam edirdi. Ulu öndər bu qədər çətin vəziyyətin öhdəsindən necə gəldi?
- Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi 1993-cü ilin iyun ayının 15-ə təsadüf edir. Bu zaman ulu öndərin siyasi zirvəyə yüksəlməsi əslində Azərbaycan məmləkətinin, xalqının və dövlətinin xilası, qurtuluşu oldu. Məmləkət əldən gedirdi. Ölkədə hərc-mərclik tüğyan edirdi və Azərbaycan artıq parçalanmışdı. Cənubda Talış-Muğan Respublikası yaradılmışdı, şimal rayonlarımızın Dağıstana birləşdirilməsi ətrafında çox ciddi planlar həyata keçirilirdi. Digər bir tərəfdən isə Ermənistan və onu himayə edən dövlətlər Azərbaycanın torpaqlarını ardıcıl olaraq işğal edirdilər. Eyni zamanda Azərbaycan artıq vətəndaş müharibəsinin içərisində idi. Azərbaycan Xalq Cəbhəsi və Müsavat cütlüyü ilə Surət Hüseynovun arasında olan qanlı döyüşlərdə vətəndaş müharibəsi faktiki olaraq başlamışdı. Çörək tapılmırdı. İnsanlar fəlakətli günlərini yaşayırdı və ölkə idarə olunmaz səviyyədə idi. Məmləkət parçalanırdı, dövlətdə dərin böhran hökm sürürdü. Belə olduğu halda Azərbaycan xalqı nisgil vəziyyətdə idi. Belə bir çətin anda Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan xalqı böyük faciələrdən qurtuldu və müstəqilliyimiz məhv olmaqdan xilas oldu. Xalqımız tədricən nisgilliyə son qoyaraq ulu öndərin rəhbərliyi altında ümumdövlət quruculuq prosesində fəal iştirak etməyə və bir vətəndaş kimi özünün təhlükəsiz yaşamasına çatdı. Ölkəmizdə dərin islahatlar həyata keçirməklə dövlətimiz sözün həqiqi mənasında ayağa duraraq özünün inkişafı üçün ciddi əsaslara nail oldu.
- Heydər Əliyev 1990-cı il 20 Yanvar faciəsində xalqın yanında olduğunu Moskvada olmağına baxmayaraq nümayiş etdirdi və bəyanat verdi. Bu dövr sizin yaddaşınızda necə qalıb?
- Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycanda ümumxalq hərəkatının milli azadlıq mübarizəsinə çevrilməsində ulu öndərin 1990-cı ilin 21 yanvar tarixində Moskvada Azərbaycanın daimi nümayəndəliyində xarici jurnalistlərin önündə verdiyi bəyanat xüsusi rol oynadı. 20 Yanvar qanlı hadisələrində Sovet İttifaqının və həmin dövrdə ittifaqın rəhbəri olan Mixail Qorbaçovu, onun komandasını ittiham edən, Azərbaycan xalqına qarşı törədilmiş olan bu haqsız işi, qanlı terroru kəskin şəkildə tənqid edən ulu öndərin həmin çıxışını biz “Azadlıq” radiosu vasitəsilə dinlədik və bu ölkəmizdə çox böyük bir rezonans doğurdu. Eyni zamanda o bu çıxışı ilə bir daha Azərbaycan xalqı ilə bərabər olduğunu, onun aparmış olduğu milli azadlıq mübarizəsində xalqla həmrəy olduğunu birmənalı şəkildə ifadə etdi. Deyərdim ki, bu çıxış ulu öndərə olan rəğbəti xüsusi olaraq artırdı. Xalq həqiqətən Heydər Əliyevin həmin dövrdəki çox cəsarətli çıxışından ruhlanaraq daha ardıcıl və kəskin şəkildə imperiyaya qarşı öz azadlıq mübarizəsini davam etdirdi. Hər zaman olduğu kimi, həm də ən çətin anlarımızda belə ulu öndər Azərbaycan xalqı ilə bərabər olduğunu bir daha nümayiş etdirdi.
Akqabay Mıradov
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi