“Şuşanı vur!” populizmi: Əliyevin cavabını xatırlayın...
Bizi izləyin

Nida Təhlil

“Şuşanı vur!” populizmi: Əliyevin cavabını xatırlayın...

Dünən Ermənistan işğalında olan Şuşada Qarabağdakı separatçı rejimin yeni “prezidenti”nin “inaqurasiya” mərasimi keçirildi və bunun fonunda Azərbaycanda orduya xitabən “Şuşanı vur” çağırışları edildi. İşğalçının Azərbaycan torpaqlarında bütün beynəlxalq prinsipləri pozaraq, çıxardığı siyasi şouya ictimaiyyətin qınağı haqlıdır, hərçənd, belə çağırışları edənlər arasında art niyyət daşıyanların olması da istisna deyil və hakimiyyətə siyasi opponentlik etmək istəyənlərin ictimai rəydə manipulyasiya etmək cəhdləri bu niyyəti açıq şəkildə biruzə verir.

Orduya inamsızlığın yaradılması. Cəmiyyətin həssas nöqtələri üzərindən etdikləri, yaxud etməyə çalışdıqları budur. Axı soyuq başla analiz edəndə “inaqurasiya” mərasiminə raket atmağın bizə nə verəcəyi sual altındadır. Azərbaycan Ordusunun Xankəndini vurmaq, hətta İrəvana qədər gedib çıxmaq gücündə olduğu şübhəsizdir, istər “aprel müharibəsi”, istər Günnüt əməliyyatı, istərsə ictimaiyyətə məlum olmayan digər əməliyyatlarla bu sübut olunub. Amma “Şuşanı vur” çağırışı ilə ordumuzun populizmə getməyəcəyini bilə-bilə bunda israr etmək, tirajlamaq, bunu siyasi mübarizədə istifadə etmək ən yaxşı halda ordunu gözdən salmaq niyyətindən xəbər verir, hərçənd, işğalçı ölkənin Azərbaycan Ordusunu hər vəchlə gözdən salmağa çalışması ilə paralellik aparanda ən pis versiyalar da göz önünə gəlir...

Bu ölkə vaxtilə “Şuşa gedərsə başıma güllə çaxacam” deyənlərin, bu gün də “hakimiyyətə gəlsəm əraziləri 6 aya azad edəcəm” vədləri verənlərin populizmi ilə doludur. Populizmlə nə ölkə idarə olunur, nə diplomatiya qurulur.

Genişmiqyaslı hərbi təlimlər keçirən Azərbaycan Ordusu işğalçı ölkənin siyasi şousunu darmadağın edə bilərdi, amma bu, kiçik qələbədən başqa bir şey olmayacaqdı və danışıqlar masasından qaçmaq üçün fürsət güdən işğalçıya sərf edəcəkdi. Ermənistanın Şuşada çıxardığı siyasi şou, Nikol Paşinynanın işğal altındakı ərazilərə gəlişi və “ziyafət mərasimləri” də buna hesablanmışdı.

Əraziləri işğal altında olan ölkəyə ictimai rəyə hesablanmış kiçik qələbələr heç nə vermir, böyük qələbə üçün düşünülmüş strategiya lazımdır və Prezident İlham Əliyevin populizmdən uzaq strategiya apardığını təsdiq edən faktlar fonunda bütün addımların, hətta bəzən ictimaiyyətin yanlış başa düşdüyü, yaxud kimlərinsə siyasi maraqlar naminə yanlış təqdim etməyə çalışdığı addımların belə böyük qələbə əldə etməyə hesablandığı şübhəsizdir.

Ramil Səfərovu xatırlayın... Macarıstanda erməni zabitin təxribatı ilə üzləşən və düşmənə lazımi cavab verən Azərbaycan zabiti 8 il (2004-2012) başqa ölkədə həbsdə qaldı. O zaman siyasi çevrələr “Azərbaycan zabitini xilas etmək üçün heç nə etmir” iddialarını bugünkü kimi siyasi maraqlar naminə tirajlayırdı və bu iddialar ictimai rəydə də adekvat reaksiyalar yaradırdı. Ermənistan isə Səfərov məsələsində qələbə qazandığını hesab edir və hətta açıq şəkildə qürrələnirdi. Prezident İlham Əliyev 8 il boyunca bu iddialara reaksiya vermədi və 8 il sonra Azərbaycan zabitinin Vətənə gətirilməsi, Vətən torpağına düşən kimi Ali Baş Komandan tərəfindən əfv edilərək, təltif edilməsi 8 il boyunca bu nəticənin əldə edilməsi üçün dövlətin ciddi addımlar atdığını sübut etdi. Bu, Azərbaycan Prezidentinin konkret nəticəyə hesablanmış “səssiz diplomatiyası” idi.

“Aprel müharibəsini” xatırlayın... 2016-cı ildə işğalçı ölkə Azərbaycanın mülki əhalisinə qarşı yeni soyqırımı aktları hazırlayarkən, Ali Baş Komandanın planlı şəkildə cavab addımı ərazilərin bir qisminin azad edilməsi və münaqişə ətrafında yeni reallığın yaranması ilə nəticələndi. Prezident İlham Əliyev bu nəticəyə aparan strategiyanı öncədən həyata keçirmişdi.

Günnüt əməliyyatını xatırlayın... 2018-ci ilin 20-27 may tarixində Azərbaycan Ordusu Naxçıvan istiqamətində 11,000 hektar ərazini işğaldan azad etdi. Bu qələbə yalnız aylar sonra ictimaiyyətə açıqlandı. Bu, populizmdən qidalananların əksinə olaraq, Prezident İlham Əliyevin nəticəyə hesablanmış strategiya həyata keçirdiyini bir daha sübut etdi.

Əliyevin cavabını xatırlayın... Ötən ilin 5 avqust tarixində Nikol Paşinyan Xankəndidə “Qarabağ Ermənistanındır və nöqtə” iddiasını səsləndirdi. Prezident İlham Əliyev bu absurd iddianı iki ay sonra “Valday” Klubunun Soçidə keçirilən toplantısında “Qarabağ Azərbaycanındır və Nida” cavabı ilə darmadağın etdi. Əliyev niyə iki ay gözlədi? Bu sualın cavabı Azərbaycan liderinin strategiyasını da anlamağa imkan verir.

Paşinyan işğal altındakı torpaqlarda məlun sözləri işlətdi və budur, erməni xalqı populizm yağışı altında onu alqışlayır. Azərbaycan erməni baş nazirin iddialarını anında cavablandıra bilərdi, hər kəs bilir ki, bunu etmək olduqca sadədir. Lakin dərhal cavabın verilməsi Paşinyanın məlun iddiaları ilə əldə etdiyi nəticəni verəcəkdi – SIFIR. Və söz duelindən başqa bir şey olmayacaqdı.

Azərbaycan lideri iki ay gözlədi və siyasi şahmatda çoxlarının bacarmadığı QAMBİT gedişi etdi. (Daha səmərəli mövqe əldə etmək məqsədilə üstünlüyün qurban verilməsi). Paşinyanın populist iddiası ilə Ermənistanın əldə etdiyi sıfır nəticə və İlham Əliyevin düşünülmüş səbri – Qambit gedişi ilə Azərbaycanın əldə etdiyi nəticənin müqayisəli təhlili ortaya belə bir mənzərə çıxartdı:

– Paşinyan Ermənistanın illərdir irəli sürdüyü “Dağlıq Qarabağ müstəqil respublikadır” tezisini inkar etdi; Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını etiraf etmiş oldu;

– Azərbaycan bu ölkənin birinci şəxsinin dilindən Ermənistanın işğalçı olduğuna dair rəsmi etirafı fakt kimi irəli sürdü; Bu faktı beynəlxalq ictimaiyyətin və münaqişənin həllidən məsul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin diqqətinə çatdırdı; Və bundan sonrakı danışıqlar prosesində işğalçının üzərində daim istifadə edə biləcəyi təzyiq imkanı əldə etdi;

Azərbaycan lideri populist “söz duelinə” getmədi, səbrlə “Qarabağ Nidası”nı qoymağa doğru addımladı. Və İlham Əliyevin Paşinyanın iddialı nöqtəsinə soyuqqanlı nidanı niyə Soçidə – “Valday” klubunun iclasında qoymasının səbəbləri də burada aydınlaşır.

Qarşıda iki mühüm hadisə gözlənilirdi: biri, BMT Baş Assambleyasının 74-cü sessiyası, digəri Avrasiya İqtisadi İttifaqının İrəvanda keçiriləcək zirvə toplantısı.

Bu, iki qütbün – Şərqlə Qərbin Ermənistana münasibətini ortaya qoyacaqdı və Azərbaycan lideri siyasi şaxmat taxtasında gedişlərini buna görə müəyyənləşdirəcəkdi. Ermənistanın baş nazirinin “Amerika arzuları” çin olmadı: Paşinyanı yüksək çinli amerikalı rəsmilərdən heç biri qarşılamadı; Donald Tramp isə onunla yalnız protokol qaydalarına uyğun, yəni məcburi olaraq bir foto çəkdirdi.

ABŞ səfəri fiaskoya uğrayan Paşinyanın yeganə ümidi Avrasiya İqtisadi İttifaqı (Aİİ) idi və Ermənistana səfər edən Rusiya prezidenti Vladimir Putinlə mütləq “qucaqlaşmağı” qarşısına məqsəd qoymuşdu. Lakin o, okeanın o tayında uğradığı fiasko ilə öz ölkəsində də qarşılaşdı.

Və Azərbaycan lideri tarixi Nidanı məhz Soçidə qoymaqla ABŞ-da “sillə yemiş” Ermənistana zərbəni döydüyü qapıda – Rusiyada endirdi.

Halbuki, müəyyən dairələr cavabın “niyə iki ay sonra verildiyini” müzakirəyə çıxarır, nə siyasət elmini, nə də əldə olunan nəticəni anlamadan, yaxud anlamaq istəmədən siyasi maraqları üzərində təbliğat aparırdı. İlham Əliyev isə bu iddiaları fikir vermədən, dövlətin əldə edəcəyi strateji nəticələrə doğru addımlar atdı. Aradakı fərq budur

Bütün bunlar və ictimaiyyətə bəlli olan, yaxud olmayan onlarla hadisə Azərbaycan Ordusunun “Şuşanı vur!” populizminə niyə getmədiyini anlamağa imkan verir: düşünülmüş strategiya ilə böyük qələbənin əldə edilməsi.

Və unutmayın, işğalçı ölkəyə, onun hərbi-siyasi rəhbərliyinin Şuşada çıxardığı oyunlara Azərbaycanın cavabı gözlənildiyindən daha ağır olacaq...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm