Ermənilərin Bakıya qarşı gizli silahının “güllələri”...
Bizi izləyin

Nida Təhlil

Ermənilərin Bakıya qarşı gizli silahının “güllələri”...

Azərbaycana qarşı terror hücumları edən Ermənistan əsas və sonuncu silahını işə saldı: iyulun 12-də Tovuz istiqamətində təxribat hücumu etdi; iyulun 21-dən başlayaraq, müxtəlif ölkələrdə diplomatik nümayəndəliklərimizə və soydaşlarımıza qarşı terror hücumları başladı; iyulun 24-dən etibarən sonuncu silahını – azərbaycanlı kimliyi altında gizlənən şəbəkəni dövriyyəyə buraxdı;

Hadisələrin inkişafı Ermənistanın Azərbaycana qarşı hücumlarının iki mərhələdə - A və B planı olaraq, həyata keçirildiyini deməyə əsas verir.

Hərbi cəbhədə məğlub olan işğalçı ölkənin diplomatik cəbhədə də uğursuzluğa düçar olması A planının baş tutmadığını göstərir:

1. Heç bir beynəlxalq dəstək əldə edə bilmədi;

2. “Azərbaycan sərhəddən hücum edib” iddialarını heç bir ölkəyə inandıra bilmədi;

3. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) da dəstəyini qazana bilmədi;


Ardınca B planı işə düşdü: müxtəlif ölkələrdə azərbaycanlılara terror hücumları təşkil etmək və baş verənləri Azərbaycanın təşkil etdiyi rəyini yaratmaq.

Bu planda açıq və gizli olmaqla iki silahdan istifadə olunur: birincisi, Ermənistan KİV-i və həm MDB məkanında, həm də Qərb ölkələrində erməni lobbisi/diasporuna bağlı media resurslarında “hücumları Azərbaycan təşkil edir” kampaniyası aparılır; ikincisi, Azərbaycanı “azərbaycanlıların” (azərbaycanlı demək mümkündürsə) dili ilə ittiham etmək;

Birinci silah nə qədər genişmiqyaslı olsa da, inandırıcılıq baxımından zəifdir, çünki bir erməninin, yaxud ermənipərəst resursların baş verənlərə görə Azərbaycanı günahlandırması təbiidir.

İkinci silah, “azərbaycanlının” Azərbaycanı günahlandırması erməni təbliğatının inandırıcı olması baxımından böyük effektə malikdir. Çünki bu, erməni təbliğat maşınına “bunu təkcə biz yox, azərbaycanlılar da deyir” kampaniyası aparmağa imkan verir. Artıq bu kampaniyaya start verilib də...

Ermənilərin gizli və əsas silahındakı “güllələr” kimlərdir?

Birinci “güllə”: ABŞ-da yaşayan və bu ölkəyə amerikalı kəşfiyyatçının vasitəsilə yerləşdiyi təsdiq olunmuş Sevinc Osmanqızı.

S.Osmanqızının mərhum atası Osman Mirzəyev 1991-ci ilin 20 noyabrında erməni hərbi birləşmələrinin Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus hərbi helikopteri vurması nəticəsində həlak olub. Osmanqızının atasını qətlə yetirən ermənilərin bu gün etdikləri də Qarakənd faciəsinin davamıdır. Amma Sevinc Osmanqızı okeanın o tayında lüks həyat yaşamaq naminə erməni silahından çıxan “güllə” olmağa razılaşıb və rəsmi İrəvanın Azərbaycana qarşı ittihamlarını təkrarlayır.

Təhlükə yoxdur, sivil mübarizə aparılmaqdadır, mən sizi inandırıram ki, heç erməni tərəfində belə bir niyyət yoxdur. Bu gün bu sivil mübarizəni pozan Azərbaycan tərəfidir. Rəsmi Bakıdır bu qarşıdurmanı təşkil edən. Corcstaun Universitetində erməni həmkarımla sualları cavablandırırdım. Azərbaycanlı gəncdir, müsahibə verir və deyir ki, əlimizdən gələn qədər vuruşduq, savaşdıq. Onlar Azərbaycanın imici üçün nəsə yaxşı bir iş görmüş olurlarmı? Baxın, adam deyir ki, əlimizdən gələn qədər vuruşduq, savaşdıq. Nədən ötrü vuruşdunuz və savaşdınız? Azərbaycanın imicinin xuliqan, bandit olduğunu təsbit etməkdən ötrümü savaşdınız? Siz nə qazandınız? Və nəyə görə onlar səfirliyin müdafiəsinə qalxmalıdırlar? Mən davanın kimin başlatdığına girməyəcəm. Əhəmiyyətli məsələ də deyildir. Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi demək deyildir. Qarabağ bura deyildir. Savaşlar Qarabağda gedir, savaş Azərbaycanla Ermənistan sərhəddində gedir. Siz Azərbaycan səfirliyini müdafiə etmək üçün ora getməyinizlə vətənə xidmət etmiş olmursunuz. Siz burada vətənpərvərlik görürsünüzmü? Vətənpərvərliyin “v” hərfini görürsünüzmü? Bu, şüvənlikdir, vətənşüvənlikdir”, - Osmanqızı deyir və erməni terrorunu “sivil mübarizə” adlandırmaqla yanaşı, bütün hücumların Azərbaycan tərəfindən təşkil edildiyini iddia edir.

Onun bu çıxışı ABŞ-da güclü erməni lobbisi/diasporu tərəfindən məhz bu günlər üçün ələ alındığına şübhə yeri qoyumur. Osmanqızı çıxışında “Corcstaun Universitetində erməni həmkarımla sualları cavablandırırdım” sözləri də erməni qüvvələri ilə əməkdaşlığının etirafıdır. Lakin o, erməni silahındakı tək güllə deyil.

İkinci “güllə”: keçmiş səfir, Vətənini satdıqdan sonra istifadə edilmək üçün xarici xüsusi xidmət orqanlarının qapısında yatan Arif Məmmədov.

A.Məmmədov Osmanqızı ilə eyni vaxtda – Avropada çıxışa başladı. İddia edir ki, ermənilərlə qarşıdurmanı Azərbaycan tərəfi təşkil edir, məqsəd də “diqqəti daxili problemlərdən yayındırmaqdır”. Bu, Ermənistan KİV-ində hər gün tirajlanan iddiaların təkrarıdır.

Məmmədovun 2015-ci ildə bağlı olduğu məlum xarici xüsusi xidmət orqanlarının istəyinə uyğun Azərbaycanı satdıqdan sonra “diplomatik missiyası”na xitam verildi. Lakin sonrakı proseslər həmin xüsusi xidmət orqanlarının Məmmədovdan “birdəfəlik istifadə” üçün yararlandığını göstərir və o, faktiki olaraq ortada qaldı. Məmmədovun Azərbaycana qarşı fəaliyyətinin tezisləri onun erməni xüsusi xidmət orqanlarının istifadəsinə keçdiyini istisna etmir. Xüsusilə 2019-cu ildə Keşikçi dağı hadisələrində etdiyi çıxışlar bu ehtimalı artırırdı, indi isə bu, artıq ehtimal yox, faktdır.

Lakin Məmmədov Osmanqızından fərqli olaraq, təkcə erməni hücumlarını Azərbaycanın üzərinə yıxmır, həm də diqqəti fərqli məcraya yönəldir. İddia edir ki, “Azərbaycan xüsusi xidmət orqanları xaricdə “siyasi mühacir”lərin “ovuna” çıxıb”.

Bu, sıradan bir ittiham deyil. Hədəf diqqəti erməni terrorundan yayındırmaqla yanaşı, “Azərbaycanın Avropa ölkələrində sui-qəsd planları” hazırladığı iddiasını gündəmə gətirməkdir və belə bir iddianın irəli sürülməsi Ermənistana Azərbaycanın “vandal imicini” yaratmaq üçün lazımdır. Məmmədov verilən tapşırıqları “layiqincə” yerinə yetirir.

Üçüncü “güllə”: Ermənistanın sabiq prezidenti Robert Koçaryanın bibisi oğlunun qrup yoldaşı Vidadi İsgəndərli.

İsgəndərli vicdanına and içir ki, “ermənilər bizə ziyan vurmayıb”. Bu şəxsin həyat yolu və erməni diasporunun ən güclü olduğu ölkəyə - Fransaya necə gedib çıxması uzun hekayədir, lakin bu hekayədə İsgəndərlinin əsas dəstəkçiləri ermənilər olub. Və o, bu dəstəyin qarşılığını lazımınca verir. Ermənilərin bizə ziyan vurmadığını sübut etmək üçün vicdanına and içən İsgəndərli bundan öncə belə deyirdi: “Ermənilər bizə nə edib ki… heç nə etməyiblər. Əgər bu gün Fransa müharibə eləsə, mən əlimə silah alıb Fransa ordusunda döyüşəcəm. Əgər İlham Əliyev Qarabağda müharibəni başlatsa, silahımı birinci elə İlham Əliyevə qarşı çevirəcəm”.

Rusiyanın “Novıe İzvestiya” nəşrində ötən il yayımlanan “Vidadi İsgəndərli “ermənicə” danışmağa başladı” sərlövhəli məqalə hər şeyi anlamağa imkan verir.

Nəşr İsgəndərlinin Ermənistanın sabiq prezidenti Robert Koçaryanın bibisi oğlu, hazırda Moskvada vəkil işləyən Araz Mirzabekyan və Sergey Akopyanla əməkdaşlığından yazır.

İsgəndərli, Akopyan və Mirzabekyan 1988-ci ildə F. E. Dzerjinski adına Xarkov hüquq institutundan (hazırda Yaroslav Mudroqo adına milli hüquq universiteti) məzun olublar. Onlar təkcə eyni kursda təhsil almırdılar, həm də eyni yataqxanada qalırdılar. Tale bu hüquqşünasları müxtəlif şəhərlər və ölkələrə səpələdi: Mirzabekyan Rusiyada vəkil oldu, Akopyan Ermənistanda karyera qurdu, İsgəndərli əvvəlcə Azərbaycanda prokuror olaraq çalışdı, sonra qəfil müxalifətə keçdi və ölkəni tərk etdi. Lakin V.İsgəndərli institut dostları ilə əlaqələrini heç vaxt itirmədi. Özünün dediyindən belə çıxır ki, məhz ermənu kurs yoldaşları onun “gözlərini açdı”. Bu fonda İsgəndərlinin erməni diasporu və lobbisinin güclü olduğu Fransada sığınacaq alması təsadüfi görünmür. Görünür, İsgəndərliyə Parisdə yaşamaq və qrant almaqda erməni tələbə yoldaşları köməklik göstəriblər”.

Bu şəxslər erməni silahındakı “güllə” olduqlarını gizlətmirlər, lakin istisna deyil ki, onlar sonuncu deyil. Yaxın günlərdə başqa “güllələrin” də şahidi olacağıq...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm