Onlar hakimiyyətə gələrsə... - Xalqa düşmənçiliyin etirafları
Bizi izləyin

Nida Təhlil

Onlar hakimiyyətə gələrsə... - Xalqa düşmənçiliyin etirafları

“Olsa-olsa mənəvi məsuliyyət var”. Bunu Milli Şuranın sədri Cəmil Həsənli deyir və o, məlum “zoom konfrans”da Azərbaycana və Azərbaycan xalqına açıq şəkildə səfalət arzulamalarına, COVID-19 pandemiyasını sevinclə qarşılamalarına və karantin rejiminin uzadılmasına görə bayram etmələrinə bu sözlərlə haqq qazandırmağa çalışır.

Cəmil Həsənli bununla məlun konfransda deyilənləri təkzib etmir və etiraf etmiş olur ki, onlar Azərbaycanın faciələrlə üzləşməsi, vətəndaşın sosial-iqtisadi çətinliyə məruz qalması, işsizliyin artması üçün Allaha dua edir, Azərbaycan insanına təsir edəcək istənilən hadisəni sevinclə qarşılayırlar. Amma və lakin bu, “mənəvi məsuliyyət”dən o tərəfə keçmir və Həsənlinin fikrincə, buna görə onların günahlandırılması doğru deyil.

Axı söhbət çəpər arxasında qeybət məclisində deyilən sözlərdən getmir, Milli Şuranın “zoom konfrans”ları nə qədər qeybət məclisindən fərqlənməsə belə. Ölkəni idarə etməyə iddia edən bu adamlar hər gün xalqın mənəvi zövqünə təcavüz edən qondarma çıxışlarla özlərini “xalqın müdafiəçisi” kimi göstərir, gerçəkdə isə vətəndaşı sosial rifahının pisləşməsini istəyirlər. Çünki Azərbaycan üçün nə qədər pis olsa, bunlar üçün bir o qədər yaxşıdır.

Cəmil Həsənlinin “mənəvi məsuliyyət” dediyi konfrans bu qüvvələrin mənəviyyatını, Azərbaycan dövlətinə və xalqına bəslədikləri düşmən münasibəti növbəti daha ortaya çıxardı.

Milli Şuranın “xanım ağası” hesab olunan Gültəkin Hacıbəyli deyir: “Karantinə görə insanların narahatlığı artır. Karantin qaydalarının uzanmasından narahat olmağa dəyməz, məncə bu, bizə sərf edir. Bu qaydaların uzanması bizə birmənalı olaraq sərf edir. Evində oturan insanların etirazı artır, işləməyən, pulu azalan adamların etirazı artır, kimsə yemək almaqda çətinlik çəkir, xalqın güzəranı pisləşir. Buna sevinmək lazımdır. Əksinə, biz maraqlı olmalıyıq ki, karantin bir az da uzansın və əlimizə imkan düşsün ki, bunların (dövlətin -red) yaxasına çökək, tələb edək ki, pul paylayın. Təbliğatımızı belə davam etdirək. Ona görə narahat olmayın, karantinin uzanması və xalqın güzəranının pisləşməsi birmənalı olaraq bizim xeyrimizədir”.

Konfransda Gültəkinin çıxışına alqış tutan Həsənli isə buna haqq qazandırmaq üçün “mənəvi məsuliyyət”dən danışır, həm də etiraf etmiş olurlar ki:

- Vətəndaşların sosial rifahının pisləşməsini arzulayır;

- Dövlətin iqtisadi itkilərlə üzləşdiyi karantin rejiminin uzanmasını istəyir;

- Bunun üçün xəstəliyin daha çox yayılması və daha çox yoluxma və ölüm hallarının olmasında maraqlıdırlar;

- Və indiyə qədər “xalqa pul verin” çağırışları vətəndaşın yaşayışının yaxşılaşması üçün yox, siyasi təbliğatlarına hesablanıb;


Azərbaycan dövlətinə və xalqına belə düşmən münasibətdən sonra özlərinə haqq qazandırmaq və diqqəti etdikləri baibırçılıqdan yayındırmaq üçün hakimiyyəti ittiham edir, həm də durmadan “biz hakimiyyətdə olsaq...” kimi boşboğaz mühazirələr də söyləyirlər.

Təssəvvür edin, siyasi ambisiyaları üçün xalqa aclıq və səfalət arzulayanlar hakimiyyətə gələrsə, nələr baş verərdi?

Arzularını reallaşdırar, xalqın səfalətlə üzləşməsi, vətəndaşın sosial rifahının pisləşməsi üçün bütün imkanlardan istifadə edər, hakimiyyətdə qalmaq üçün dövləti də, xalqı da ayaqlayıb keçərdilər. Bu iddia deyil, Milli Şuranın “zoom konfransında” edilmiş etiraflardır...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm