Bakıdan Aralıq dənizinə atılan “güllə”...
Bizi izləyin

Nida Təhlil

Bakıdan Aralıq dənizinə atılan “güllə”...

Prezident İlham Əliyevin Bakıda Yunanıstan səfirinə dediyi “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” sözləri təkcə Afinaya yox, Şərqi Aralıqda yunanları Ankaranın üzərinə göndərən Avropaya mesaj idi.

Və bu mesajın açması belədir: “Şərqi Aralıqda Türkiyənin maraqlarının təhlükə altına düşməsi və istənilən hərbi riskin yaranması, Avropanın enerji təhlükəsizliyinin də təhlükə altına düşməsi deməkdir”.

İlk mesaj Türkiyənin “Oruc Rəis” araşdırma gəmisini Şərqi Aralıq dənizinə çıxarmasından sonra başlanan yunan-türk gərginliyi fonunda Azərbaycanı “Aralıq dənizi qalxanı” hərbi təlimlərinə dəvət etməsi, ardınca Azərbaycanın xarici işlər naziri və müdafiə nazirinin Ankaraya səfərində birlik fotosu ilə verilmişdi.

Bakıda Prezident İlham Əliyev bu mesajı rəsmi formada qətiləşdirdi. Burada zamanın seçilməsi və Avropanın “yumşaq qarnına” endirilən zərbə diqqət çəkir:

- Sentyabrın 2-də Bakıda yunan səfirinə xitabən “Köhnə Qitə”yə “bütün hallarda Türkiyənin yanındayıq” mesajı göndərildi və bir gün sonra - sentyabrın 3-də Azərbaycan qazının TAP (Trans-Adriatik Qaz Boru Kəməri) vasitəsilə Avropaya test rejimində nəqlinə başlanıldı. Azərbaycanın qazını Avropaya göndərməmişdən bir gün öncə tərəfini açıq şəkildə bəlli etməsi Şərqi Aralıq qarşıdurmasında Türkiyənin əlini gücləndirən və yunanları hücuma keçirən Avropaya qarşı təzyiq imkanı qazandıran gedişdir.

- Bazarın satıcı-alıcı münasibətləri və “müştəri həmişə haqlıdır” prinsipi fonunda Bakının qazını Avropaya çıxarmazdan öncə verdiyi bəyanatı riskli göstərə bilər. Lakin Azərbaycan və Türkiyə Avropanın seçim imkanının olmamasından istifadə edərək, zərbəni “yumşaq qarnına” endirdi.

Avropanın enerji bazarında Rusiya qazına alternativ olan Azərbaycan qazından imtinası, yaxud Bakıdan verilən mesajı ciddiyə almaması rusların əlini gücləndirə bilər. Ukrayna hadisələrindən sonra rus qazının təsirini azaltmaq üçün qət edilən yolun başa çatdırılması ərəfəsində nə Avropa, nə də ABŞ belə bir riskə getməz.

ABŞ-ın almanlarla rusların birgə planı olan “Şimal axını” layihəsinə sanksiyaları genişləndirməsi, Moskva-Berlin böhranına hesablanmış Navalnının Kremlin divarları önündə öldürülən Nemtsovun deyil, Skripalın taleyi ilə üzləşməsi ssenarisi də Avropanın enerji bazarında rus qazının süngü ilə qarşılanmasının nümunələrindən ikisidir.

Bu baxımdan, Bakıdan Şərqi Aralıq dənizinə atılan “güllə” siyasi tarazlığa təsir edəcək strateji həmlə və Azərbaycanın daha geniş coğrafiyada proseslərin yönünü dəyişdirə biləcək oyunçu olduğunun nümunəsi kimi dəyərləndirilməlidir...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm