Bakı ilə Tbilisinin ortaq taleyi və düşməni: Gürcüstan tərəfdaşlığa sadiqdir...
Bizi izləyin

Nida Təhlil

Bakı ilə Tbilisinin ortaq taleyi və düşməni: Gürcüstan tərəfdaşlığa sadiqdir...

Tovuz döyüşlərindən sonra Rusiyanın Ermənistana tonlarla silah daşıması və daşınmadan istifadə olunan marşrut Azərbaycan üçün etibarlı tərəfdaşın kim olduğunu da aydınlaşdırdı. 400 tondan çox silah Rostov-Minvod-Aktau-Türkmənbaşı-Novşer-Reşt-Mehri-İrəvan marşrutu üzrə daşınıb. Rusiyanın bu qədər uzaq məsafəni seçməsinə səbəb ən yaxın məsafə olan Gürcüstanın Azərbaycana qarşı olan yüklərin keçidinə icazə verməməsi olub.

Yerli telekanallara verdiyi son müsahibəsində bu məsələyə toxunan Prezident İlham Əliyev bildirib ki, Gürcüstan özünü çox etibarlı tərəfdaş kimi apardı: “Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi. Məhz buna görə Xəzəryanı ölkələrin əraziləri və hava sahələri vasitəsilə yük təyyarələri Ermənistana silahlar daşıyır. Gürcüstan özünü çox etibarlı tərəfdaş kimi apardı. Gürcüstan hökumətinin simasında biz etibarlı tərəfdaş və dost görürük. Bu gün Gürcüstan və Azərbaycan arasındakı əlaqələr və inkişaf edən əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət edir”.

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. İki ölkə birgə qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrini həyata keçirir: Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA , Cənub-Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryolu layihələri bu gün bütün dünyanın əsas enerji və nəqliyyat şəbəkəsidir.

Qlobal layihələri birgə həyata keçirən Azərbaycan və Gürcüstan GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi siyasi təşkilatların aparıcı ölkələridir.

İki ölkənin tərəfdaşlığının ciddi təməli var. Tərəfdaşları və qonşuları ilə münasibətlərdə daim etibarlılıq göstərən Azərbaycan ən taleyüklü məsələlərdə Gürcüstanın yanında olub. Vaxtilə Gürcüstan enerji böhranı ilə qarşılaşarkən, gürcü xalqının köməyinə çatan ilk ölkə Azərbaycan olub. 2008-ci ilin avqustunda Gürcüstanda baş vermiş münaqişə nəticəsində yaranmış dərman çatışmazlığı problemini nəzərə alaraq Prezident İlham Əliyevin tapşırığı ilə qonşu ölkəyə 400 adda dərman preparatları və tibbi ləvazimat, 25 tonluq humanitar yardım göndərilib. Azərbaycan bu gün Gürcüstana ən çox investisiya yatıran 20 dövlət arasında 7-ci yerdədir.

Gürcüstanda 700-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir, Azərbaycanda 470-dən artıq Gürcüstan şirkəti var, indiyədək Azərbaycandan Gürcüstana 3,2 milyard ABŞ dolları investisiya yatırılıb və Azərbaycan şirkətləri bu ölkədə əsas vergi ödəyicilərindəndir.

Azərbaycan 2020-ci ilin yanvar-may aylarında dünyanın 98 ölkəsinə mal ixrac edib və Gürcüstan ən çox məhsul ixrac olunan ölkələrin “ilk onluğunda”dır. Hazırda Gürcüstanda SOCAR brendi altında 113 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir: Şirkətin pərakəndə bazar payı təxminən 16 faizdir.

Azərbaycan və Gürcüstanı oxşar tale birləşdirir: hər iki ölkə 1918-ci ildə müstəqillik elan etdikdən sonra Ermənistanın ərazi iddiaları ilə üzləşib və müharibəyə cəlb olunub. SSRİ dağılandan sonra Azərbaycan erməni separatizm və təcavüzlə üzləşdi, ərazisinin 20 faizi işğal olundu. Gürcüstan eyni taleyi yaşadı və Abxaziyanın işğalında erməni quldur dəstələri Qarabağda azərbaycanlılara qarşı etdiklərini gürcülərə qarşı da etdilər.

Gürcülər məşhur “Baqramyan” batalyonunun dəhşətli əməllərini unutmayıb.

Azərbaycana qarşı açıq işğal siyasəti həyata keçirən Ermənistan Gürcüstana qarşı da ərazi iddiaları irəli sürür. İrəvanın əsas metrostansiyalarının birinin girişində asılan xəritə bunun təsdiqidir.

Xəritədə Azərbaycanın işğal edilmiş əraziləri ilə yanaşı, Türkiyənin Ərzurum, Trabzon, Van, Bitlis bölgələri, İranın tərkibindəki Urmiya gölü və Gürcüstanda ermənilərin kompakt yaşadığı Cavaxetiya, eləcə də Axalkalaki, Axarsiki və digər bölgələr Ermənistan ərazisi kimi təqdim olunur.

Ermənistan Gürcüstanda ermənilərin kompakt yaşadığı Samsxe-Cavaxetiya bölgəsinə açıq şəkildə iddia edir və burada yaşayan ermənilər zaman-zaman rəsmi Tbilisiyə qarşı separatizm aktları həyata keçirir. Bu separatizm planlarının İrəvanda hazırlandığı şübhəsizdir. Ermənistan Gürcüstana qarşı həm də “svan-meqrel” kartından da separatizm məqsədilə istifadə etməyə çalışır.

Hazırda ermənilər 650 gürcü kilsəsinin onlara məxsus olduğunu iddia edir və vaxtaşırı bu məsələni gündəmə gətirirlər.

2015-ci ildə Cavaxetiyanın Kumurdo kəndindən olan 180 erməni Gürcüstanın mədəni irsin mühafizəsi agentliyi tərəfindən Kumurdoda qədim gürcü kilsəsinin həyətində aparılan arxeoloji qazıntılarla bağlı Axalkalaki bələdiyyəsinin o vaxtkı sədri Eduard Aqasaryana, Gürcüstan parlamentinin deputatı Samvel Petrosyana və erməni apostol kilsəsinin keşişi Babkenu Salbiyana şikayət məktubu ünvanlamışdı. Şikayət məktubunda X əsrə aid gürcü kilsəsində aparılan arxeoloji qazıntılarda “erməni sümüyünün” tapıldığı iddia olunur və kilsənin ermənilərə qaytarılması tələb edilirdi. Halbuki, tarixçilər 1830-cu ilə qədər Kumurdodaa heç bir erməninin yaşamadığını təsdiqləyiblər.

Lakin gürcü məbədlərinə iddia edən ermənilər 2017-ci ilin oktyabrında Kumurdodakı kilsənin həyətinə erməni xaçı qoymaq istədi. Gürcüstan hüquq-mühafizə orqanları buna müdaxilə edəndə ciddi qarşıdurma baş verdi. Ermənistanın baş naziri Nikol Paşinyanın da 2018-ci ilin 30-31 may tarixində Gürcüstana səfəri zamanı Cavaxetiya erməniləri ilə keçirdiyi görüşlər zamanı bölgədəki erməni separatizmini ruhlandırdığına dair məlumatlar var.

Göründüyü kimi, Azərbaycan və Gürcüstan erməni separatizmindən əziyyət çəkir və Ermənistanın işğalçılıq siyasəti bölgədə hər iki ölkənin təhlükəsizliyinə təhdiddir. Təsadüfi deyil ki, bütün beynəlxalq təşkilatlarda Azərbaycan və Gürcüstan bir-birinin ərazi bütövlüyünə dəstək verdiyi halda, Ermənistan Gürcüstanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı səsvermələrdə ən yaxşı halda bitərəf qalır, bir çox hallarda isə əleyhinə çıxır.

Gürcüstan rəhbərliyi və xalqı Ermənistanın gerçəkdə kim olduğunu anlayır və bu gün Azərbaycana qarşı açıq erməni separatizminin hədəfində özlərinin də olduğunu bilirlər.

Prezident İlham Əliyev qeyd edib ki, bu gün Gürcüstan xalqı yaxşı bilir kim onun dostudur, kim onun düşmənidir.

Dövlət başçısı bir müddət öncə Gürcüstan-Azərbaycan əlaqələrini pozmağa hesablanmış hadisələrə də toxunub.

“Ermənistan və Gürcüstanda yaşayan ermənilər, eyni zamanda, gürcü familiyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar. Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyi də dünya erməniliyidir. Amma buna nail olmayacaqlar”, - Prezident bildirib.

2019-cu ilin 14 iyulunda Keşikçi dağı məbədi ətrafında baş verən təxribatlar məhz Bakı-Tbilisi münasibətlərinin pozulmasına hesablanmışdı və hadisələrin analizi, eləcə də müəyyən faktlar bu təxribatın arxasında Ermənistanın olduğunu təsdiqləyirdi. Lakin bu təxribatın qarşısı alındı.

Eyni qüvvələrin bu ilin 4 iyun tarixində də təxribat hazırlığına imkan verilmədi. Gürcüstan mediası təxribatı hazırlayanlardan biri - “David Qarecinin müdafiəsi komitəsi”nin rəhbəri Nikoloz Mcavanadzenin tapşırıqları Tbilisidəki Ermənistan səfirliyindən aldığı haqda yazırdı.

Bu və digər faktlar Azərbaycan-Gürcüstan münasibətlərinə qarşı təxribat hücumlarının Ermənistan tərəfindən həyata keçirildiyini təsdiqləyir, lakin erməni separatizmindən əziyyət çəkən hər iki ölkənin etibarlı tərəfdaşlığı belə təxribatların reallaşması qarşısında ən böyük əngəldir. Gürcüstanın ərazisindən Ermənistana silah daşınmasına imkan verməməsi də məhz Azərbaycanla eyni taleyi bölüşməsi və tərəfdaşlığa sadiq olmasından qaynaqlanır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm