Tarixçi alim: Əgər onlar həqiqətən sülh istəsəydilər...
Bizi izləyin

Nida Təhlil

Tarixçi alim: Əgər onlar həqiqətən sülh istəsəydilər...

“Fransa Prezidenti Makronun açıqlaması əslində ədalətə, sülhə yox, təcavüzə və şiddətə dəstək vermək deməkdir. Faktiki olaraq Makronun adına olan bu açıqlama humanist, ədalət və hüquq çağırışlarına dəyər verən bir tarixə malik fransız xalqının dəyərlərinə qarşı hayqırı, onlara qarşı çıxmaqdır. Baxmayaraq ki, Makron bu məsələdə vasitəçi rolunda çıxış edən dövləti təmsil edir, onun rəhbəridir, ancaq o, birmənalı olaraq təcavüzkar Ermənistanı dəstəkləyir”.

Bu fikirləri Publika.az-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova deyib.

Onun sözlərinə görə, Makron son açıqlamasında birmənalı şəkildə Ermənistanın suverenliyini, erməni xalqına sayğısını ifadə edir. Bu bəyanat həm də təcavüzə məruz qalan Azərbaycan xalqına, xalqın 30 il müddətində torpaqlarının işğal altında qalmasına, qaçqın düşmüş əhalisinə, təcavüzə məruz qalan və soyqırımı yaşamasına sayğı duymadığını ifadə edir: “O, açıqlamasında sərhədlərdə baş verən hadisələri fərqli tərzdə ifadə elədi. Dedi ki, cəbhədə “nələrsə” baş verir. Nələrsə baş verir demək dinc insanların amansız şəkildə məhv edilməsidir ki, bu da Azərbaycan xalqının nümayəndələridir. Makron sərhəddə və cəbhədə baş verən hadisələri qeydə alarkən bilməli idi ki, burada Azərbaycan və Ermənistanın BMT tərəfindən rəsmən tanıdığı sərhədlərdən söhbət getmir. Bu sərhədlər Azərbaycan Respublikasının tanınmış sərhədləri çərçivəsində işğal olunmuş ərazilərindən yaranan sərhədlərdir. Yəni, faktiki olaraq Azərbaycanın işğal altında olan torpaqlarında Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməyə çalışır. Ermənistan tərəfinin hərbi təcavüzünə qarşı Azərbaycan tərəfi hərbi əməliyyatlar keçirirsə bu, davamlı olaraq Makron tərəfindən Ermənistanla Azərbaycan arasında sərhəd kimi qiymətləndirilir. Bu, Fransa prezidentinin vəziyyətdən və döyüş bölgəsindəki mənzərədən xəbərdar olmaması təəssüratı yarada bilər, hərçənd özü də ifadə edir ki, bu məsələləri gündəmdə saxlayır, məlumatlıdır və izləyir. Əgər izləyirsə, həqiqəti deməlidir”.

F.Əhmədova bildirib ki, siyasi tərəfdaşlıq, tərəf xatirinə ədalətə, beynəlxalq hüquqa qarşı çıxmaq tarixi humanist ənənələri olan bir xalqın prezidentinə yaraşmayan hərəkətdir: “Atəşkəsin mövcud olduğu rejimdə Ermənistan tərəfindən davamlı olaraq hər gün atəşkəs rejimi pozulurdu. Azərbaycan Prezidenti hər çıxışında, hər beynəlxalq görüşlərində məhz Ermənistan tərəfinin apardığı təcavüzkar siyasəti pisləyir və dünya dövlətlərini, beynəlxalq təşkilatları buna reaksiya verməyə çağırır. Amma bütün bunlar diqqətə alınmırdı, o cümlədən də elə Fransa prezidenti tərəfindən. Necə oldu ki, artıq növbəti dəfə bütün cəbhə boyu güclü hücuma məruz qaldığı zaman öz insanlarını, mülki əhalini qorumaq üçün əks-hücuma keçən, hərbi əməliyyata başlayan Azərbaycana qarşı dərhal belə bir reaksiya verildi? Halbuki Fransa da daxil olmaqla bəzi dövlətlər Ermənistana, erməni hakimiyyətinə qarşı belə bir təklif versəydilər, onu təcavüzkar əməllərindən çəkindirsəydilər bugünkü mənzərə olmazdı. Bu, bir daha göstərir ki, sentyabrın 27-dən başlayaraq həyata keçirilən Ermənistanın hücumu qarşısında dünya dövlətlərinin reaksiyası, başda Makron olmaqla Ermənistan hökumətini dəstəkləyən dövlət başçılarının məsuliyyətsizliyi, hansısa siyasi məqsəd və tərəfdaşlıq üzərindən onların mövqeyi təcavüzün genişlənməsinə rəvac verir və beynəlxalq hüquq normalarını ayaq altına atır”.

Tarixçi alim qeyd edib ki, Makronun açıqlaması birmənalı şəkildə sülhə və ədalətə yox, şiddətə və təcavüzə dəstək verən açıqlamadır: “Həmin bəyanatında Makron hansısa bölgədə gərginliyi, təzyiqi artıran mesajlara qarşı olduğunu bildirir. Amma onun bu açıqlaması bütün Azərbaycan xalqına qarşı həqarətdir. Eyni zamanda, Azərbaycan xalqının simasında təcavüzə məruz qalan istənilən bəşər övladına qarşı həqarətdir. O, öz açıqlaması ilə regionda nəinki sabitliyə xidmət etdi, daha da gərginliyi artırdı və Azərbaycanın haqlı durumu qarşısında ona dəstək vermək əvəzinə təzyiqi artıran bəyanat verdi. Bu cür mövqe ilə heç vaxt regionda sülhə nail olmaq olmaz. Əgər onlar həqiqətən sülh istəsəydilər çoxdan real, ədalətli davranışları ilə, beynəlxalq hüququn regionda işləməsinə nail ola bilərdilər. Azərbaycan tərəfinin haqlı olduğu, apardığı hərbi əməliyyatların da beynəlxalq hüquqa söykəndiyi həqiqətdir və heç bir dövlətin başçısı, o cümlədən Fransa prezidenti buna qarşı çıxa bilməz”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm