Tarixçi alim: Əgər Ermənistan iradə göstərsəydi və...
Bizi izləyin

Nida Təhlil

Tarixçi alim: Əgər Ermənistan iradə göstərsəydi və...

Onlar ərazilərimizi tərk etməlidir və yalnız bundan sonra müharibəyə son qoyula bilər. Hərbi əməliyyatların dayandırılması barədə yalnız Ermənistan tərəfi bizim şərtləri qəbul etdikdən sonra danışmaq olar.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova deyib.

“Təbii olaraq münaqişələr beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimlənməlidir. İkinci Dünya müharibəsindən sonra beynəlxalq səviyyədə bütün dövlətləri və dövlətlərarası münasibətləri tənzimləyən beynəlxalq təşkilat var. Bu da Birləşmiş Millətlər Təşkilatıdır. BMT-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi qəbul edilib. Lakin hüquq normativlərinə, beynəlxalq hüquqa məhəl qoymadan onun qəbul edilən qətnamələrini nəinki ciddiyə almayan, 27 il ərzində yerinə yetirilməsi barədə irəli bir addım belə atmayan işğalçı dövlət olduğu pozisiyasını saxlamağa davam edir. Üstəlik, 27 il ərzində, 1994-cü ildən bəri davamlı olaraq atəşkəs rejiminə də əməl etmədi. Demək olar ki, hər gün cəbhəboyu bu və ya digər şəkildə atəşkəs rejimi pozulurdu.

Odur ki, BMT səviyyəsində 4 qətnamədən əlavə olaraq təcavüzkar dövlətə növbəti sanksiyalar tətbiq olunmalı idi. Əgər beynəlxalq təşkilat özünün qəbul etdiyi qətnamələrin icrası ilə bağlı heç bir öhdəlik götürmürsə, onun yerinə yetirilməsini təmin etmək yolunda heç bir mexanizm işləmirsə, bu, o deməkdir ki, o qətnamələrin heç bir icra gücü olmayacaq” , - F.Əhmədova bildirib.

Tarixçi alim qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilə BMT-nin qəbul etdiyi qətnamələrin icra edilməməsi beynəlxalq hüququn ayaqlar altına atılması deməkdir:

“Bu, beynəlxalq təşkilatların qəbul etdiyi qərarların heç bir hüquqi gücünün olmadığının göstəricisidir. O cümlədən Ermənistana ayrıca beynəlxalq hüququn bu kimi situasiyalarda tətbiq olunması nəzərdə tutulan sanksiyalar tətbiq olunmalı idi. Davamlı olaraq atəşkəsi pozan Ermənistanın diplomatik səviyyədə bütün hədləri aşaraq Qarabağla bağlı bəyanatlar yayması Azərbaycanın səbir kasasının daşmasına və haqlı olaraq öz torpaqları uğrunda mübarizə aparmasına səbəb oldu. Münaqişəni sülh yolu ilə deyil, silah yolu ilə çözməyə Ermənistan özü təhrik edirdi. Son bir il ərzində Ermənistan tərəfi dəfələrlə təxribata əl atdı. Həm Tovuz hadisələri, həm də Ermənistan baş nazirinin Şuşada qondarma andiçmə mərasimində iştirak etməsi, torpağı sülh yolu ilə əldə etməkdənsə, “Vuruşun alın” kimi ifadələr səsləndirməsi onu göstərir ki, Ermənistan ardıcıl və şüurlu şəkildə Azərbaycanı münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etmək istədi. Həm beynəlxalq təşkilatlar, həm də Minsk Qrupunun vasitəçiləri, digər dövlətlər vaxtında Ermənistana bu cür bəyanatlarla çıxış etməyin beynəlxalq hüquqa zidd olduğunu deməli idi. Onlar Tovuz hadisələrində Azərbaycanın işğal altında olmayan ərazilərinə belə təcavüz cəhdlərini pisləməli idi. Görmədik ki, Ermənistanın bu əməlləri birmənalı şəkildə pislənsin.

Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı. Azərbaycan sülh yolunu tapmaq istəsə də, Ermənistan tərəfi əraziləri geri qaytarmayacaqlarını deyirdi. Odur ki, Azərbaycanın tələb etdikləri tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır. Onlar ərazilərimizi tərk etməlidir və yalnız bundan sonra müharibəyə son qoyula bilər”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm