Çingiz Qənizadə “Human Rights Watch”ın bəyanatını pislədi
Bizi izləyin

Nida Təhlil

Çingiz Qənizadə “Human Rights Watch”ın bəyanatını pislədi

Beynəlxalq insan hüquqları təşkilatları, o cümlədən, “Human Rights Watch” təşkilatının bu cür açıqlamalarla çıxış etməsi birinci dəfə deyil. “Amnestry İnternational”, “Freedom House” və digər təşkilatlar Azərbaycana qarşı sistematik olaraq qərəzli hesabatlar yaymaqda davam edirlər.

Xatırlayırıq ki, İkinci Qarabağ savaşı zamanı Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisi məskunlaşan Gəncəyə, Bərdəyə, eləcə də, digər şəhər və rayonlarımıza raketlərdən atəş açılarkən bu təşkilatlar susdular. Dəfələrlə müraciət etdikdən sonra “Amnestry İnternational” təşkilatı Bərdəyə öz nümayəndəsini göndərdi və yarımçıq hesabat hazırladı. “Human Rights Watch” təşkilatının indiki açıqlaması qərəzlidir. Yoxlanılmamış məlumatlar əsasında belə bir hesabat hazırlayıblar. Faktlara söykənməyən hesabatdır. Peşəkarcasına hazırlanmayıb.

Əgər peşəkarcasına hazırlasaydılar mənbələri göstərərdilər. Azərbaycanda saxlanılan erməni əsirlərinə və mülki şəxslərinə sistematik olaraq Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri səfərlər edərək onlarla görüşürsə, əsirlərin öz ailələri ilə telefon və video görüntü vasitəsilə əlaqə saxlamasına şərait yaradılırsa, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Ombudsman Aparatı mütəmadi olaraq onlara baş çəkirlərsə və onların pis rəftara, işgəncəyə məruz qalmaları ilə bağlı hər hansı fakt beynəlxalq təşkilatların özləri tərəfindən qeydə alınmayıbsa, o zaman “Human Rights Watch” təşkilatının bu hesabat materiallarını və məlumatlarını hardan aldığı maraqlıdır. Bir daha bunun qərəzli olduğunu qeyd edirik.

Hesabatda göstərilib ki, Azərbaycandakı erməni hərbi əsirlər alçaldılaraq işgəncə və pis rəftara məruz qalıblar. Halbuki Azərbaycanda olan mülki və hərbi əsirlərə qarşı Cenevrə Konvensiyasının tələblərinə uyğun rəftar edilib. Onların heç biri hər hansı işgəncə və alçaldıcı pis rəftara məruz qalmayıb.

Qeyd etmək istəyirəm ki, 1949-cu ilin 12 avqustunda qəbul olunmuş Cenevrə Konvensiyası 4 əsas konvensiyadan, eləcə də, 1977 və 2005-ci ildə Konvensiyalara əlavə edilmiş iki protokoldan ibarətdir. Azərbaycan da Cenevrə Konvensiyasının 3-cü və 4-cü Konvensiyalarında hərbi əsirlər və mülki şəxslərin müdafiəsinə aid tələblərə tam əməl edib və konvensiyanın tələblərini Ermənistandan fərqli olaraq tam yerinə yetirir. “Azərbaycanda hərbi əsirlər var” deyə yenidən bu məsələni qabardan “Human Rights Watch” təşkilatı bilməlidir ki, müharibədən sonrakı dövrdə həbs edilmiş şəxslər terrorçular və təxribatçılar hərbi əsir ola bilməz. 10 noyabr üçtərəfli bəyanatının üzərindən bir neçə gün keçəndən sonra Ermənistan tərəfi 62 terrorçunu Qarabağa göndərib. Onlar heç vaxt hərbi əsir ola bilməz. Onlar cinayətkardırlar və Azərbaycan qanunları ilə məsuliyyət daşıyırlar. Niyə “Human Rights Watch” təşkilatı Azərbaycana qarşı qərəzlidir?! Çünki onlar müstəqil deyillər. Onları maliyyələşdirən dövlətlərin, təşkilatın və digər şəxslərin içərisində Ermənistanı sevən, ona dəstək verən, bununla da beynəlxalq humanitar hüquqa, insanlığa arxa çevirən, faşizm ideologiyasını, işğalçını dəstəkləyən insanların təsiri nəticəsində belə bir hesabat hazırlayıb. Bu cür qərəzli hesabatlar "Human Rights Watch" təşkilatının özünün imicinə böyük zərbə vurur.

Görəsən, nə üçün Birinci Qarabağ Müharibəsi zamanı Azərbaycan tərəfindən 4 minə yaxın itkin düşmüş, taleyi məlum olmayan şəxslər barəsində “Human Rights Watch” təşkilatı indiyə qədər bir kəlmə də olsun hesabatlarında fikir bildirməyib?!. Halbuki çoxsaylı faktlarla sübut olunub ki, bizim itkin düşmüş əsirlərimizə qarşı Ermənistan tərəfindən daima pis rəftar olunmaqla yanaşı, işgəncə verib alçaldıcı şəraitdə saxlamaqla, onlara qarşı Konvensiyanın tələbləri pozulub. Niyə “Human Rights Watch” və digər təşkilatlar uzun illərdir bu cür faktlara qarşı susurlar?!

Biz Azərbaycanın hüquq müdafiə təşkilatları bu hesabatı qətiyyətlə pisləyirik. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını dəstəkləyirik. Belə olan halda “biz nə etməliyik” sualı yaranır. Hesab edirəm ki, Azərbaycanda fəaliyyət göstərən bütün insan hüquqlarını qoruyan təşkilatlar “Human Rights Watch” təşkilatının mərkəzi ofisinə etiraz əlaməti olaraq müəyyən məktublar göndərməli, onları ədalətli olmağa, faktlara söykənməyə, tam olaraq peşəkarcasına hazırlanan hesabatların üzərində işləməyə çağırmalıyıq. Azərbaycana qarşı bu cür qərəzli fikirlərdən və fəaliyyətdən əl çəkməyə dəvət etməliyik.

Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm