Paşinyanın Ermənistanı “varlandıracaq nefti” - Xalqı inandırmağa çalışır ki...
Bizi izləyin

Nida Təhlil

Paşinyanın Ermənistanı “varlandıracaq nefti” - Xalqı inandırmağa çalışır ki...

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, mis ölkənin “nefti” ola bilər. O qeyd edib ki, ölkədən yalnız misdən alınmış hazır məhsul ixrac edilməlidir. Bunun üçün isə dəmir yoluna ehtiyac var.

Paşinyan əlavə edib ki, əgər müharibədən sonrakı dövrdə dəmir yolu kommunikasiyalarının açılmasına nail ola bilsək, bizim “ikinci neft”dən effektiv istifadə etmək imkanımız olacaq. Kommunikasiyalardan istifadə imkanı isə Ermənistan və Azərbaycan üçün qarşılıqlı olmalıdır.

Nikol Paşinyanın bu açıqlama ilə erməni xalqına Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları dolayı yolla qəbul etdirməyə çalışdığını deyən Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov Publika.az-a bildirib ki, Ermənistanın beynəlxalq layihələrə qoşulmasının kommunikasiyaların açılmasından asılı olduğunu Paşinyan da çox yaxşı bilir:

“Nikol Paşinyan hazırkı zamanda Ermənistandakı ictimai, siyasi və iqtisadi vəziyyəti qiymətləndirə bilən və mövcud reallıqlarla barışan bir dövlət rəhbəridir. O, çox yaxşı başa düşür ki, İkinci Qarabağ müharibəsindən sonra regionda tamam fərqli geosiyasi mənzərə yaranıb və bu reallıqdan qaçmaq mümkün deyil. Həmçinin, Ermənistanı iqtisadi və siyasi böhrandan çıxarmaq üçün ən real və optimal variant kommunikasiyaların açılmasıdır. Bu olmadan Ermənistanın inkişafı mümkün deyil. Çünki əvvəllər Ermənistan iqtisadiyyatının böyük hissəsini Azərbaycanın işğal olunmuş ərazilərindən istifadə etmək tuturdu, onlar kənd təsərrüfatı məhsulları əkirdilər, ölkənin büdcəsinə gəlir gəlirdi. Artıq onlar bundan məhrum olub. Buna görə gələcək üçün də Ermənistanın ən real çıxış yolu kommunikasiyaların açılmasıdır. Həmçinin, 10 noyabr bəyanatında qeyd edildiyi kimi, bölgədə həm uzunmüddətli sülhü, həm də iqtisadi inkişafı təmin etmək üçün kommunikasiya xətləri açılmalıdır”.

K.Məmmədov qeyd edib ki, Ermənistan bəyanatı imzalamaqla üzərinə öhdəlik götürüb, ancaq indi müxalif güclər və daha çox reallıqla barışmaq istəməyən, xəyalən “böyük Ermənistan” iddiasında olanlar, sərsəm xəyallarını davam etdirməyə çalışan qüvvələr bu reallığı qəbul etmək istəmirlər. Paşinyan sözügedən çıxışı ilə həm də bu qüvvələrə bir mesaj verir: “Paşinyanı satqınlıqda günahlandırırlar ki, o, ölkənin mənafeyini satdı və məğlub oldu. Ancaq bu, real və gözlənilən bir nəticə idi ki, Azərbaycan işğal olunmuş ərazilərinin Ermənistanda qalması ilə barışan deyildi və gec-tez torpaqlarını geri alacaqdı. Sülh danışıqlarını davam etdirib ərazilərimizi azad etməli idik, ya da müharibə olmalı idi. Bu da danışıqlar yolu ilə real görünmürdü, çünki Ermənistan ictimaiyyəti, müxalifəti, daha çox isə Sarkisyan-Koçaryan xuntası və onun ətrafında dayananlar buna imkan vermirdi. Paşinyanın atdığı addımlar da göz önündədir, o, təxribatçı addımlar atdı və danışıqların sonunu müharibəyə gətirib çıxardı. Müharibə zamanı isə müzəffər ordumuz böyük zəfər çaldı və ərazilərimizi azad etdi. Bu, olmalı idi və bundan sonra Paşinyan da, Ermənistan ictimaiyyəti də Azərbaycanın bölgədə yaratdığı yeni reallıqla barışmalıdır. Paşinyan və onu dəstəkləyən qüvvələr bunu bilirlər və fərqli yollarla xalqa eyham vururlar. Baş nazir Ermənistan ictimaiyyətinin əhval-ruhiyyəsini nəzərə alaraq, onların nəbzini tutaraq birbaşa açıq şəkildə bunu deyə bilmir. Çünki iyunda Ermənistanda parlament seçkiləri planlaşdırılır və proses artıq başlayıb. Buna görə də Paşinyan bunları birbaşa deyə bilmir, dolayı yolla xalqa bir mesaj verir ki, erməni xalqının və dövlətinin gələcəyi kommunikasiyaların açılmasındadır”.

Ekspertin sözlərinə görə, burada bir yol var - o da gələcəklərini düşünüb, mövcud reallıqlarla barışaraq kommunikasiyaları açmaqdır ki, Ermənistan da bundan böyük fayda götürəcək: “Əgər onlar “biz bu əraziləri yenidən işğal edəcəyik” xəyalı ilə yaşasalar, revanş götürmək istəsələr, həm Türkiyəyə, həm də Azərbaycana qarşı yenə də səhv addımlar atmaq istəsələr, fəlakətin astanasında olan Ermənistan uçuruma gedəcək. Ermənistanın reallıqlarla barışmaqdan başqa çıxış yolu yoxdur və Paşinyan da gələcəklərinin kommunikasiyaların açılmasından asılı olmasına eyham vurur. Ermənistan ictimaiyyəti gec-tez bunu dərk edəcək. Qarabağ klanı və onları dəstəkləyən xunta bu reallığı qəbul etmək istəmir, ancaq sonda qəbullanmaq məcburiyyətində qalacaqlar. Ermənistanda elə bir siyasi lider də yoxdur ki, bütün təşəbbüsü üzərinə götürüb xalqın qarşısına çıxsın, xalqa açıq şəkildə real vəziyyəti izah etsin. Ona görə də Paşinyan dolayı yolla eyham vurur ki, bizim gələcəyimiz bu əlaqələrin açılmasından və inkişafından asılıdır. Ermənistan bu reallıqla barışmasa, onların bir dövlət olaraq gələcəyi böyük sual altına düşəcək”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm