Siyasi dialoqun növbəti nəticəsi: Eyni partiyalar Şuşa Bəyannaməsini də dəstəklədi
Bizi izləyin

Nida Təhlil

Siyasi dialoqun növbəti nəticəsi: Eyni partiyalar Şuşa Bəyannaməsini də dəstəklədi

Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması cəmiyyətdə böyük sevinclə qarşılandı. Bu bəyannamə xüsusilə Vətən müharibəsindən sonra regionda Azərbaycanın maraqlarına yarana biləcək təhlükələrin qarşısının alınmasında əhəmiyyətli rol oynayacaq.

Azərbaycan bütün ictimai-siyasi sferada bu bəyannamə müsbət qarşılandı. 48 siyasi partiyanın “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar yaydığı bəyanat da müxalifətin Azərbaycan iqtidarının dövlətin maraqları naminə atdığı bu uğurlu addımı dəstəklədiyini göstərir.

Siyasi partiyalar bəyanatda bildirirlər: “Biz – Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsini ölkələrimizin keyfiyyət baxımından yeni əlaqələrinin inkişafı və hər iki ölkənin gələcək birgə fəaliyyətinin vacib əsası hesab edir və bu yüksək strateji müttəfiqlikdə dövlətimizin yanında olduğumuzu bəyan edirik”.

Bu bəyanatın iki mühüm əhəmiyyəti var.

Birincisi, Azərbaycanın siyasi cameəsi dövlətin maraqları namuinə həmrəylik nümayiş etdirir.

İkincisi, bu, ölkədə siyasi münasibətlərin normallaşmasının növbəti nümunələrindəndir.

Taleyüklü məsələlərdə növbəti dəfə siyasi həmrəyliyin nümayiş etdirilməsi 2020-ci ilin əvvəlindən etibarən iqtidarın başlatdığı “siyasi açılım”ın müsbət nəticəsi hesab oluna bilər.

Prezident İlham Əliyev 2020-ci ilin mart ayında siyasi dialoqun başlandığını elan etdi: “Prezident Administrasiyası bütün siyasi partiyalara dialoq təklifi edib. Bu, çox ciddi addımdır. Sirr deyil ki, bu gün Azərbaycan iqtidarı tarixdə olmadığı qədər güclüdür. Biz hesab edirik ki, güclü ilk addımı atmalıdır, ilk təklifi verməlidir və belə demək mümkündürsə, yolunu azmışlara da yol göstərməlidir. Yəni biz bunu etdik və şadam ki, siyasi spektrin mütləq əksəriyyəti bu təşəbbüsə müsbət reaksiya verib, faktiki olaraq, siyasi dialoq artıq başlanıb. Əminəm ki, bunun nəticələri xalqımız üçün və ölkəmizin gələcək inkişafı üçün müsbət olacaq”.

Güclü tərəf olan iqtidar ölkədə bütün siyasi qüvvələrə dialoq təklifini irəli sürdü və əksər siyasi partiya bu çağırışa müsbət cavab verdi. Siyasi dialoqun inkişafı üçün iki istiqamətdə addımlar atıldı.

Birincisi, siyasi partiyalarla normal münasibətlər quruldu.
İkincisi, siyasi partiyaların problemlərinin həlli ilə bağlı dövlət səviyyəsində qərarlar qəbul olundu.


Başlanan siyasi dialoq həm iqtidarın, həm də müxalifətin maraqlarına cavab verir.

İqtidar üçün ümummilli məsələlərdə siyasi qüvvələri bir dam altında toplamaq, həm dövlət maraqlarının daha güclü müdafiəsini təşkil etmək, həm də dövlət üçün təhlükə olan kənar müdaxilələrin qarşısını almaq imkanı yarandı.

Müxalifətin fəaliyyət imkanları genişləndi, həm partiyaları ilə bağlı problemləri, həm də ölkə ilə bağlı məsələləri iqtidarın qarşısında qaldırmaq və həllinə nail olmaq imkanı qazandılar.

Siyasi dialoqun başlanmasından ötən müddətdə ümummilli maraqlar baxımından üç mühüm məsələdə həmrəyliyin nümayiş etdirilməsi artıq siyasi münasibətlərin Azərbaycanın maraqlarına uyğun formada inkişaf etdiyini deməyə əsas verir.

Bəşəri bəlaya çevrilən koronavirus pandemiyasına qarşı mübarizədə siyasi partiyalar dövlətin yanında oldu.

44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə siyasi qüvvələr sona qədər həmrəylik nümayiş etdirdilər.

Bu həmrəyliyin Azərbaycanın hər iki mübarizədən qalib çıxmasında rolu var.

Şuşa Bəyannaməsində nümayiş etdirilən növbəti həmrəylik də bu prosesin davamıdır.


Burada diqqətçəkən əsas məqam ümummilli məsələlərdə həmrəylik göstərən siyasi partiyaların eyni olması, milli maraqlara qarşı çıxan qüvvələrin də eyni olmasıdır.

Şuşa Bəyannaməsini dəstəkləyən bəyanata imza atan 48 siyasi partiya koronavirus bəlasına qarşı də dövlətin yanında olmuşdu, Vətən müharibəsində də həmrəylik nümayiş etdirmişdi.

Siyasi dialoq təklifini qəbul etməyən AXCP və Müsavat partiyaları yenə eyni ampulada davam edir, Vətən müharibəsində cəmiyyəti neqativə yükləməyə cəhd edən bu qüvvələr tarixi Şuşa Bəyannaməsinin əhəmiyyətini azaltmaq üçün əllərindən gələni edir.

Hərçənd, ölkədə yeni siyasi münasibətlər qurulub və yeni reallıqda dövlət maraqlarının əleyhinə çıxan qüvvələrin cəmiyyət tərəfindən “oyundan kənar vəziyyətə” salınır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm