Bu, düşmənə gözdağı idi - Çingiz Qənizadə
Bizi izləyin

Nida Təhlil

Bu, düşmənə gözdağı idi - Çingiz Qənizadə

İyunun 15-i ölkəmizdə çox əlamətdar bir gündür. Hər il həmin gün respublikamızda geniş miqyasda təntənə ilə qeyd olunur. Məhz 28 il əvvəl iyunun 15-də Azərbaycanda yeni mərhələnin başlanğıcı oldu. Ulu öndər Heydər Əliyev Ali Sovetin Sədri seçilməklə ölkəmiz parçalanmadan, xəritədən birdəfəlik silinməkdən, xaos və anarxiyadan qurtuldu. 28 il sonra, 2021-ci il iyunun 15-i yenə də əlamətdar hadisə ilə yaddaşlara əbədi həkk olundu. 30 ilə yaxın bir müddətdə işğal altında olan, lakin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun gücü ilə düşməndən azad edilmiş Şuşada Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalandı.

Bunu Publika.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Ç.Qənizadə qeyd edib ki, həmin gün dünya ictimaiyyətinin diqqəti Şuşaya yönəlmişdi: “Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ailə üzvləri və böyük bir nümayəndə heyəti ilə Şuşaya səfər etdi. Bu tarixi əhəmiyyətli səfər Azərbaycan-Türkiyə birliyinin sarsılmaz olması barədə həm Ermənistana, həm də onun havadarlarına bir mesaj idi. Şuşada iki qardaş ölkə arasında Bəyannamənin imzalanması isə düşmənə gözdağı idi. Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində birgə milli mənafelər baxımından siyasi, humanitar, iqtisadi, elm, təhsil, mədəniyyət, hərbi və təhlükəsizlik, o cümlədən media sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Dövlətimizin başçısı bu sənədi yüksək qiymətləndirərək dedi: “Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Müttəfiqlik haqqında Bəyannamə özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”.

Hüquq müdafiəçisi bildirib ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini ən yüksək zirvəyə qaldıracaq: “O cümlədən yeni regional geosiyasi konfiqurasiyanın qurulmasında, iki dost və qardaş ölkə arasında əlaqələrin ən yeni mərhələyə qədəm qoymasında mühüm əhəmiyyət kəsb edir. Bu sənəd, eyni zamanda, gələcək qələbələrimizin təməlini qoydu. Artıq dünya ictimaiyyəti də etiraf edir ki, Azərbaycan -Türkiyə əməkdaşlığı siyasi, iqtisadi və mədəni sahələr üzrə yüksələn xətlə inkişaf edir. Vətən müharibəsində qazandığımız tarixi Qələbədən sonra bölgədə yeni reallıqların yaranması özünü bütün sahələrdə büruzə verir. Şuşa Bəyannaməsi bu reallıqların rəhni olacaq”.

Çingiz Qənizadə əlavə edib ki, bu sənəd həm yerli, həmdə beynəlxalq təşkilatların diqqət mərkəzindədir: “Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların 48- i Şuşa Bəyannaməsini yüksək dəyərləndirir və birgə bəyanat qəbul ediblər. Yeri gəlmişkən, Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldıqdan sonra siyasi partiyaların fəaliyyətinin gücləndirilməsi üçün əlverişli şərait yaradılıb, partiyaların əksəriyyəti hər cür şəraiti olan qərargahla təmin olunub. Şuşa Bəyannaməsi ilə əlaqədar siyasi partiyaların qəbul etdikləri bəyanatda deyilir: “Biz – Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirən Şuşa Bəyannaməsinin mühüm tarixi və strateji əhəmiyyət kəsb etdiyini bildiririk”.

Hüquq müdafiəçisi Şuşa Bəyannaməsinin beynəlxalq aləmdə də böyük əks-səda doğurduğunu bildirib: “ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın dedikləri də bunu təsdiqləyir: “Şuşa Bəyannaməsinin imzalanması sabitləşdirici addımdır. Bəlkə də Bəyannamədə ən vacib maddə üçüncü dövlət və ya dövlətlər tərəfindən ölkələrdən birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyünə qarşı təhdid, təcavüz təqdirində birgə məsləhətləşmələrin keçirilməsi, bir-birinə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq silahlı qüvvələrin güc və komanda strukturlarının razılaşdırılmış fəaliyyətinin təmin edilməsidir”.

ABŞ-ın “SouthFive Strategies” yəhudi təşkilatının prezidenti Ceyson Epşteyn də bu sənədin imzalanması yüksək dəyərləndirib: “Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri barədə Şuşa Bəyannaməsinin imzalanması ölkə liderlərinin Cənubi Qafqazda sabitlik və çiçəklənməyə kömək göstərməkdə qətiyyətliliyi ilə bağlı digər maraqlı tərəflərə ismarıcdır. Bu sənədin imzalanması Türkiyə ilə Azərbaycan arasında əlaqələri daha da möhkəmləndirir”.

Faktlar da təsdiqləyir ki, Şuşa Bəyannaməsi böyük tarixi əhəmiyyət kəsb edir. Sənəddə diqqətçəkən digər məqamlardan biri də beynəlxalq əhəmiyyətli layihələrin reallaşmasıdır. Məlum olduğu kimi, Azərbaycanın Cənubi Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Zəngəzur dəhlizinin açılması İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Prezident İlham Əliyev də bu məqamı xüsusi vurğuladı: “Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq”.

Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regionda yenidən qarışıqlıq yaratmaq istədikləri bir zamanda Şuşa Bəyannaməsinin imzalanması düşmənlərimizə tutarlı cavabdır. Həm də Azərbaycanın gücünün, qüdrətinin təcəssümüdür”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm