Bu, Əliyevlə Ərdoğanın qələbəsidir - Rəy
Bizi izləyin

Nida Təhlil

Bu, Əliyevlə Ərdoğanın qələbəsidir - Rəy

“Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasından 1 həftə ötsə də, bu tarixi sənədin əhəmiyyəti haqqında müzakirələr hələ də davam edir. Ümumi qənaət ondan ibarətdir ki, qardaş ölkələr arasında bütün sahələrdəki münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsini özündə ehtiva edən bu sənəd ilk növbədə İkinci Qarabağ savaşından sonra regionda geosiyasi vəziyyətin və güc balansının Azərbaycanın və Türkiyənin xeyrinə dəyişməsini rəsmiləşdirdi. Şuşada Türkiyənin baş konsulluğunun açılması xəyal deyil, artıq reallıqdır”.

Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Azay Quliyev paylaşım edib.

Millət vəkili qeyd edib ki, Türkiyə və Azərbaycan bir-birinin təhlükəsizliyinə zəmanət verməklə üçüncü ölkə və ya ölkələr tərəfindən təcavüzə, yaxud hücuma məruz qalacaqları təqdirdə birgə cavab vermək öhdəliyi götürməklə Ermənistanın və onun havadarlarının revanşist planlarını birdəfəlik alt-üst etdilər: “Başqa sözlə, regionun bütün dövlətlərinə açıq mesaj verildi ki, bu bölgədə güc tətbiq etməyin və ya müharibə haqqında düşünməyin heç bir perspektivi yoxdur. Əksinə, bundan sonra Cənubi Qafqazda qalıcı sülhü və barışı bərqərar etmək məqsədilə birgə əməkdaşlığa başlamaq hamının yararınadır. ATƏT-in Minsk üçlüyü və digər beynəlxalq təşkilatlar da bu faktı mütləq nəzərə almalıdırlar”.

Deputatın fikrincə, 15 iyunda imzalanan Şuşa Bəyannaməsi Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrinə təsirsiz ötüşməyib:

“Belə ki, Şuşanı və Hadrutu alacağını bəyan edən Robert Koçaryanın və onun avantürasının hansı faciə ilə nəticələnəcəyini yaxşı başa düşən erməni xalqı bu caniyə səs vermədi. İlk baxışdan paradoksal görünsə də, ermənilər İkinci Qarabağ savaşında acı məğlubiyyətə uğramış və kapitulyasiya aktına imza atmış Paşinyanı dəstəkləməklə regionda yaranmış yeni reallığı və Qarabağa olan əsassız iddialarının davam etməsinin mənasız olduğunu qəbul etmiş oldular.

Şuşa Bəyannaməsində Avropa ilə Asiyanı yeni marşrutla birləşdirəcək Zəngəzur dəhlizinin açılması haqqında ayrıca bəndin olması bir daha onu göstərir ki, bu prosesin həyata keçirilməsində əsas söz sahibi Azərbaycan, Türkiyə və Rusiyadır, bu məsələdə Ermənistanın iştirakı formal xarakter daşıyır və ciddi əhəmiyyət kəsb etmir”.

Azay Quliyev qeyd edib ki, Şuşa Bəyannaməsi Qarabağın yenidən qurulması və inkişafına daha çox xarici investorların cəlb olunmasına və qoyulan sərmayənin təhlükəsizliyinə əlavə zəmanətdir:

“Bəzi xarici ekspertlərin və siyasətçilərin iddialarının əksinə olaraq onu da qeyd etmək lazımdır ki, Şuşa Bəyannaməsi 3-cü dövlətə qarşı deyil, ən azından Azərbaycanın ərazi bütövlüyünü və təhlükəsizliyini təhdid etmək fikrində olmayan hər hansı bir ölkənin bu sənəddən narahat olması üçün heç bir əsas yoxdur. Nəhayət, regionun gələcək taleyini bəlirləyən, bölgə xalqlarının rifah və sülh içində yaşaması üçün real perspektivlər yaradan Şuşa Bəyannaməsi hər iki ölkə Prezidentinin - cənab Əliyevin və cənab Ərdoğanın tarixi nailiyyəti, eyni zamanda siyasi və diplomatik qələbəsidir”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm