Bayrağımızın Şuşada dalğalandırılması Tokio-2020-dən daha vacib idi - Azər Badamov
Bizi izləyin

Nida Təhlil

Bayrağımızın Şuşada dalğalandırılması Tokio-2020-dən daha vacib idi - Azər Badamov

"Beynəlxalq arenalarda idmançılarımız dövlət bayrağını dalğalandıranda, himnimizi oxudanda vətənini sevən hər kəsi qürurlandırır və sevindirir. Artıq Tokio-2020 arxada qaldı. Olimpiada neçə medal qazandıq və idmançılarımızın uğurları necə oldu sualı ortaya çıxır. Qeyd edim ki, Tokio-2020-də 44 idmançı ilə təmsil olunduq və 3 gümüş, 4 bürünc qazanmaqla Azərbaycan Olimpiadada 67-ci sırada sıralandı. Təəssüf ki, idmançılarımız qızıl medalı ala bilmədi".

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, nəticələrin bizi qane edib-etmədiyini sadalayanda əvvəlki Olimpiadalarda qazandığımız nəticələr ilə müqayisə olunmalıdır:

"Afina-2004. 36 idmançı ilə təmsil olunduq 1 qızıl və 4 bürünc qazandıq. Pekin-2008. 44 idmançı ilə təmsil olunduq və 1 qızıl, 1 gümüş,4 bürünc qazandıq. London-2012. 53 idmançı ilə təmsil olunduq və 2 qızıl, 2 gümüş, 5 bürünc qazandıq. Rio-de-Janeyro-2016-da 56 idmançı ilə təmsil olunduq və 1 qızıl, 7 gümüş, 10 bürünc qazandıq. Keçən olimpiadalarda qazandığımız nəticələr ilə bu ili müqayisə edəndə nəticələrin heç də ürəkaçan olmadığını görürük. Sadaladığım müqayisədən görünür ki, idmançılarımızın keçən illərdəki olimpiadalardakı nəticələri yüksəlişə doğru gedirdi. Bu il isə idmançılarımız təəssüf ki, qızıl medal qazana bilmədilər və qazandığımız medalların sayı, sıralandığımız yer aşağıya düşdü. Biz buna haqq qazandırmaq üçün pandemiya ilə əlaqələndirə bilərik. Amma yüksək yerlərdə sıralanan ölkələrə baxanda isə görürük ki, o ölkələr pandemiya olmasına baxmayaraq əvvəlki olimpiadalardakı yerlərini qoruya bildilər. Yəni demək istədiyim odur ki, pandemiyanın olmasına görə heç də idmançılarımıza haqq qazandırmasını düzgün hesab etmirəm. Amma Tokio-2020 yarışlarına qatılmış və yüksək nəticələr göstərilmiş ölkələrdən fərqli olaraq Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində qələbənin əldə edilməsi üçün dövlətimiz və xalqımız bütün qüvvəsini torpaqlarımızın işğaldan azad olunmasına yönəltdi. İdmançılarımız da cəbhədəki müharibəyə səfərbər olundular. Bu faktor bizim üçün önəmli idi və bu məsələni nəzərə alanda Tokio-2020-dəki nəticələrimizin o qədər də qeyri-qənaetbəxş olmadığını görərik".

A.Badamov vurğulayıb ki, biz 2020-ci ildə xalqımızın 30 illik həsrətinə son qoyduq və bayrağımızı işğaldan azad olunmuş torpaqlarda, o cümlədən Şuşada dalğalandıra bildik:

"Bizim üçün bayrağımızın Şuşada, Laçında, Kəlbəcərdə və digər işğaldan azad olunmuş ərazilərimizdə dalğalandırılması Tokio-2020-dən daha vacib idi. Bizim üçün 2020-də əsas məsələ ölkəmizin ərazi bütövlüyünün təmin olunması idi və biz bunu etdik. İdmanımızı yenidən gücləndirə bilərik.

Dövlətimiz idmanın inkişafına yüksək dəstək göstərir. İdmançılarımız qayğı ilə əhatə olunub. İdmançılarımıza məşq etmək və yarışlara hazırlaşmaq üçün hərtərəfli şəraiti olan gözəl arenalar istifadəyə verilib. Ona görə də idmançılarımız və federasiyalarımız Tokio-2020-ni yaxşı təhlil etməli və növbəti olimpiadalara indidən hazırlıq görməlidirlər. İdmanda bir günü boş buraxmaq olmaz. Ciddilik azalanda nəticələr aşağı enir. Ona görə də məqsədyönlü və ciddi şəkildə növbəti olimpiadaya hazırlaşmalıyıq ki, qazanacağımız nəticələr daha yüksək olsun. Biz idman ölkəsiyik və düşünürəm ki, növbəti yarışlarda layiqli yerimizi yenidən qazanacağıq".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm