QH-yə sədrlik Azərbaycana qlobal rol oynamağa imkan yaradıb
Bizi izləyin

Nida Təhlil

QH-yə sədrlik Azərbaycana qlobal rol oynamağa imkan yaradıb

Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır. 60 il öncə formalaşmış və hazırda dünyada BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına Azərbaycan 10 il öncə tam hüquqlu üzv kimi qəbul olunub. Beş il sonra isə hərəkata üzv ölkələrin yekdil qərarı ilə Venesuelada keçirilmiş Zirvə görüşündə təşkilata sədrlik Azərbaycana həvalə edilib. Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin quruma sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də respublikamızın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.

Publika.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

R.Vəlibəyov bildirib ki, Azərbaycanın Hərəkata sədrliyi beynəlxalq miqyasda yüksək qiymətləndirilir: “Sirr deyil ki, Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Eyni zamanda, Qoşulmama Hərəkatına sədrlik Azərbaycana xüsusilə COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal rol oynamağa imkan yaradıb. Əlbəttə ki, bu prosesdə Azərbaycan dövlətinin və Prezindent İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsi də mühüm rol oynayıb. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu”.

“Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə də çıxış edib” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Hərəkatın 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısını və həmin ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını ayrıca qeyd etmək lazımdır: “Heç kəsə sirr deyil ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizə aparıb. Azərbaycan Qoşulmama Hərəkatının adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürüb və həmin qətnamə 2021-ci ilin mart ayında yekdilliklə qəbul olunub. Bütün bunlarla yanaşı, Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Ölkəmizin keçmiş münaqişə ilə bağlı mövqeyi Hərəkatın sənədlərində dəstəklənib. Qoşulmama Hərəkatının Azərbaycana siyasi dəstəyinin bariz nümunəsi kimi isə Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olmasını göstərmək olar”.

Ramil Vəlibəyov diqqətə çatdırıb ki, hazırda Azərbaycan Qoşulmama Hərəkatının perspektiv fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə müxtəlif təşəbbüslər də irəli sürür. Elə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda çıxışı zamanı bir sıra təkliflər səsləndirməsi Hərəkatın beynəlxalq nüfuzunun güclənməsinə verilən önəmli töhfələrdən hesab olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm