Son nəfəsində “Can Azərbaycan” deyən Abramovun HƏYAT HEKAYƏTİ-ARAŞDIRMA
Bizi izləyin

Nida Təhlil

Son nəfəsində “Can Azərbaycan” deyən Abramovun HƏYAT HEKAYƏTİ-ARAŞDIRMA

Bəzi insanlar var ki, onunla bir dəfə rastlaşmaq, söhbət etmək yaddaşdan ömür boyu silinməyəcək iz buraxır. Bir neçə il əvvəl millət vəkili Yevda Abramovla müsahibədən sonra məndə yaranan təəssürat da bunu deyirdi. Müsahibəni bitirib redaksiyaya dönərkən gur səsli, səmimi görkəmli və səmimi olduğu qədər ciddi siyasətçinin məndə yaratdığı dərin və nikbin təəssüratın təsiri altında qeyri-ixtiyari düşünürdüm. Yəqin ki, vətəninə cani-dildən bağlı olan müstəqil Azərbaycan Parlamentinin ilk yəhudi millət vəkili Yevda Abramovu heç vaxt unutmayacam.

Əlbəttə, bunu zaman göstərəcək. Amma sözsüz ki, Yevda müəllimlə 4 il əvvəlki görüşümün və aldığım müsahibənin təsirindəndir ki, ölümündən sonra onun həyat yolu ilə bağlı məqalə hazırlamağa qərar verdim və mərhum millət vəkilinin yaxınlarını, ailə üzvlərini axtarmağa başladım. Və elə bu axtarışlar zamanı indiyədək ictimailəşməmiş maraqlı faktlarla qarşılaşdım.

Bələdiyyə sədrliyindən parlamentə

2004-cü ildə Prezident İlham Əliyevin dövlət başçısı kimi Qubaya ilk səfəri zamanı maraqlı hadisə yaşanır. Ölkədə bələdiyyələr yeni formalaşırdı və Prezident Quba rayonu Qırmızı qəsəbədə olarkən, qəsəbənin bələdiyyə sədri Yevda Abramov görülən işlərlə bağlı məlumat verir. Bələdiyyə sədrinin səlis nitqi, oratorluq qabiliyyəti dövlət başçısının diqqətini çəkir və Prezident qarşıdan gələn 2005-ci il parlament seçkilərində Quba bölgəsindən yəhudi xalqının nümayəndəsi olan şəxsin millət vəkilliyinə namizəd göstərilməsi təşəbbüsünü irəli sürür. Belə də olur. Həmin vaxt bələdiyyə sədrliyi ilə yanaşı Yeni Azərbaycan Partiyasının qəsəbə təşkilatına rəhbərlik edən Yevda Abramov parlament seçkilərində iştirak edərək Milli Məclisə seçilir. Beləliklə 60-cı illərə təsadüf edən tələbəlik həyatından sonra onun Bakıya ikinci köçü baş tutur.

Köçdən söz düşmüşkən, Azərbaycana yəhudi xalqının ayaq basması min il əvvəllərə söykənir. Yevda Abramovun oğlu Elçin Abramov təxminən 750 il əvvələdək şəcərələrinin bilindiyini deyir: “Nəslimiz Kohen adlanır və bu nəsil Musa Peyğəmbərin qardaşı Harun Peyğəmbərin şəcərəsidir. Əsrlər öncə ulu babalarımız Mesopotamiya ərazisindən köç edərək İranda, sonra Azərbaycanın qədim torpağı olan Şamaxı ərazisində və daha sonra Qubada məskunlaşıb. Azərbaycan xalqı qədimdən qonaqpərvərliyi, sülhsevərliyi, müasir terminlə desək tolerantlığı ilə seçilib. Ona görə də babalarımız Azərbaycan ərazisində adaptasiya dövrünü hiss etməyiblər”.

Atasının unikal şəxsiyyət olduğunu deyən Elçin Abramov onun gecə-gündüz dövlətin inkişafı, Azərbaycanın maraqları naminə çalışdığını qeyd edir: “Yevda Abramov milli dəyərlərə həmişə sadiq olub, yəhudi olmasına baxmayaraq, o özünü, ilk növbədə bir Azərbaycan övladı, bir Azərbaycan vətəndaşı, bir Azərbaycanlı sayırdı. Yevda Abramov ümummilli liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin siyasi kursunu dəstəkləyərək Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil edirdi. Bu baxımdan atamın Azərbaycançılıq ideologiyasındakı rolu zənnimcə danılmazdır. Onu da deyim ki, Yevda Abramov Azərbaycan cəmiyyətinin, xalqının rifahı naminə əlindən gələni edərdi. Millət vəkili olarkən, gecə belə olsa, eytiyacı olub zəng edənlərin telefonunu açar, probleminə diqqətlə dinləyər və qısa müddətdə həmin məsələnin həllinə nail olmasının dəfələrlə şahidi olmuşam”.

Tələbələri dünyaya səpələnmiş müəllim

Mərhum deputatın gənclik dostu, yəhudi musiqiçi Nisim Nisimov onunla münasibətlərinin tələbəlik illərində formalaşdığını deyir. Sonradan uzun müddət müəllim kimi həmkar olan və 2005-ci ildə Yevda Abramov parlamentə seçildikdən sonra Qırmızı qəsəbə bələdiyyəsinə rəhbərlik edən Nisim Nisimov qeyd edir: “Yevda müəllim məndən 3 sinif yuxarı oxuyurdu. O, Pedoqoji İnstituta, mən isə Asəf Zeynallıya daxil oldum. Biz dostlarımızla birlikdə “Tarqovıy” məhəlldə gəzər, söhbətləşərdik. Sovet illərində “Tarqovıy”da yəhudilər çox idi və günümüz oralarda keçirdi. O, vaxtdan düşünürəm Yevda müəllimdə və bizlərdə vətənimizə məhəbbət daha da möhkəmləndi. Ali təhsil alandan sonra ikimiz də Qubada müəllim kimi fəaliyyətə başladıq. O, tarix, mən isə musiqi müəllimi idim və bizim dostluğumuz daha da gücləndi. Hər dəfə tədbirlərdə olanda məni təqdim edərək Ümumdünya Folklor Festivalının laureatı olmağımı, xarici ölkələrdə səfərlərdə iştirakımı fəxarətlə vurğulayardı”.

Yevda müəllim Azərbaycan xalqını sevən, xalqa sədaqətli bir insan olduğunu vurğulayan Nisimov əlavə edir: “Bir dost kimi deyə bilərəm ki, Yevda Abramov çox diqqətli, konkret və sözünü deyən insan idi. Buna görə də çox sevilirdi. Nəinki, Quba, Qusar və ya Xaçmazda bütün Azərbaycan xalqı onunla fəxr edirdi. Həmçinin pedaqoq kimi Azərbaycana xidmətlər göstərmiş şəxsiyyət idi. Onun şagirdləri ABŞ, Kanada, İsrail kimi ölkələrdə fəaliyyət göstərirlər. Həmişə söhbət açılanda tələbələrinin adını çəkər, onlardan fəxrlə danışardı. Məsələn, Moskvada yaşayan həmyerlilərimiz Qod Nisanov, Zaxar İliyevin orta məktəbdə Yevda müəllimin şagirdi olub. Hər dəfə gəncləri görəndə gur səsi, gözəl diksiyası ilə onlarla söhbət edər, təlim-tərbiyələrinə töhfə verməyə çalışardı. Yaxşı xatırlayıram, 20 yanvar hadisələri zamanı Yevda müəllim qəsəbəmizdən 300 nəfəri toplayıb qan vermək üçün Quba xəstəxanasına aparmışdı. Qarabağda döyüşlər gedərkən qəsəbədən çağırışçıların və könüllülərin cəbhəyə yollanmasını da Yevda müəllim təşkil edirdi. Düşünürəm əsl azərbaycançılıq, multikulturalizm də elə budur”.

Böyük Azərbaycanlı – Azərbaycançılıq ideyasının daşıyıcısı

Yevda Abramovdan sonra Quba-Qusar seçki dairəsindən millət vəkili seçilən yəhudi xalqının digər nümayəndəsi, Anatoliy Rafailov onu belə xatırlayr: “Uzun illərdir, Yevda Abramovu tanıyıram, o, çox vətənpərvər insan idi. Həmişə deyərdi ki, Azərbaycan yeganə ölkədir ki, adının sonu “can” sözü ilə bitir və son nəfəsində “Can Azərbaycan” deyərək, dünyadan köçdü”.

Mərhum deputatın Milli Məclisdəki ən prinsipial millət vəkillərindən biri olduğunu əlavə edən A.Rafailov qeyd edir: “Onun problemlər haqqında kəskin çıxışları yəqin ki, Azərbaycan xalqının yadındadır. Dövlətçiliyimizin ən çətin günlərində Yevda Abramov təkcə öz seçiciləri ilə deyil, bütün Azərbaycan xalqı ilə bir yerdə idi. Mən bütün deputatlara Yevda Abramovda olan vətənpərvərliyi, cəsarəti və öz xalqına bağlılığı arzu edirəm. Onun kimi bir şəxsiyyətin itirilməsi çox ağırdır. Siz görərdiniz onun dəfnində nə qədər insan var idi. Qubanın ucqar kəndlərindən də vidalaşmağa gəlmişdilər. Hamının üzündə dərin kədər, hüzn vardı. Bütün bunlar Azərbaycan xalqının tolerantlılığının, azərbaycançılıq məfkurəsinin nə qədər geniş olduğunun əyani sübutu idi. Yevda Abramov sözün həqiqi mənasında Böyük Azərbaycanlı idi”.

2005-ci ildə Yevda Abramovla birlikdə parlamentə seçilən, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva xatirələrini bölüşərkən deyir: "Yevda müəllimi Azərbaycanı, dövlətimizi dəlicəsinə sevən bir insan, ölkəmizi dünyada və olduğu bütün yerlərdə gözəl şəkildə təbliğ edən bir millət vəkili idi. ABŞ-dakı səfərimizi xatırlayıram. O, Azərbaycan dövləti, Azərbaycan xalqı, Prezidentin yürütdüyü siyasət nəticəsində Azərbaycanın əldə etdiyi uğurlardan, xalqımızın böyük mədəniyyəti, tarixi barəsində həvəslə danışırdı. O, vurğulayırdı ki, Azərbaycan xalqı elə bir böyük xalqdır ki, burada yəhudilər özlərinə qarşı heç vaxt anti-semitizm hiss etməyiblər, bu mənada Azərbaycan dünya ölkələrinin başında gəlir. Yevda müəllim həm də Qarabağ ağrısını içində hiss edən ziyalımız idi. Hər səfərimizdə Qarabağ həqiqətlərindən, Xocalıda törədilmiş soyqırımdan geniş danışardı, dünya ictimaiyyətini bu məsələdə Azərbaycana dəstək verməyə çağırardı. İnsan kimi çox səmimi, gülərüz, sadə bir ziyalı idi. Buna görə də Azərbaycan xalqı və dövləti onu unutmayacaq.".

“Xoşbəxtəm ki, Yevda Abramov kimi şəxsiyyətin oğluyam”

Hazırda Yevda Abramovun 4 övladından biri Azərbaycanda, digərləri isə xaricdə yaşayır. Tale elə gətirib ki, onunla eyni xəstəliyə düçar olmuş xanımı İsraildə müalicədə olarkən vəfat edib və orada dəfn edilib. Yevda Abramovun vəsiyyəti isə Azərbaycanda dəfn edilmək olub. Oğlu Elçin Abramov deyir: “Biz atamızın son istəyini yerinə yetirdik. Böyük qardaşım və bacılarım xaricdə yaşayırlar. Buna baxmayaraq Azərbaycanı çox sevirlər, tez-tez doğma yurdumuza gəlirlər, xaricdə Azərbaycanı təmsil edir, ölkəmizlə bağlı təbdirlərdə iştirak edirlər. Mən də öz növbəmdə, uzun illər müxtəlif xarici ölkələrdə yaşamışam, orada çalışmışam. Bu gün isə sevindirici haldır ki, Azərbaycandayam. Bir müddət əvvəl ailəm və övladlarımla birgə Azərbaycana qayıtdım. Həyatımda yeni səhifə açdım və hər şeyi sıfırdan başladım. Öz gələcəyimi, övladlarımın gələcəyini Azərbaycanda görürəm. Arzum budur ki, övladlarımı burada Vətənə sevgi hissi ilə tərbiyə edərək babaları Yevda Abramovun ad-soyadına layiqli nəvə kimi boya-başa çatdırım. Mən xoşbəxtəm ki, Yevda Abramov kimi şəxsiyyətin oğluyam”.

Nə qədər ki, Yevda Abramovun əməlləri və nurlu siması insanların yaddaşlarından silinməz olacaq, onun xatirəsi o qədər əbədi yaşayacaq.

Nizam Rzayev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm