İƏT Zirvəsi: İlham Əliyevin Aşqabadda verdiyi mesajlar və mühüm təşəbbüslər
Bizi izləyin

Nida Təhlil

İƏT Zirvəsi: İlham Əliyevin Aşqabadda verdiyi mesajlar və mühüm təşəbbüslər

İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə toplantısı Aşqabadda keçirildi. Zirvədə iştirak edən Prezident İlham Əliyev həm ikitərəfli münasibətlər, həm də İƏT çərçivəsində əməkdaşlıq baxımından xüsusi əhəmiyyət kəsb görüşlər keçirdi, o cümlədən, toplantıda etdiyi çıxışda mühüm mesajlar verdi.

Hökumətlərarası regional təşkilat olan İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədi üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafına töhfə verməkdən ibarətdir. 1964-cü Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” kimi yaradılan təşkilat, 1985-ci ildə İƏT olaraq yenidən qurulub. Hazırda İƏT-in 10 üzvü var: Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan.

Azərbaycan 1992-ci ildə təşkilata üzv olub. Bu müddətdə təşkilatın işində fəallığı ilə seçilib, xüsusilə beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq qurulmasına mühüm töhfələr verib.

İƏT-in Tədqiqat Mərkəzinin yaradılması ideyası Azərbaycanın təşkilatın fəaliyyətinə verdiyi töhfələrdən biri hesab oluna bilər. Bu Mərkəz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Heydər Əliyev 2002-ci ildə İstanbulda keçirilmiş İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşündə İƏT-in Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi ilə çıxış edib. 2006-cı ildə İƏT-in Bakıda keçirilmiş 9-cu Zirvə Görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən təkrar olaraq irəli sürülüb. 2021-ci ilin mart ayında İƏT-in Türkiyənin sədrliyi ilə video-konfrans vasitəsilə keçirilmiş 14-cü Zirvə Görüşündə Mərkəzin nizamnaməsi imzalanıb.

Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı bildirib ki,
Azərbaycan Mərkəzin səmərəli fəaliyyətinin təmin edilməsi üçün səylərini əsirgəməyəcək.

“Mən digər üzv dövlətləri bu mühüm təşəbbüsə qoşulmağa dəvət edirəm” – dövlət başçısı qeyd edib.

İƏT-in Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün İƏT-ə və üzv ölkələrə yardım etməkdir.

Prezident İlham Əliyevin çıxışında ən mühüm məqamlardan biri də Zəngəzur dəhlizi ilə bağlı idi. Dövlət başçısı bildirdi ki, “Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər”.

Azərbaycan liderinin Soçi görüşündən sonra “Zəngəzur dəhlizi reallığa çevrilir” sözləri və İƏT-ə üzv ölkələri dəhlizdən istifadə etməyə dəvət etməsi bir daha təsdiq edir ki, görüşdə rəsmi Bakı dəhlizlə istədiyinə nail olub. Soçi bəyannaməsində 10 noyabr və 11 yanvar üçtərəfli razılaşmalarına istinad edilməsi, bu razılaşmaların icrasının vacibliyinin vurğulanması da göstərir ki, Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı cəhdləri nəticə verməyib.

Zəngəzur dəhlizi Prezidentin də açıqladığı kimi, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. İƏT-ə üzv ölkələr də bu dəhlizdən böyük fayda götürə biləcək.

- Region ölkələri – Türkiyə və İran;
- Mərkəzi Asiya ölkələri - Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan;
- Cənub-Şərqi Asiya ölkələri – Pakistan və Əfqanıstan;


Siyasi xəritəyə nəzər yetirdikdə İƏT-ə üzv ölkələrin hər birinin Zəngəzur dəhlizinə çıxış potensialı və dəhlizdən yararlanmaq imkanı var. Azərbaycan bu addımla Avrasiyanın nəqliyyat arteriyasında yeni imkanlar yaradır.

Prezident İlham Əliyev Zirvə görüşündə post-münaqişə dövrü ilə bağlı da danışdı və işğaldan azad edilmiş ərazilərdəki qurucluq işləri haqda məlumat verdi.

Dövlət başçısı bildirdi ki, 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu: “44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndi. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi”.

Prezident vurğuladı ki, işğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələri Ermənistan tərəfindən yerlə-yeksan edilib: “Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində Ermənistan bizim məscidləri dağıtmış və təhqir etmiş, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə etmişdir. İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər iki məscidə isə ciddi zərər dəymişdir. Qəbiristanlıqlar da vandalizmə məruz qalmışdır”.

Dövlət başçısı əlavə etdi ki, ərazilərin azad olunmasından dərhal sonra biz genişmiqyaslı yenidənqurma işlərinə başlamışıq ki, artıq onların ilkin nəticələri var: “Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaqdır. Mən azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etmişəm. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir”.

Azərbaycan lideri bu fikirləri ilə üç mesaj verdi:

Birincisi, növbəti dəfə beynəlxalq platformadan münaqişənin başa çatdığını, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini bəyan etdi;
İkincisi, İƏT-ə üzv olan müsəlman ölkələrinə Ermənistanın işğal dövründə İslam abidələrini təhqir etməsi faktlarını çatdırdı;
Üçüncüsü, işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın öz gücü hesabına həyata keçirdiyi quruculuq işlərindən bəhs etməklə İƏT ölkələrinin də prosesdə iştirakının vacibliyi mesajını çatdırdı;

Bununla yanaşı, Azərbaycan Prezidenti ölkəmizin iqtisadi inkişafından, beynəlxalq reytinqindən danışdı. Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycanın mövqelərini ildən-ilə daha da güclənir. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaranıb. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb.

Dövlət başçısı ölkəmizdəki real iqtisadi vəziyyəti və mühiti diqqətə çatdırmaqla xarici sərmayənin Azərbaycana gəlməsini də təşviq etmiş oldu.

Prezident İlham Əliyev dünyanın bəlasına çevrilən COVİD-19 pandemiyasına qarşı Azərbaycanın apardığı mübarizədən də bəhs etdi.

“COVID-19-a gəlincə, Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndlənmə kampaniyasına başlamışdır. Ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulmuşdur. Bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilmişdir. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaqdır. Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün mühüm addımlar atır. Biz “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğumuzu daim vurğulayırıq”, - Prezident bəyan etdi.

Azərbaycanın pandemiya ilə mübarizə modeli Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilmiş modeldir. Bununla yanaşı, Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində pandemiyaya qarşı beynəlxalq mübarizəni təşviq edən mühüm addımlar atıb. Bunlardan biri də Azərbaycanın həm koronavirusa qarşı mübarizədə beynəlxalq birliyin yaradılması, həm də peyvəndin ədalətli bölünməsi ilə bağlı təşəbbüslərinin BMT səviyyəsinə çıxarılmasıdır.

Azərbaycan bu təcrübəni İƏT ölkələri ilə də bölüşə bilər. O cümlədən, Türk Dövlətləri Təşkilatında, Qoşulmama Hərəkatında nail olduğu birlik modeli İƏT də də tətbiq edilə bilər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm