Gələn ildən bu avtomobillərin QİYMƏTİ KƏSKİN BAHALAŞACAQ
Bizi izləyin

Nida Təhlil

Gələn ildən bu avtomobillərin QİYMƏTİ KƏSKİN BAHALAŞACAQ

2022-ci ildən iri mühərrikli nəqliyyat vasitələrinə görə aksiz vergisinin məbləği artırılacaq. Bununla yanaşı, 7 ildən artıq istehsal tarixi olan və idxal edilən nəqliyyat vasitələrinin aksiz vergisinə əlavə əmsal tətbiq olunacaq. Gələn ildən Vergi Məcəlləsinə ediləcək digər dəyişiklik isə istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının növbəti 3 ildə əlavə dəyər vergisindən (ƏDV) azad edilməsidir. Dəyişikliklərə əsasən, yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı ƏDV-dən azad ediləcək. Eyni zamanda elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı da 3 il müddətinə sözügedən vergidən azad olunur. Gözlənilir ki, sözügedən dəyişikliklərdən sonra istehsal ili köhnə olmayan hibrid avtomobillərin qiymətində azalmalar olacaq.

İqtisadçılar hesab edir ki, ƏDV-dən azad olma onların xərcinin orta hesabla 18% azalmasına səbəb olacaq. Bəs, ümumilikdə 2022-ci ildə avtomobil bazarında vəziyyət necə olacaq? Ən əsası, hər kəsi düşündürən sual: Qiymətlər arta bilərmi?

Mövzu ilə bağlı Publika.az-a danışan nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı deyir ki, hazırda maşın bazarında aktivlik mövcuddur. Bu isə növbəti ildən rüsumların artırılması ilə bağlıdır. Ekspert bildirib ki, bna görə də ölkəmizə çoxlu sayda ikinci əl avtomobillər gətirilib: “Təbii ki, yeni avtomobillər də gətirilir. Rəsmi dillerlər rüsumun artmasına qədər müəyyən qədər yeni avtomobil gətirməyə çalışırlar. Düzdür, yeni avtomobillərlə bağlı problem var və bu, qlobal səviyyədə hökm sürür. Bu, çip problemidir. Çip istehsalı çatışmadığına görə, avtomobillərin istehsalında da xeyli azalma var. Müxtəlif ölkələrdə azalma prosesi gedir və Azərbaycana da təsir göstərir. Məsələn, hansısa rəsmi diller il ərzində təmsil etdiyi avtomobil modeli ilə bağlı 100-200 ədəd maşın almalıdır. Ancaq bu gün bu rəqəm 25-10 ədəd maşına bərabərdir. Təxminən 90% azalma var. Buna görə də əsas dövriyyə ili qismən yeni olan ikinci əl avtomobillərdir ki, vətəndaşlar daha çox ona üstünlük verirlər”.

E.Muradlının sözlərinə görə, 2022-ci ildə ölkəmizdə elektromobillərə və hibrid avtomobillərə tələbat daha da arta bilər: “Çünki bu gün hibrid avtomobillərə tələbat çoxdur. Amma təəssüf ki, rüsumlar baha olduğu üçün və heç bir güzəşt edilmədiyinə görə hibrid avtomobillərin ən köhnə variantları gətirilirdi. Növbəti ildən düşünürəm ki, son üç ilin istehsalı olan yeni avtomobillər gətiriləcək. Belə olan halda yeni hibrid maşınlar avtomobil parkımıza daxil olacaq və park daha da yenilənə bilər. Həmçinin, vətəndaşlar da ekonom maşınların zövqünü yaşaya biləcəklər”.

2022-ci ildən avtomobillərin qiyməti qalxacaq

Ekspert hesab edir ki, növbəti ildən qiymət artımı qaçılmazdır. E.Muradlı bildirir ki, 2022-ci ildən bəzi avtomobillərdə mühərrikin gücünə görə rüsumlar artırılması qiymətlərə təsirsiz ötüşməyəcək: “Eyni zamanda hibrid avtomobillər əlavə dəyər vergisindən azad olunduğu üçün, bu maşınların qiymətində azalma müşahidə olunacaq. Ancaq sual doğuran məqam ondadır ki, rəsmi dillerlər bu tələbatı ödəyib avtomobil gətirə biləcəklərmi, yoxsa yenə də alverçilər bu sahədə daha böyük rol oynayacaq”.

Hazırda ölkəyə avtomobil idxal edən satıcıların 2022-ci ildə gözlənilən qiymət artımı proqnozlarını əsas gətirirək, bir neçə ay əvvəldən gətirdikləri maşınları daha baha qiymətə satmaq məqsədilə hələ də satışa çıxarmamaları ilə cəmiyyətdə fikirlər dolaşır.

Elməddin Muradlı qeyd edib ki, son aylarda avtomobilləri ölkəyə gətirib satmamaq və növbəti ili gözləmək həqiqətdir. Bunun arxasında isə daha çox pul qazanmaq istəyi dayanır: “Alverçilər çox təəssüflər olsun ki, öz maddi maraqlarını güdərək, daha çox pul qazanmaq məqsədilə bu yola əl atırlar. Onlar pandemiya dövründə itirdiklərini geri qaytarmğa çalışırlar. O anlamda onların bu addımı başadüşüləndir. Onlar ticarətçidir, bu işə ancaq qazanc gözü ilə baxırlar və kiminsə şəxsi marağına xidmət etmirlər. Maşın almaq istəyənlərə xidmət göstərmirlər və sadəcə pul qazanmaq marağındadırlar. Buna görə də bu cür vəziyyət yaranıb”.

"Ölkəyə idxal olunan avtomobillərin sayı artıb"

Ekspert vurğulayıb ki, bu il ölkəyə gətirilin avtomobillərin sayında xeyli artım müşahidə olunub: “Bu gün idxal sayı pandemiyadan və devalvasiyadan əvvəlki dövrlərə yaxınlaşır və rəqəmlər 100 mini keçib. Elə gün olur ki, ölkəmizə xarici ölkələrdən 600-650 ədəd avtomobil daxil olur. Bu, fantastik göstəricidir. Çünki indiyədək olmayıb ki, gömrükdən ölkəmizə 650 ədəd avtomobil keçsin. Ancaq bu gün apardığımız araşdırmalar zamanı üzə çıxır ki, Azərbaycana kütləvi avtomobillərin gətirilməsinə bir neçə aydır başlanıb və il sonuna yaxın isə vəziyyət daha da kritikləşib. Bir gündə yüzlərlə maşını gömrükdən keçirirlər. Təbii ki, daha yaxşı olardı ki, bütün avtomobillərdə ən azı üç il gömrük rüsumlarını, əlavə dəyər və aksiz vergilərini azaltsınlar. Hətta mühərrikinin həcmi az olan avtomobillərə bunu şamil etsəydilər, çox yaxşı olardı və vətəndaşlar da imkan edib avtomobil parkını yeniləyərdilər. Çünki dövlət proqramı var, köhnə maşınlar çıxdaş olunmalıdır. İstismara yararsız maşınların yerini yeniləri tutmalı idi. Bunun üçün isə bugünkü qiymətlər əlverişli deyil. Əlverişli olması üçün isə müəyyən müddətdə güzəşt edilməli idi. Güzəşt olardısa, vətəndaşlar da rahat şəkildə qismən də olsa ucuz qiymətə ili daha yeni olan, Avro-4 və ya Avro-5 standartına uyğun maşın alardı.

Düşünürəm ki, növbəti ildən bu haqda düşünmək olar. Əlavə dəyər vergisinin ləğvini bütün avtomobillərə, xüsusilə də mühərrikin həcmi 2.5 -3.0 litrdən aşağı olan avtomabillərə şamil etsələr, vətəndaşlar üçün daha əlçatımlı olar. Məsələn, bu gün 20 min manata satılan maşın 13-15 minə başa gəlsə, köhnə “Mercedes”, “Toyota Prius” Hyundai” “Kia” kimi qəza riski çox olan maşınlardan yaxa qurtarmaq mümkün olacaq”.

Qeyd edək ki, yanvar-oktyabr aylarında Azərbaycana 744 milyon 379 min ABŞ dolları dəyərində 72 min 902 avtomobil idxal olunub. Ölkəyə gətirilən avtomobillərin 186-sı sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 68 min 24-ü əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 4571-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 121-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm