Böyük quruculuq: Qarabağa 30 ildən sonra yenidən həyat qayıdır
Bizi izləyin

Nida Təhlil

Böyük quruculuq: Qarabağa 30 ildən sonra yenidən həyat qayıdır

27 Sentyabr Azərbaycanın yeni tarixinin başlandığı gündür. Bu gün ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda canlarını qurban verən şəhidlərimizin, qazilərimizin qəhrəmanlığının zirvəsi günüdür. Məhz bu gündən başlayaraq 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinə şərəfli anlar kimi yazılıb. Bu şanlı tarix milli birliyimizin ən yüksək zirvədə ifadəsi idi ki, bu gün Azərbaycan bayrağı Qarabağın və Şərqi Zəngəzurun ən uca zirvələrində dalğalanır.

2 il bundan öncə təkcə Azərbaycanın yeni tarixi yazılmadı, həm də bölgənin yeni dövrü başladı. Regionun titul xalqı kimi Azərbaycan və Türkiyə önə çıxaraq bütövlükdə bölgə dövlətlərinin iqtisadi əməkdaşlığı, tərəqqisi, sülh və birgəyaşayışın təmin olunması üçün çox ciddi addımlar atdı. Bunlar hamısı 27 sentyabrdan başlayan şərəfli tarixdir.

Qarabağın bərpası və yenidən qurulması

İşğal dövründə viran qoyulmuş torpaqlarımıza bu gün yeni həyat gəlir. 2 ilə yaxın müddətdə işğaldan azad olunan ərazilərimizin sosial-iqtisadi inkişafı ilə bağlı böyük işlər görülüb. Bu gün qalib Azərbaycan xalqı Vətən müharibəsində göstərdiyi hünərləri Qarabağda və Şərqi Zəngəzurda geniş vüsət alan bərpa-quruculuq işlərində də göstərir.

- 30 il əvvəl vətənlərindən didərgin salınan azərbaycanlıların doğma yurdlarına qaytarılmasına yönələn böyük layihələr həyata keçirilir;

- İşğaldan azad olunan şəhərlərimizin baş planı hazırlandı;

- Şəhər və kəndlərin təməli qoyulur, yeni yaşayış məntəqələri ilk sakinlərini qəbul edir;

- İnfrastruktur yaradılır, sənaye müəssisələri, digər obyektlər istifadəyə verilir, kənd təsərrüfatı dirçəldilir. Yollar, körpülər, tunellər çəkilir;

- Artıq həmin bölgədə bir beynəlxalq hava limanı istifadəyə verilib, bu yaxınlarda da daha biri istifadəyə veriləcək, Zəngəzur dəhlizinin açılmasına hazırlıq görülür;

- Azad olunan ərazilərimiz mədəni tədbirlərə ev sahibliyi edir, dünyanın dörd yanından qonaqlarını salamlayır.

Regionun sosial-iqtisadi inkişafı üçün açılan üfüqlər

Müharibədən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Aparılan yenidənqurma və bərpa işləri Azərbaycanla bərabər, qonşu dövlətlərin də iqtisadi inkişafına mühüm töhfə olacaq.

Region ölkələrinə sosial-iqtisadi tərəqqi baxımından geniş imkanlar açan əsas 3 amil:

- Regionda yerləşən ölkələr arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi;

- Yeni nəqliyyat kommunikasiyalarının inşası;

- Bölgənin logistika mərkəzinə çevrilməsi.

Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək.

Sosial-iqtisadi dirçəliş və “Böyük qayıdış”ın başlanğıcı

Bir bölgədə iqtisadiyyatın, sosial həyatın dirçəlişi həm də orada yaşamağa, qurub yaratmağa bağlıdır. Artıq uzun illər doğma yurdundan didərgin düşən vətəndaşlarımız doğma torpaqlarına geri qayıdır. Bütün azad olunan ərazilərimizdə bərpa-quruculuq işləri surətlə davam edir.

Biz bir neçə ay öncə tarixi hadisənin - Qarabağa ilk “Böyük qayıdış”ın, sakinlərin ilk köçürülməsinin şahidi olduq. Birinci pilot layihə Zəngilanda Ağalı kəndində icra edildi. Ağalı kəndinin sakinləri artıq doğma torpaqlarında məskunlaşıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Burada insanların yüksək səviyyədə yaşayışı üçün hər cür şərait yaradılıb. “Böyük qayıdış” iqtisadiyyatımızın dirçəldilməsi konsepsiyasının əsas istiqamətlərindən biridir.

Beynəlxalq hava limanları - dünyaya açılan pəncərə

Qarabağ və Şərqi Zəngəzurun “hava qapıları” ölkəmizin, o cümlədən regionun sosial-iqtisadi inkişafına mühüm töhfə olacaq.

Zəfərimizin heç bir ili tamam olmadan, çox qısa bir müddətdə ermənilərin viran etdiyi, daşı daş üstündə qoymadığı Füzulidə beynəlxalq hava limanı tikilib istifadəyə verildi. Yaxın günlərdə isə Zəngilan Beynəlxalq Hava Limanının açılışı gözlənilir.

Qarabağ və Şərqi Zəngəzurda hava limanlarının olmasının bir sıra sosial-iqtisadi əhəmiyyəti var.

Füzuli Beynəlxalq Hava Limanı:

- Bu hava limanı regionun ən iri hava limanı statusunu və eyni zamanda Qarabağımızn strateji hava qapısı rolunu daşıyır;

- Qarabağın ölkənin digər əraziləri ilə bərabər, bölgənin beynəlxalq inteqrasiyasının təmin olunmasına mühüm töhfə olacaq;

- Beynəlxalq yükdaşımalar üçün əhəmiyyətli olacaq və bölgənin iqtisadi baxımdan dirçəlməsi üçün imkanlar açacaq.

Yaxın zamanda açılışı planlaşdırılan Zəngilan Beynəlxalq Hava Limanı da böyük logistik əhəmiyyətə sahib olacaq. Zəngəzur dəhlizi açılsa, hava limanının rolu da böyüyəcək.

Düşünülmüş siyasət

Qarabağın ölkənin sosial-mədəni və iqtisadi məkanına reinteqrasiyası düşünülmüş sistemli layihələrin həyata keçirilməsi vasitəsi ilə aparılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının mövcud potensialı, xammal və təbii ehtiyatlar və məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin ərazilərimizdə məhsul istehsalı arta bilər.

Bu il bütün dünya ərzaq böhranı ilə üzləşəndə ölkəmizin atacağı addım olaraq işğaldan azad olunmuş ərazilərimizin potensialından istifadə etmək məsələsi gündəmə gəldi. Qlobal ərzaq böhranı heç bir ölkə üçün arzuolunan deyil. İstənilən halda, çox qısa zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-yenidənqurma, yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafı müşahidə edəcəyik.

Şərqi Zəngəzur iqtisadi rayonunun strateji və iqtisadi əhəmiyyəti

Şərqi Zəngəzur bölgənin iqtisadi potensialının istifadə edilməsi və genişləndirilməsi aspektindən də vacibdir. Qarabağ iqtisadi rayonunun həm sənaye, həm turizm, həm də aqrar sektorda böyük potensialı var. Şərqi Zəngəzur da həm aqrar sahədə, həm də təbii ehtiyatlar baxımından kifayət qədər böyük potensiala malik iqtisadi rayondur.

İşğaldan azad olunmuş bölgələrimizin bərpa və yenidən qurulmasını nəzərə alsaq, nəticədə işğaldan azad olunmuş ərazilərimizin, bütövlükdə Qarabağın bərpa, yenidənqurma prosesinin daha sürətli şəkildə həyata keçirilməsi, eyni zamanda iqtisadi inkişafın formalaşmasına daha sistemli və dövlət proqramları çərçivəsində yanaşmanın həyata keçirilməsinə imkan verəcək.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən vətəndaşlarımızın el-obasına qayıdışı artıq başlayıb. Bütün bunlar 30 illik işğaldan sonra tarixi torpaqlarımıza qayıdışın ilk addımlarıdır.

“Böyük qayıdış”ın banisi Prezident İlham Əliyevin dediyi kimi, “Biz bu torpaqların sahibiyik, buraya qayıtmışıq və burada əbədi yaşayacağıq”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm