ABŞ "rəngli inqilab" planını açıq elan edir: Bakı nəyə diqqət etməlidir?
Bizi izləyin

Nida Təhlil

ABŞ "rəngli inqilab" planını açıq elan edir: Bakı nəyə diqqət etməlidir?

ABŞ “rəngli inqilab” mövsümünü açıq elan edir: martın 31-də keçiriləcək “demokratiya sammiti” ərəfəsində yayımlanan “Demokratiyanın Parlaq Nöqtələrini Anlamaq və Dəstəkləmək” adlı sənəd Vaşinqtonun yeni inqilablar və hakimiyyət dəyişikliyi strategiyasının tərkib hissəsidir.

Sənəddə qeyd olunur: Birləşmiş Ştatlar demokratik “parlaq nöqtələrə” xüsusi diqqət və dəstək verəcək.

Vaşinqtonun demokratiya adı altında daxili işlərə müdaxilə və hakimiyyət dəyişikliyi etdiyinə dair zəngin təcrübəsi olsa da, bu qeyd özlüyündə heç nə ifadə etmir. Lakin sənəddə “demokratik parlaq nöqtəni nə təşkil edir” sualına cavabı artıq inqilab üçün müdaxiləyə açıq çağırış olaraq qəbul etmək olar.

Birincisi, vətəndaş səfərbərliyi liderləri qovur: kütləvi səfərbərlik demokratik yola etiraz edilən lideri səlahiyyət müddətinin ortasında sıxışdırıb çıxarır;
İkincisi, perspektivli avtoritar varislik: rejimin davamlılığı çərçivəsində demorkatik tərəqqiyə qapını açan liderlik varisliyi ilə qarşılaşdıqda;
Üçüncüsü, gücün ələ keçirilməsi: artıq hakimiyyətdə olan lider öz səlahiyyət müddətini və ya səlahiyyətlərini uzatmağa cəhd etdikdə hüquqi institutlar və səfərbərlik yolu ilə mane törətmək;
Dördüncüsü, seçkilər: demokratik yoldan dönən hökumətin seçkidə gücünü itirməsi;

Bu dörd istiqamət demokratiyanın “parlaq nöqtələrini” yaratmaq üçün təklif olunan əsas maddələrdir və hər birini analiz etdikdə ortaya çıxan nəticə belədir:

- Kütləvi səfərbərlik, yəni kütləvi iğtişaşların törədilməsi ilə mövcud hakimiyyətlətin səlahiyyət müddəti başa çatmasa da, devrilməsi;
- Hakimiyyətdə olan liderlər demokratik tərəqqi ilə bağlı addım atsa belə, onun uzunmüddətli hakimiyyətinin qəbul olunmaması və müdaxilə edilməsi;
- Mövcud liderlər səlahiyyət müddətini artırmaq istəyəndə kütləvi səfərbərlik (oxu: kütləvi iğtişaş) yolu ilə müdaxilə etmək;
- Seçkilərdə mövcud liderin zəiflədilməsi və dəyişdirilməsi yolu;


Demokratiya adı altında təqdim edilən bu strategiyanın açması belə görünür.

Mövcud geosiyasi mənzərə göstərir ki, “soyuq müharibə”dən sonra ABŞ-ın hakim olduğu təkqütblü dünya sistemi risk altındadır, xüsusilə Çinin dünya gücü olaraq önə çıxması və “daxili işlərə müdaxilə olmadan əməkdaşlıq” təklifi ABŞ-ın müdaxilə siyasəti fonunda daha cəlbedici qəbul olunur. Və buna qarşı Vaşinqton yenidən klassik strategiyaya – “rəngli inqilab”lar ssenarisinə qayıtdığını demək mümkündür. Demokratiya və insan haqlarının pozulduğu ölkələrin sırf Vaşinqtonun maraqlarına xidmət etdiyi üçün “demokratiya sammiti”nə dəvət edilməsi də bu siyasətin tərkib hissəsidir və ABŞ bununla öz cəbhəsini formalaşdırır.

Bu kontekstdə Rusiya-Ukrayna müharibəsinin davamı olaraq yeni “soyuq müharibə”nin tətikləndiyi də müşahidə olunur. “Soyuq müharibə” vəziyyətinin yenidən qayıtması Vaşinqtona üç prinsipin yenidən aktuallaşması baxımından sərfəlidir:

- qarşıdurma və təhlükənin miqyasının böyüməsi;
- təhlükə qarşısında müttəfiqlərin birləşdirilməsi;
- ideologiyanın gücləndirilməsi;


Qərb və SSRİ arasındakı “soyuq müharibə” bu üç prinsipə söykənirdi:

Qarşıdurma: ABŞ və SSRİ bu qarşıdurma və hərbi yarış üzərindən öz cəbhələrini “diri saxlayır”, liderlik rolunu qoruyurdu; “xarici təhlükə” hər iki cəbhədə Vaşinqton və Moskvanın ətrafında sıx birləşməni də təmin edirdi;
Müttəfiqlik: təhlükə hər iki cəbhədə müttəfiqliyi şərtləndirirdi; Vaşinqton Berlin divarının qərbində, Moskva şərqində öz koalisiyalarına rəhbərlik edirdilər;
İdeologiya: dünya sosializm və kapitalizm, həm də “dəmir pərdə” və “azad dünya” arasında bölünmüşdü, müttəfiqlik prinsipi də bu ideologiyaya əsaslanırdı;

“Soyuq müharibə”nin başa çatmasından sonra hər üç prinsip sıradan çıxdı. 11 sentyabr hücumundan sonra yeni təhlükə “terrorla mübarizə”, əsas ideologiya demokratiya oldu. Hərçənd, XXI əsrin ilk onilliyində ABŞ-ın dünya üzərində müttəfiqlərinin genişləndirməsi və güclənməsi ilə nəticələnən bu prinsiplərin ikinci onillikdə effekti azalmağa başladı:

- İdeologiya zəiflədi: İraqa müdaxilə (sonradan ABŞ-ın səhvlərini etiraf etməsi), Yaxın Şərqdə müharibə, Əfqanıstan nümunəsi və s. demokratiyanın aşınmasına, “müdaxilə aləti” kimi qəbul edilməsinə gətirib çıxardı;
- Təhlükə kiçildi: terrorizmlə mübarizə zaman keçdikcə “təhlükə” miqyasını azaltdı, ideologiyanın aşınmasına paralel olaraq, bunun da “müdaxilə aləti” olduğu fikri önə çıxdı (terrorçuların ABŞ tərəfindən dəstəklənməsi iddiaları, seçki kampaniyasında prezidentliyə namizədlərin bununla bağlı etirafları daha da gücləndirdi);
- Müttəfiqlər itirildi: bütün dünyada yeni müttəfiqlər qazanan ABŞ xüsusilə əsrin ikinci onilliyində Qərb blokunda – Avropada müttəfiqlərini itirməyə başladı; NATO daxilində cəbhələşmə, “Avropa ordusu”nun yaradılması ideyası, Rusiya və Çinlə yaxınlaşma və s;

Və ən mühüm amil ABŞ-ın tək güc olduğu dünyanın xüsusilə Çinin böyüməsi ilə çoxqütblü sistemə doğru getməsi reallığı ortaya çıxdı.

Bu mənzərə fonunda Ukraynadakı müharibədən istifadə edərək, qarşıdurma və təhlükənin miqyasının böyüdən, təhlükə qarşısında Avropadakı keçmiş müttəfiqləri birləşdirmək istiqamətində addımlar atan Vaşinqtonun ideologiyanı da gücləndirməyə çalışdığı görünür. 2021-ci ildən etibarən təşkil edilən “demokratiya sammiti” məhz demokratik dəyərlərin yenidən gücləndirilməsi, bu dəyərin müdaxilə siyasəti imicini yenidən düzəltmək məqsədi daşıyır. Və eyni zamanda, ABŞ tərəfindən “yumşaq güc” olaraq istifadə edilir: sammitə dəvət olunmaq nüfuz olaraq göstərilir və hansı ölkə bundan yararlanmaq istəyirsə, ABŞ-ın cəbhəsində yer almalı, yəni milli maraqları yox, Vaşinqtonun diktə etdiyi siyasəti izləməlidir;

İdeologiyanın gücləndirilməsi – demokratiyanın imicinin düzəldilməsi istiqamətində addımlar atan ABŞ buna paralel olaraq, öz cəbhəsini genişləndirmək məqsədilə demokratiya adı altında müdaxilə siyasətini də yenidən aktivləşdirir. Əslində “demokratiya sammiti” adı altında demokratiyanın yenidən əsas vitrinə çıxarılması da bu ad altında müdaxiləni legitimləşdirməyə hesablanıb.

“Demokratiyanın Parlaq Nöqtələrini Anlamaq və Dəstəkləmək” adlı sənədin mahiyyəti də bundan ibarətdir. Ötən illərdə demokratiya adı altında müdaxilə ssenarilərinin həyata keçirilməsində əsas fiqur dövlət katibinin köməkçisi Viktoriya Nuland idi. “Kökə və dəyənək” siyasəti ilə tanınan Nulandın 2014-cü ildə Ukraynada “Maydan”ın təşkilatçısı olduğu sonralar ortaya çıxdı. Nulandın Soros Fondu ilə aktiv əlaqələri sirr deyil.

İndi yeni inqilablar strategiyasına rəhbərlik edəcək əsas təşkilat yenə USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi), əsas fiqur isə Samanta Poverdir. Bu adlar Azərbaycan cəmiyyətinə yaxşı tanışdır, çünki zamanında eyni ssenarilərin ölkəmizdə həyata keçirilməsi cəhdləri olub. USAİD-in rəsmi saytında 1991-ci ildən indiyə qədər Azərbaycana 417 milyon ABŞ dollarından artıq vəsait xərcləndiyi qeyd olunur. Bu maliyyənin xərclənməsi xüsusilə iki istiqamətdə həyata keçirilib:

Birincisi, regionlarda həyata keçirilən layihələr;
İkincisi, müxalif media və təşkilatlarla əməkdaşlıq;


Qrant layihələrinin ayrılması üçün qeyri-rəsmi formada istifadə edilən mexanizm də diqqət çəkir. Əvvəlcədən qrant veriləcək təşkilat və şəxslər seçilir, onların layihəsi qəbul edilir, daha sonra layihə rəsmi şəkildə elan edilir və vaxtı çox qısa müddətdə qoyulur, misal üçün 7 gün. Bu müddətdə başqa təşkilatın layihə hazırlaması və təqdim etməsi mümkünsüz olduğu üçün öncədən seçilmiş təşilat və onların layihəsi qəbul olunur. 2014-cü ildə USAİD-in Azərbaycanda 2,4 milyonluq qrant müsabiqəsi ilə bağlı qalmaqal bu geçəkləri ortaya çıxardı (Oxu: Azərbaycanda “inqilab fitili” çəkildi: Əsas ssenaristlər kimlərdir? - https://publika.az/news/nida/39087.html).

Qalmaqallı fəaliyyəti ilə yadda qalan USAİD 2017-ci ildən etibarəın Azərbaycanda fəaliyyətini müəyyən qədər məhdudlaşdırdı və əsas diqqəti daha çox regional layihələrə ayırdı. Xüsusilə yeniyetmə və gənclər, eləcə də gender bərabərliyi prinsipi altında qadınların biznes fəaliyyətinin təşviq edilməsi kimi layihələrə üstünlük verilir. Əslində bu, bir qədər diqqətdən yayınmaq və regionlardan təşkilatlanmanı həyata keçirmək planına da bənzəyir. Və bu, həm də 2014-cü ildə USAİD və onun dəstəklədiyi İREX-in (Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası) Azərbaycanın regionlarında amerikameylli gənclər şəbəkəsi qurduğuna dair məlumatları yada salır. (https://publika.az/news/nida/40118.html). Eyni fəaliyyətin bu gün də gənclərin inkişafı və gender bərabərliyi adı altında aparıldığı istisna deyil.

O da istisna deyil ki, USAİD və Qərbin digər qrant ayıran təşkilatları Azərbaycandakı fəaliyyətini yenidən siyasi sferaya da yönəldəcək, bu sahədə layihələrin maliyyələşdirilməsini həyata keçirəcək. Çünki USAİD Azərbaycanda fəaliyyətini yeni proqram əsasında davam etdirmək niyyətindədir. Təşkilatın rəhbərinin Samanta Pover olması Azərbaycan üçün riskləri bir qədər də artırır, çünki məşhur ermənipərəst olan S.Pover təkcə Vaşinqtonun yox, həm də bir çox hallarda erməni diasporu/lobbisinin də sifarişlərini, istəklərini icra edir.

Sorosçu olan S.Pover qondarma “erməni soyqırımı”nı dəstəkləyir, Türkiyəni “soyqırım törədən vəşhi” adlandırır, eyni münasibəti Azərbaycana qarşı da sərgiləyir. 44 günlük Vətən müharibəsində Pover ermənilər üçün ermənilər qədər çalışır, öz torpaqlarını azad edən Azərbaycanı ittiham edirdi. O, sonuncu dəfə Laçın yolunda aksiyanın başlanmasına etiraz edərək, Azərbaycanı ermənilərə qarşı “hücumda” itiham edib.

ABŞ-ın demokratiya adı altında “rəngli inqilab”lar mərhələsini yenidən amçıq elan etməsi və bunu məhz Samanta Poverin rəhbərlik etdiyi USAİD tərəfindən həyata keçiriləcəyi faktoru Azərbaycanı USAİD başda olmaqla Qərb təşkilatlarının fəliyyətini, həyata keçirdikləri layihələri yenidən nəzərdən keçiriməyə vadar edir. Çünki Samanta Poverin Azərbaycana qarşı hansı addımlar atacağı bəllidir.

Azərbaycan təkcə paytaxta deyil, regionlara da diqqət ayrılmalıdır. Xüsusilə regionlarda yeniyetmə və gənclər arasında keçirilən təlim kursları bu kontekstdə diqqətdə saxlanılmalıdır. Misal üçün, Avropa İttifaqının “Stabillik və Sülhə Yardım” (IcSP) təşkilatı tərəfindən maliyyələşdirilən “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində keçirilən “Yeniyetmələr üçün Rəqəmsal kommunikasiya” layihəsi təlimləri bu kontekstdə diqqət çəkir. Bu və bu kimi layihələrin gənclərə əslində nəyi aşıladığına nəzər yetirməkdə fayda var. Keçmiş təcrübə də bu zərurəti yaradır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm