Diplomatların Ağdam səfəri: reallığın nümayişi və həqiqəti görməkdən qorxanlar
Bizi izləyin

Nida Təhlil

Diplomatların Ağdam səfəri: reallığın nümayişi və həqiqəti görməkdən qorxanlar

Bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri baş tutdu. 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbi nümayəndələrin qatıldığı bu səfər postmünaqişə dövründə Bakının işğaldan azad edilmiş ərzilərdə erməni vandalizminə dair reallıqların nümayiş etdirilməsinə hesablanmış informasiya strategiyasının tərkib hissəsidir. 44 günlük müharibədən sonra azad edilmiş ərazilərə onlarla belə səfərlər təşkil edilib və bu, beynəlxalq müstəvidə həm postmünaqişə reallıqlarının çatdırılması, həm də Ermənistanın yalan üzərində qurulmuş təbliğat maşınının darmadağın edilməsi baxımından əhəmiyyətlidir. Diplomatik korpusun nümayəndələrinə Cənubi Qafqazın Xrosiması adlandırılan Ağdam əyani şəkildə bir daha göstərildi.

Lakin bu səfəri xüsusilə əhəmiyyətli edən məqamlardan biri hazırda geosiyasi müstəvidə Azərbaycana qarşı aparılan kampaniyanın önünə faktların qoyulması idi. Diplomatlara Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu əyani şəkildə göstərildi və Qarabağ iqtisadi rayonunun yol infrastrukturu izah edildi. Azərbaycan bunu rəsmi şəkildə dəfələrlə bəyan edib, hərçənd bu səfərin təşkili və məhz indi həyata keçirilməsi vacib idi.

Ermənistanın təxribatından sonra mülki əhalinin keçidi və xəstələrin daşınması üçün açıq saxlanılan Laçın sərhəd-keçid məntəqəsi yüklərin daşınması üçün məhdudlaşdırıldı. Ermənilərin Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobillərində qaçaqmalçılıq etmək cəhdi isə yük daşımalarına son qoyulmasına zəmin yaratdı. Ermənistan və havadarları bunu “əsas” gətirərək, beynəlxalq səviyyədə “Qarabağın blokadaya alındığı”, “humanitar fəlakətin yaşandığı” yalanlarını tirajlayır, bu iddialar üzərindən Azərbaycana qarşı kampaniya aparır. Rəsmi Bakı yük daşımaları və erməni əhalisinin təminatının Ağdam-Xankəndi marşrutu üzrə həyata keçirilməsini təklif edir. Bu, beynəlxalq müstəvidə də qəbul olunan təklifdir, lakin Ermənistan bu marşrutu sabotaj etmək məqsədilə bir tərəfdən “yardım şousu” təşkil etdi, digər tərəfdən, Qarabağdakı separatçıların vasitəsilə erməni əhalisini nəzarətdə saxlamağa çalışır. Buna paralel olaraq da beynəlxalq səviyyədə anti-Azərbaycan kampaniyasını həyata keçirirlər. Qarabağdakı vəziyyətlə bağlı iddialarını BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmaları buna hesablanıb. Bu gün Bakı vaxtı ilə axşam saatlarında keçiriləcək müzakirələrdə Ermənistan BMT TŞ-ni öz yalanlarına inandırmağa və Azərbaycana qarşı qərar qəbul edilməsinə çalışacaq.

Baş verənlər fonunda diplomatların Ağdama səfəri Bakının mühüm gedişlərindən hesab edilə bilər.

Birincisi, xarici diplomatlar vasitəsilə beynəlxalq ictimaiyyətə Ağdam-Xankəndi marşrutunun açıq olduğu və yüklərin bu yoldan daşınması imkanları təqdim olundu;
İkincisi, bunun BMT TŞ-də müzakirələrdən saatlar öncə edilməsi iclasda Ermənistanın yalanlarının ifşa edilməsi baxımından həlledici rola malikdir;

Səfər zamanı Prezidentin köməkçisi Hikmət Hacıyev Ağdam-Xankəndi marşrutunun potensial imkanlarını və mövcud reallıqları təqdim etdi:

- Qarabağın erməni əhalisinin təchizatı üçün yolun işlək olduğu göstərildi;
- Həm BQXK vasitəsilə istənilən humanitar yükün, həm də Azərbaycandan yardımların daşınmasının mümkünlüyü bəyan edildi: bu marşrutun Laçın yolundan daha əlverişli olduğu, Xankəndiyə qədər cəmi 23 km məsafə qət etməklə bütün təminatın həyata keçirilməsi imkanları təqdim olundu;
- Və dünyaya açıq mesaj verildi: Azərbaycan bloklar, maneələr yox, yollar inşa edir!


Bu səfər və mövcud reallıqların təqdimatı Ermənistanın yalan maşını üçün ciddi zərbə deməkdir. Çünki diplomatlar və onların təmsil etdikləri ölkələrin timsalında dünyaya Qarabağın blokada olmadığı, əksinə, əhalinin təchizatı üçün daha əlverişli imkanların olduğu həqiqətləri çatdırıldı.

İsveç, Kolumbiya, Macarıstan, Meksika, Braziliya, İsrail, Litva, İndoneziya, Liviya, Tacikistan, Gürcüstan, Yaponiya, Argentina, Slovakiya, Sudan, Xorvatiya, Latviya, Türkiyə, Böyük Britaniya, Rumıniya, Rusiya, Çin, Estoniya, Ukrayna, Pakistan, İtaliya, Qırğızıstan, Birləşmiş Ərəb Əmirliyi, Polşa, Mərakeş, Serbiya, Belçika, İsveçrə, İraq, ABŞ, İran, Qazaxıstan, Almaniya, Bolqarıstan, Çexiya, Qətər kimi ölkələrin və BMT, TÜRKPA, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu, Dünya Bankı, Asiya İnkişaf Bankı, Ümumdünya Səhiyyə Təşkilatı, Avropa İttifaqı, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri.

Bunlar həqiqəti görmək istəyən ölkə və təşkilatlardır. Lakin həqiqəti görmək istəməyənlər, müxtəlif bəhanələrlə səfərdən yayınlar da oldu. Məlumatlara görə, Fransa, İspaniya, Venesuela kimi ölkələr səfər dəvətnaməsinə reaksiya belə verməyiblər. Misir, Kuba, Türkmənistan, Hindistan, Moldova, Fələstin, Çili, Monteneqro, Malayziya, Belarus, Yunanıstan, Avstriya, Küveyt, Koreya, İordaniya, Niderland və Əlcəzairin diplomatik nümayəndələri zəng edib müxtəlif səbəblər gətirməklə, bəziləri isə heç bir səbəb demədən səfərdən imtina ediblər. Fəaliyyət göstərdiyi ölkədə missiyası diplomatiya olanların belə səfərdən imtinasına səbəb nə ola bilər? Cavab bəllidir: onlar həqiqəti görməkdən imtina ediblər və Azərbaycan xalqı belə məsələləri heç vaxt unutmur, həqiqətin yanında olanları unutmadığı kimi.

Azərbaycan həqiqəti görmək istəməyənlərə rəğmən bütün dünyaya Ağdam-xankəndi yolunda reallıqları nümayiş etdirdi.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm