Nida Təhlil
Ərdəbilli kor qadının oğlu təbrizli Zübeydə xatunun oğluna qarşı: Özümüzlə barışmaq vaxtıdır
Bu günlər tanınmış aktyor Rasim Balayevin səsləndirdiyi məlum fikirlər sayəsində Babək mövzusu yenidən gündəmi zəbt edib -qəhrəmandırmı, deyilmi? Müsəlmanlara qarşı döyüşdüyü halda necə bizim qəhrəmanımız olur? Etnik mənşəyi nədir?...
Əslində bu mövzu heç yeni də deyil, zamanında istiqlalımızın baş ideoloqu saydığımız Məmməd Əmin Rəsulzadə tərəfindən deyilib, indi Babəki inkar edənlər də, əsasən Rəsulzadənin tezislərinə istinad edirlər, haqsız da deyillər. Babəkin ifrat təbliği təsadüf, ya lütf deyildi: həm də Azərbaycanda islamofobiyanın, antisemit-antiərəb ksenofobiyanın yayılması, şimaldan gələn real işğalçıya qarşı narazılıq movtivlərini uzaq tarixdə cənubdan gəlmiş işğalçıya yönəltmək, Azərbaycanın müsəlman Şərq xalqları ilə mədəni-mənəvi bağlarını qoparmaq kimi hədəfləri vardı. Bəziləri hər dəfə ərəb turisti, ya ümumən şərqli görəndə, ya hər dini bayram yaxınlaşanda “Babəkin kəsilən qolları” haqda müdrik zoğallamalar yazmaq zərurəti hiss edirsə, demək, Rəsulzadə haqlı imiş.
Amma əks tərəfdə də mövzunun içinə bir irqçi yanaşma qatıb, işi daha da tündləşdirənlər, Babəkin türk düşməni olduğunu iddia edənlər var. Sıravi deyillər; kütlə üzərində təsirləri olan şəxslərdir. Təxminən belə bir anormal, daha doğrusu, ənənəvi azərbaycansayağı dilemma yaranıb: haqsız və haqlı tərəf arasında deyil, iki haqsız, ya iki yarımhaqlı tərəf arasında seçim etmək lazım gəlir. Hər iki tərəfin haqlı və haqsız yanaşmalarını göstərməyə çalışacağam.
Birinci məqam: Ərəblər VII əsrdə Azərbaycana, təbii ki, əllərində gül-çiçəklə gəlməyiblər, buraları döyüşərək fəth ediblər.
İkinci məqam: Bəs kimlə döyüşüblər? Qadisiyyədə Sasanilərin müqavimətini qırdıqdan sonra indiki Şimali İran və Qafqazlarda onlara qarşı ən böyük, güclü döyüşən ordu Xəzərlərə aid idi. Hansısa Girdiman knyazlığı yox, məhz Xəzərlər (yeri gəlmişkən, Girdiman knyazlığı da Xəzərlərin vassalı idi). Və Sasanilərdən fərqli olaraq Xəzərlər dövlət kimi ləğv edilməyib, ayrı-ayrı dövrlərdə təsirləri indiki İranın ən ucqar yerlərinə qədər çatıb. Xəzərlər nəinki VII əsrdə, hətta üstündən iki əsr keçəndən sonra belə bu torpaqları itirməkləri ilə barışmır, yerli üsyanları təşviq edir, o cümlədən Babək üsyanına da yardım edirdilər.
Üçüncü məqam: Beləliklə, sovet tarixçiliyi sadəcə ərəblərə - əslində İslama qarşı nifrət körükləməyib, həm də VII əsrdəki istilaya qarşı mübarizənin əsl əks tərəfini –xəzərləri də unutdurub. Əvəzində hansısa kiçik padşahdan –Cavanşirdən və istiladan iki əsr sonrakı üsyanın rəhbərlərindən birindən bu mübarizənin böyük simvolları yoğurularaq yapılıb.
Dördüncü məqam: Amma aradan iki əsr keçəndən, ölkənin dini və etnik demoqrafiyası xeyli dəyişəndən sonra Babəkin istilaçılara qarşı milli azadlıq mübarizəsi apardığını demək hədsiz dərəcədə iddialı səslənir. İslam fəthlərindən iki əsr sonra bu coğrafiyada vahid dövlətdə, vahid ideologiya ilə birləşməyin nəticəsində vahid xalq da formalaşmağa başlamışdı. Yalnız şimaldan gələn və yerli türkdilli əhali deyil, ərəb qoşunlarının tərkibindəki (xüsusən Abbasilər dövründə) türklər yeni paytaxta – Bağdada yaxın sayılan Azərbaycan torpaqlarında məskunlaşaraq yerli türk və qeyri-türk əhali ilə qaynayıb qarışır, türk-Azərbaycan dilinin tədricən üstün mövqeyi təmin olunurdu. Məsələn, vaxtilə udin dilini tədqiq edən Q.Voroşil həmin dildə Azərbaycan dilinin təsiri ilə qrammatik dəyişikliklər baş verməsini o dövrə aid edir, yəni qonşu xalqların dil materialları da o dövrlərdə türk dil(ləri)nin Azərbaycanda güclü mövqeyini təsbit edir.
İstəsək də, istəməsək də, Babək üsyanı və bənzər üsyanlar yalnız ərəblərə qarşı deyildi, ümumən o hərəkatların belə etnik məzmunu qabarıq olmayıb. Dini hərəkat olduğundan, bütövlükdə müsəlmanlara, o cümlədən türk və ya qeyri-türk azərbaycanlılara qarşı idi.
Beşinci məqam: O zaman xilafət ordusunun başında duran sərkərdələr (Afşin, Buğa) sadəcə müsəlman yox, həm də türk idilər. “Türk sərkərdələrlə Babəkin münasibətləri necədir? Necə olmalı idi?” sualları hələ 20-ci əsrin 20-ci illərində Babək mifi yaradılanda ziyalılarımızı düşündürmüş, Cəfər Cabbarlı “Od gəlini”ndə bu ziddiyyətin bədii həllini tapmağa çalışmışdı. Hərçənd Cabbarlı “cənubdan gələn təhlükə” mövzusunu elə məharətlə işləmişdi ki, müasirləri Afşinlə-Elxanın dialoqunu Nərimanovla (Azərbaycan bolşevikləri ilə) Rəsulzadənin (istiqlalçıların) mükaliməsi kimi yozmağa başlamışdılar. Deyəsən, indi heç bədii həllə də can atan yoxdur, yalnız birtərəfli verdiktlər var.
Altıncı məqam: Üsyanı yatıran Məmun və Mötəsim Billah hansısa cəhaləti təmsil etmirdilər. Filmdən də bildiyiniz qədər onların hakimiyyət illərində klassik sami(ibrani, arami və digər), yunan, latın, pəhləvi, soqd, sanksrit dillərində olan yüzlərlə elmi-ədəbi əsər ərəbcəyə tərcümə edilir, alimlərə xüsusi qayğı göstərilirdi. Onlarla antik elmi, tarixi əsər sırf o tərcümələr sayəsində dövrümüzəcən gəlib yetib. Çünki Şərq xristian kilsələrindən fərqli olaraq Bizans və Roma xristianlığı ta Renessans dövrünə qədər o abidələri nəinki qorumağın qeydinə qalmırdı, əksinə, əllərinə düşənləri tonqalda yandırırdılar. Abbasilər dövründə dilçiliyin, cəbrin, riyaziyyatın, tibbin uğurları, bu uğurlara türk və irani əsillilərin - Biruninin, İbn Sinanın, Kindinin, Sibaveyhinin, Firuzabadinin, Nişaburinin, Kaşğarinin, Xətib Təbrizinin, Əlxarəzminin, Zəməxşərinin və s. töhfələri barədə hər biriniz xəbərdarsınız.
Yeddinci məqam: Əməvi dövrünün ərəb millətçiliyi (əslində cənubi ərəbistanlı təəssübkeşliyi demək daha düzgün olardı) Abbasilər zamanında o dövr üçün görünməmiş etnik dözümlülüklə əvəz olunmuş, kargüzarlıq –divaniyyə işlərinə pəhləvi və soqdlar (xorasanlılar), elm, tibb, əyləncə, vergiyığma və s. işlərə xristian (nestorian, yunan, qibti, kəldani kilsələrinin mənsubları), hərbi sistemə türklər cəlb edilmişdilər. Xilafət belə bir etnik iş bölgüsü ilə idarə olunub, hər kəsin iddialarını təmin etməyə çalışıblar. Yəni etnik zülm və qara cəhalət haqda deyilənlər, ən azı, şişirtmədir. Türklərin yalnız orduda deyil, xilafət həyatında oynadığı rol böyük alim və şair Cahizin “Mənaqibül ətrak”ında (Türklərin fəzilətləri) təsvir olunur. Cahizin həyat və yaradıcılığı Məmun və Mötəsim Billahın xəlifəlik illərinə təsadüf edir. Əsərdə Cahizin Peyğəmbər hədislərinə istinadən Azərbaycanı “türklər torpağı” adlandırması indi də həm erməni, həm kəsrəviçi təbliğat qarşısında istinad etdiyimiz mənbələrdən biridir.
Tez-tez Babəkin Əhli-Beyt aşiqi olması və bu zəmində xilafətlə döyüşməsi haqda iddialara da rast gəlirik. Əsasən, İranda və Azərbaycanda dini-etnik mütəəssiblikdən qaynaqlanan bu iddiaları cavbalandırmaq üçün daha çox zamana və mənbələrə ehtiyac var. Yazının qayəsi elmi araşdırma olmadığından, yalnız onu xatırladaq ki, Abbasilər də özlərini Əhli -Beytdən sayıb (Peyğəmbərin digər əmisi Abbasın nəslindən olduqları üçün), xüsusən ilk vaxtlar ələvilərə (Əli nəslindən olanlar və Əli tərəfdarları) sadəcə dözümlü deyildilər, onlarla müttəfiq idilər. Əlbəttə ki, sonrakı dövrlərdə, xüsusən növbəti Xorasan üsyanlarından sonra bu müttəfiqlik zədələnib, amma Abbasilərin son dövrlərinə qədər Əli tərəfdarlarına dözümlü münasibət saxlanıb, bəzən formal da olsa himayədarlıq da ediblər.
Lakin İslamın fərqli cərəyanlarına, zimmilərə (Kitabı olan dinlərin nümayəndələri) dözümlülük müəyyən həddə qədər idi. Söhbət riddədən (bir dini qəbul etdikdən bir müddət sonra həmin dindən imtina) gedəndə bütün dözümlülük, təsamüh yox olurdu. İş ondadır ki, Babək hərəkatı xürrəmilik kimi tanınırdı. Xorasanda özünü peyğəmbər elan edən, İslamla zərdüştiliyin sintezindən yeni din yaratdığını söylənən əl-Müqənnənin təlimi. Bu iddia kifayət idi ki, dinin bütövlüyünü hifz etmək, xilafətin özünü qorumaq inersiyası Babəkə qarşı yönəlsin. Mötəsim Billah mütəəssib müsəlman idi, bütün xilafəti bürümüş riddə hərəkatlarını, o cümlədən xürrəmiliyi də qan işçində boğub. Sizcə, atasının adı Abdullah, öz adı Həsən olan şəxs hansı dinə mənsub olub? Sonra bütpərəst Xəzərlərlə, xristian Bizansla ittifaq qurması dini hüquqla (o zaman başqa hüquq yox idi) necə sayılmalı idi? Məhz riddə! Çünki qarşısına aldığı qüvvə yad deyildi axı. Nə Afşin, nə Buğa, nə də Zübeydə xatunun oğlu Mötəsim yad deyildi (yazının sonrakı hissələrində bu haqda əlavə məlumat verilir).
Təəssüf ki, riddələrə heç indi də dözümlü münasibət yoxdur.
1993-cü ildə Bil Klintonun göstərişilə Karmel dağı rançosuna sığınan “Davud şaxələri” sektasının 86 üzvünün qətli ilə bitən əməliyyat nə idi? 21-ci əsrdə, bütün dünyada dini tolerantizmə, liberalizmə, demokratiyaya nümunə olan ölkədə. Hərçənd üstündən 30 il keçdikdən sonra ağ irqçilər o sektaya “irqi təmiziliyi”, “əsl xristianlığı korlayan” qaraların, qanıqarışqların zülmünə qarşı ağdərili amerikalıların milli mübarizəsinin simvolu kimi baxırlar, Respublikaçılar Partiyası son prezident seçkilərində Demokratlara qarşı mübarizəsində o hadisələri tez-tez xatırladırdı. Bir qeyri-xristian xarici kimi rəğbətim daha çox Demokratlar partiyasınadır. Amma o sektanın rəhbəri Deyvid Koreşin yanlış ideologiya ilə də olsa, bir siyasi sistemə qarşı mübarizəsi məndə ən azı şəfqət doğurub həmişə.
Söhbət bizim tarixdəki bənzər hadisədən gedəndə, sadəcə şəfqət yox, əlbəttə ki, rəğbət doğurur. Bu zaman Babəkin etnik mənşəyi barədə mübahisələrsə, mənə bəzən gülünc, bəzən də ikrahamiz görünür.
Sizcə, fransızlar kimdir? Dillərinə görə roman xalqı. Bəs bu roman xalqı bu gün kimi qəhrəmanlaşdırır? Romanlara qarşı döyüşdüyü deyilən kelt mənşəli iki nağıl qəhrəmanını -Obleliks və Asteriksi.
Ruslar kimdir? Slavyan. Sadəcə slavyan deyillər, bütün slavyanları öz çətirləri altında yığmaq üçün 4-5 əsr Reçpospolita, Prussiya , İsveç, Avstriya -Macarıstan və Osmanlı imperiyası ilə savaşmış xalqdırlar. Bəs qəhrəmanları kimdir? Vaxtilə indiki Moskva ətrafının slavyanlar tərəfindən işğalına qarşı döyüşmüş fin-uqorların –muromların nümayəndəsi İlya Moromets.
İngilislər kimdir? German mənşəli bir xalq. Bəs qəhrəmanları? Bu germanlara qarşı döyüşmüş kelt və ya daha qədim əhalinin nümayəndəsi olmuş Artur və s.
Niyə belədir? Çünki rus, Putin demişkən, həm də “razmitiy finskiy substrat”dır, ingilis bir az roman, bir az keltdir və s. Yəni Babəki qəhrəman saymağım üçün onun illah da türk oğlu türk olması kimi irqçi stereotipim yoxdur. Ağ eləmədikləri müddətdə bu stereotipin daşıyıcılarına da şəfqətlə yanaşıram.
Amma .. Abbasilər, xüsusən də Məmun və Mötəsim dövründə türklərə, irandillilərə münasibət etnik zülm xarakterində deyilsə, müqavimət göstərəcək xalq(lar) yox, yeni din, yeni münasibətlər, yeni kütləvi köçlər sayəsində yeni xalq meydana çıxırsa, hansı milli müqavimətdən danışırıq?
Belə anlaşılmasın ki, fikrimi sırf azərbaycanlılara aid edir, etnik kimliyimizi cavanlaşdırıram. Coğrafiyamızın digər xalqları daha fərqli deyillər. Peşəkar təbliğatla beyinyumalara əhəmiyyət verməyin. Bir xalqın ortaya çıxmasını göstərən əsas faktor nədir? Dil!
Yeni fars dili (dari) nə zaman meydana çıxıb? X-XV əsrlərdə. Bütün əlamətləri ilə kreol dili xüsusiyyətləri daşıyan bir dildən söhbət gedir. Harada eşitmisiz ki, kreola qədim xalq deyilsin? Kreolları formalaşdıran əsas etnik ünsürün yaddaşını, adət-ənənəsini və dilini yeni sosial, siyasi, dini və lisani mühitə uyğunlaşdırıb yaşada bilərlər, amma artıq nə bu dil, nə bu din, nə adət-ənənə əvvəlki deyil. Ona görə də kreolların (orta əsr Şərq termini ilə desək, məvalilərin) dilini dari (saray dili), özlərini tayik-tacik (hərfən ərəb) adlandırırdılar. Təxminən Syerra-Leonda yerli zəncilər avropalılarla qarışmadan yaranan kreollara bəzi yerlərdə portuqal, bəzi yerlərdə ingilis dedikləri kimi.
Səkkizinci məqam: Təsəvvür edin ki, bir məmlükün gürcü əsilli olması (hərçənd mübahisəlidir; Əli bəyin abxaz-çərkəz, hətta azərbaycanlı olması haqda da fərziyyələr mövcuddur) səbəbindən gürcülərə “Məmlük” filmi çəkmək üçün icazə verilir, öyünmək haqqı tanınır. Hansısa Şərqi Roma imperatorunun anasının, ya atasının imperiyanın ucqarı mənasını verən Armeniada doğulmasına, yəni etnik yox, coğrafi mənsubiyyətinə görə, ermənilərə belə milli qürur haqqı tanınırdı, amma bizə bu haqq tanınmır.
1934-cü il. Azərbaycan Yazıçılar Birliyinin ilk sədri Məmmədkazım Ələkbərli yazıçıların I Ümumittifaq qurultayındakı məruzəsində ədəbiyyatımızın tarixini təbrizli -azərbaycanlı olması, üstəlik türkcə şeir yazdığı iddia olunan Zübeydə xatunla başlamağı təklif edir. Bəs Zübeydə xatun kimdir? Abbasilərin yeddinci xəlifəsi Məmun və onun qardaşı səkkizinci xəlifə Mötəsim Billahın anası. Bəli, Babək üsyanını yatıran xəlifələr o iddiaya görə, yarımazərbaycanlı idilər. Üstəlik, Mötəsimin ordusunda 70 mindən çox türk xidmət edirdi. Düzü, bu iddiaları, xüsusən Zübeydə xatunla bağlı deyilənləri aksiom saymıram, hesab edirəm ki, daha ciddi mənbələrə, tədqiqatlara ehtiyac var. Rast gəldiyim mənbələrdə Mötəsimin anasının türk, amma orta asiyalı olduğu da deyilir. Ancaq nədənsə bütün sovet dövrü, elə sonradan da Azərbaycan ədəbiyyatı tarixinin birdən birə üç əsr qədimləşməsi ilə bağlı təklif istiqamətində ciddi bir araşdırma aparılmaması, təbliğati xarakterdə də olsa heç nə hazırlanmaması təəccüblüdür. Şəxsən mənim üçün yazılı ədəbiyyat tariximizin nəinki 3 əsr, yarımca əsr də qədimliyinin sübut olunması onlarla üsyanın tarixindən daha üstündür.
Sizcə, nə baş verəcəkdi? Azərbaycanlıların yaddaşında xilafətə sahiblənmək. Belə çıxırdı ki, xilafət nəinki yad deyilmiş, o sarayda azərbaycanca ədəbiyyat yaranırmış, hələ xəlifə də yarımazərbaycanlı imiş. Bunu təklif edən M.Ələkbərli az sonra repressiya qurbanı olduğundan, təklif də “yaddan çıxdı”. Təpədən dırnağa bolşevik olan şəxsin səhvi nə idi? Ölkədə korenazasiya (yerliləşdirmə, milliləşdirmə-sovet millətlərinin yaradılması üçün mədəni kimliyi gücləndirmə proqramı.1920-ci illərdə Azərbaycanda “türkləşdirmə” adı ilə tətbiq olunub) gedirdi, milli respublikaların titul xalqları üçün milli qürur simvolları yaratmaq qəbahət sayılmamalı idi axı. Amma sayıldı.
Necə deyilsin ki, Babək də , onun üstünə gələn Afşin də, onu edam etdirən Mötəsim Billah da sizindir? Birdən- birə azərbaycanlılara belə inanılmaz dərəcədə böyük tarix verməkmi olardı? Cümhuriyyət dövründən sonra Elxani, Oğuz, Şirvanşah və Qızılbaş irsinə iddia edən azərbaycanlılar birdən- birə “xilafət tarixi də bizimdir” desinlər? Və o haqq bizə tanınmadı. Yaxşı, bəs özümüz niyə bu yanlışı düzəltmir, “Xilafət, xüsusən Abbasi sülaləsi dövrü yaranmış tarixi mədəni irsdə bizim də payımız var” demirik?
Bəlkə də yazdığım fikirlər kiməsə ziddiyyətli gəlsin: necə yəni həm Afşin, həm Babək, həm Mötəsim bizimdir?
Tarixi olduğu kimi qəbul etmək lazımdır, ziddiyyətləri ilə bərabər. Frank (german), ya vallon mənşəli Janna Dark da, onu əsir almış, yenə frank mənşəli burqundlar da Fransa tarixinin, fransız tarixi kimliyinin bir parçasıdır. Kolçak da, Denikin də, Lenin də, Vrangel də, Trotski də rus tarixinin bir parçasıdır.
1970-80-ci illərdə yeni yanaşması ilə kemalizmi az qala iflasdan xilas etmiş; bürokratların, 30-40-ci illər oliqarxiyasının ideologiyası kimi qəbul olunan ideologiyaya öz şəxsi nümunəsi ilə ləyaqət gətirmiş Bülənd Ecevit ömrünün son illərində padşah Vəhyəddinin tarixi xidmətləri, istiqlal savaşındakı rolu haqda kitab işləyirdi. Halbuki kemalizmin ilk ideoloqları öz siyasi əfsanələrini Vəhyəddini cümlə xəyanətlərdə suçlamaqla yaratmışdılar. Zaman gəldi, tarixlə barışmaq təşəbbüsü elə kemalistlərin öz içərisindən, baş nazir seçdikləri, etalon kimi göstərdikləri şəxs tərəfindən edildi.
Avropanın çox ölkəsində həm Hitlerin tərəfində, həm də Hitlerə qarşı döyüşənləri II dünya savaşının veteranı kimi anır, yad edirlər. Xalqlar ən yaxın tarixlərindəki ziddiyyətlərin öhdəsindən belə gəlir, tarixləri ilə barışırlar. İndi bizim də buna ehtiyacımız var; 13 əsr əvvəlki tarixin hər iki zidd tərəfi özümüzük, özümüzlə barışmaq vaxtı çoxdan çatıb...
Cəmaləddin Quliyev
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi