Bakı Ağdam marşrutu qarşılığında niyə Laçın yolunu açır?
Bizi izləyin

Nida Təhlil

Bakı Ağdam marşrutu qarşılığında niyə Laçın yolunu açır?

Azərbaycan Ağdam-Xankəndi marşrutu açıldığı halda Laçın yolundan da yüklərin daşınmasına icazə verəcək: postdan mülki əhali ilə yanaşı, yüklər də keçəcək və hər iki marşrut – Ağdam və Laçın paralel şəkildə işləyəcək;

Bu məsələ müəyyən suallar yaradır, xüsusilə Bakı niyə buna razılaşır, ümumiyyətlə buna ehtiyac varmı?


Azərbaycan öz suveren ərazisində istədiyi addımı atmaq haqqına sahibdir, lakin mövcud reallıqda nəticə əldə etməyin yolu müəyyən gedişlərin edilməsini də tələb edir. Və bu, Ağdam yolunu işlək vəziyyətə salmaq üçün Laçın yolundan yüklərin buraxılmasına razılaşmaqdan ibarətdir.

Xankəndinə yüklərin Ağdam marşrutundan daşınmasını praktiki olaraq iki qüvvə həyata keçirə bilər: biri Beynəlxalq Qırmızı Xaç Komitəsidir (BQXK), digəri Rusiya sülhməramlıları; BQXK bunu etməkdən imtina edir, hərçənd, rusların bölgədəki rolu fonunda istəsə belə nəticə əldə etməsi çətin görünür;

Mövcud vəziyyətdə Ağdamdan Xankəndinə yüklərin çatdırılmasını Rusiya sülhməramlıları həyata keçirə bilər. Ruslar bunun qarşılığında Bakıdan Laçın postundan da yüklərin keçidinə icazə verilməsini istəyir, çünki bu məsələ ermənilərin istəyindən daha çox, artıq regional mübarizənin bir hissəsinə çevrilib. Fransanın timsalında bölgəyə müdaxilə etmək istəyən tərəflərin Laçın yolu ətrafındakı manevrləri də bunu deməyə əsas verir. Rusiya Laçın yolundan yüklərin keçidinə nail olarsa, başda Fransa olmaqla bölgəyə praktiki müdaxiləyə cəhd edən tərəfləri önünü kəsə biləcəyini hesab edir.

Beynəlxalq oyunçuların toqquşması fonunda Bakının qarşısında iki qüvvə var: Ağdam marşrutuna qarşı çıxan, nəinki Laçın yolundan yüklərin keçidinə, hətta “Laçın dəhlizi”nin bərpasına nail olmağa çalışan Fransa və Ağdam və Laçın yollarının paralel açılmasına razılaşan Rusiya;

Azərbaycan hədəfinə nail olmaq üçün bu qüvvədən biri ilə - Rusiya ilə razılaşır:

Birincisi, Ağdam marşrutunu işlək vəziyyətə gətirmək və yardımları Xankəndinə çatdırmaq;
İkincisi, Fransanın praktiki mərhələdə də qarşısını almaq, oyundan uzaqlaşdırmaq;

Üçüncüsü, BMT Təhlükəsizlik Şurası da daxil olmaqla beynəlxalq müstəvidə Azərbaycana qarşı atılacaq addımların önün kəsmək;

Rusiya sülhməramlıları Ağdam yolunda gözləyən humanitar yardımın Xankəndinə daşınması ilə bağlı danışıqlar aparır, yəni artıq nəticənin əldə edilməsi istiqamətində müəyyən addımlar var.

Ağdam marşrutunun işə düşməsi niyə önəmlidir?

Birincisi, bunun qarşılığında Laçından da yüklərin keçidinə icazə verilsə belə, Azərbaycan məhsullarının bu marşrut üzrə daşınması Xankəndinə praktiki olaraq daxil olmağımız deməkdir;
İkincisi, beynəlxalq müstəvidə aparılan “Qarabağda humanitar fəlakət” kampaniyası mənasızlaşacaq;
Üçüncüsü, Azərbaycan məhsullarının erməni əhalisinə çatdırılması reinteqrasiya prosesində önəmli addım olacaq;
Dördüncüsü, bu marşrutun işlək vəziyyətə gətirilməsinin ardınca BQXK-nin Xankəndindəki ofisinin İrəvan yox, Bakı nümayəndəliyinə tabe olması və erməni əhalisinin Azərbaycan xəstəxanalarında müalicə seçimi də gündəmə gələcək;
Beşincisi, Laçın sərhəd-keçid məntəqəsi bu yoldan daşınan yüklərə nəzarət və daşımalara müəyyən məhdudiyyətlərin qoyulması imkanı verir: beləliklə, əsas təminatın tədricən Ağdam yoluna transfer edilməsi perspektivi mövcuddur;

Lakin bunun üçün ilk öncə Ağdam-Xankəndi marşrutundan yüklərin keçidinə nail olmaq lazımdır. Ki, mövcud şərtlərdə Rusiyanın “Laçın yolu” istəyinə şərait yaratmaqla bunu edə bilərik. Və bu məsələyə Laçın yolunda sərhəd-keçid məntəqəmizin olduğu, Azərbaycan sərhədçiləri və gömrükçülərinin orada hər şey şeyə nəzarət etdiyi reallığı fonunda yanaşmaq lazımdır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm