Ermənilər üçün yarışanların “korluğu”: Dünyanın ikiüzlü qaçqın siyasəti ifşa oldu
Bizi izləyin

Nida Təhlil

Ermənilər üçün yarışanların “korluğu”: Dünyanın ikiüzlü qaçqın siyasəti ifşa oldu

Bu gün xalq olaraq təkcə Qarabağda suverenliyimizin tam bərpa olunmasını, torpaqlarımızda tarixi bir əsrdən də artıq olan erməni separatizminin ləğv edilməsini yox, həm də baş verən bütün bu proseslər fonunda dünyanın ikiüzlülüyünü yenidən görürür, eşidir və bu, dəhşətli tragikomediyanı izləyirik.

Bir tərəfdə bir milyon azərbaycanlının öz yurduna dönmək arzusu ilə 30 ildən artıq çəkdiyi əzablar, digər tərəfdə heç bir təqibə, təzyiqə məruz qalmadığı halda siyasi və şəxsi səbəblərə görə Qarabağdan Ermənistana qayıdan vur-tut 25-30 min erməninin ətrafında yaradılmış “qlobal qaçqın böhranı”...

Bir tərəfdə 30 ildən artıq bir milyon qaçqın və məcburi köçkününə dövlət büdcəsi hesabına daha yaxşı həyat şərtləri yaratmaq uğrunda mübarizə aparan Azərbaycan, digər tərəfdə 30 il işğal siyasəti aparmış, başqasının torpağını zəbt etmiş Ermənistanın həyasızcasına “qaçqın problemindən” danışması, “deportasiya iddiasından” çıxış etməsi və bu həyasızlığın beynəlxalq səviyyədə dəstək görməsi...

XXI əsrin dünyası ayrı-seçkilik, ikiüzlülük yarışını izləyir. “Ədalətin yerini ikiüzlülük tutanda dünya dağılacaq” deyir mütəfəkkirlər. Bu gün Yer kürəsi öz oxu ətrafında fırlanmağa davam etsə də, dünyanın mövcud sistemi, beynəlxalq təhlükəsizlik və beynəlxalq hüquq sürətlə dağılmağa davam edir. Və şübhəsiz ki, bu mənzərə məhz ikiüzlülüyün ədalətin yerini tutması – beynəlxalq birliyin beynəlxalq hüququ, insanların təməl yaşamaq haqqını, hətta qaçqınlar məsələsini belə siyasi manipulyasiya alətinə çevirməsinin nəticəsidir.

30 ildir Azərbaycanın bir milyon qaçqınını görməzdən gələn, belə demək mümkünsə, taleyin ümidinə buraxan dünyanın son bir həftədə Qarabağdan könüllü şəkildə, bütün humanitar prinsiplərin qorunması şəraitində çıxan 25-30 min erməni ətrafında “qaçqın böhranı” yaratması, bu “qaçqınlara” yardım yarışına başlaması beynəlxalq ədalətə olan inamı alt-üst etdi.

Birləşmiş Millətlər Təşkilatı “humanitar böhran” siqnalları çalır, “100 mindən çox qaçqının Ermənistana gəldiyi” iddiasını təkrarlayır, yardım çağırışları edir. ÜST “100 mindən çox erməniyə təcili səhiyyə xidmətlərinin göstərilməsi” üçün hərəkətə keçir. Beynəlxalq donor təşkilatları və ölkələr “100 mindən çox erməni qaçqına” yardım ayırmaq üçün yarışa başlayıb, milyonlarla avrolar, dollarlar pullar xərclənir.

Və elə bir mənzərə yaradılıb ki, sanki dünyanın özünün olmayan torpaqdan Azərbaycanın “qalın xahişinə” və qalmaları üçün bütün şəraitin yaradılmasına rəğmən çıxan bir ovuc ermənidən başqa problemi yoxdur. Ən dəhşətlisi isə beynəlxalq təşkilatların və ölkələrin “erməni qaçqınlarına yardım” yarışında heç bir dəqiqləşdirmə aparmadan Ermənistanın “100 min qaçqın” iddiasını əsas götürməsi, bu iddianı həqiqət kimi qəbul etməsidir.

Halbuki, “Qarabağdan Ermənistana qayıdan 100 min “erməni qaçqın” iddiası İrəvanın uydurduğu statistikadan başqa bir şey deyil və bunu sübut edən faktları görmək üçün toz basmış arxivləri qaldırmağa da ehtiyac yoxdur, sadəcə 44 günlük müharibədən sonra Qarabağa qaytarılan ermənilərin statistikasına nəzər yetirmək kifayət edir.

- 44 günlük müharibədən sonra Rusiya sülhməramlıları erməniləri Qarabağa qaytarmağa başladı və son açıqladıqları statistika 52 min 700 nəfər idi. Bu rəqəmdən sonra statistika yenilənmədi;
- Ermənistan və separatçılar 120 min erməninin olduğu iddiasından əl çəkməsə də, 2021-ci ilin iyun ayında Araik Arutyunyan Paşinyanla münasibətlərinə görə ona qarşı irəli sürülən ittihamlara “Ermənistanla əlaqələr qurmadan 35 min “vətəndaşın” sosial probleminin həllini necə təsəvvür edirsiniz?” cavabını vermiş, bununla da erməni əhalisinin real sayını etiraf etmişdi;
- Rəsmi Bakı iki il öncə Qarabağda 25 min erməninin olduğunu açıqlamış, bu statistikanın Laçın yoluna vizual nəzarət nəticəsində əldə edildiyini bildirmişdi: o vaxt sülhməramlıların nəzarətində olan yoldan gəlib-gedənlərin sayı hesablanırdı;

Bu statistika fonunda Ermənistanın açıqladığı rəqəmlər reallıqdan uzaqdır. Digər tərəfdən, Qarabağdan könüllü şəkildə getmək istəyən ermənilərin Laçın sərhəd-keçid məntəqəsindən keçidi real statistikanın mövcudluğundan xəbər verir. Amma “erməni qaçqınlara” yardım yarışında nə bir ölkə, nə də beynəlxalq təşkilat real rəqəmləri dəqiqləşdirməyə ehtiyac görmədən İrəvanın uydurduğu “100 min qaçqın” statistikasına əsaslanır. Və “qlobal qaçqın böhranı” şousunun nümayiş etdirildiyi Ermənistanın yanındakı məhz erməni işğalının və deportasiya siyasətinin qurbanı olan bir milyon qaçqın və məcburi köçkün azərbaycanlının 30 ildən artıqdır necə yaşadığı, hansı mərhumiyyətlərlə üzləşdiyi ilə maraqlanmırlar.

Axı BMT-nin qaçqınlarla bağlı strategiyasında “qaçqınların millətinin, dininin və irqinin fərqi yoxdur” prinsipi əsas istiqamətlərdən biridir. Xeyr, qaçqınlar dininə və millətinə görə ayrı-seçkiliklə üzləşir, bir milyon azərbaycanlının üzləşdiyi kimi...

Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə bir milyona yaxın azərbaycanlı qaçqın öz yurdundan ayaqyalın didərgin edildi. Qarın üzərində günlərlə yol qət etdilər, soyqırıma, qətliamlara məruz qaldılar və 30 ildir öz evlərinə qayıtmaq arzusu ilə çadır düşərgələrində yaşadılar. Bu müddətdə xarici donor təşkilatları nə edirdi? Yardım göndərirdilərmi, yaxud dünyanın gündəmini bununla məşğul edirdilərmi? Xeyr. Kiçik yardımları çıxmaq şərti ilə heç bir dəstək verilmədi, qaçqınların həyat şəraitini yaxşılaşdırmaq, onların mənəvi və maddi problemlərini həll etmək Azərbaycan dövlətinin üzərinə düşdü.

- 1993-cü ildən 2019-cu ilə qədər Azərbaycan qaçqın və məcburi köçkünlərə 10 milyard manat vəsait xərcləyib: bu vəsaitin 4 milyardı dövlət büdcəsindən, 2.5 milyardı dövlət neft fondundan, 1.4 milyardı beynəlxalq maliyyə qurumlarından, qalanı isə digər mənbələrdən təmn edilib;
- Vətən müharibəsində torpaqlarımız azad olunsa da, qaçqın və məcburi kpçkünlər hələ də öz evlərinə qayıda bilməyib: 2020-2023-cü illərdə vahid aylıq müavinət daxil olmaqla hər il üçün 380 milyon manat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 600 milyon manat, təhsil və s. xərclər dövlət tərəfindən ödənilir;

Bu gün yüz minlərlə qaçqın və məcburi köçkün öz evinə, yurduna qayıda bilməyib. Bunun əsas günahkarı yenə də onları öz yurdundan didərgin salan Ermənistandır.

Birincisi, Ermənistan işğal dövründə bütün infrastrukturu məhv edib, şəhərləti, qəsəbələri, kəndləri yer üzündən silib: bu ərazilərin bərpası üçün milyardlarla dollar vəsait və illər lazımdır;
İkincisi, Ermənistan işğal dövründə bu ərazilərdə basdırdığı minaların xəritəsini vermir, yaxud yanlış xəritələr verir, nəticədə o ərazilərdə yaşamaq təhlükəsiz deyil;

Azərbaycanlı qaçqınlar öz evlərinə dönəcəkləri günü gözləyir və hələ də sosial problemlərlə üzləşirlər. Amma bu gün 25-30 min erməni ətrafında “qlobal qaçqın fəlakəti” düzəldənlər əsl qaçqınları – bir milyon azərbaycanlını görməzdən gəlir, ikiüzlü münasibət sərgiləyirlər. O ermənilər ki, onları zəbt etdikləri torpaqlardan qovan olmadı, yaşamaları üçün bütün zəmanət verildi. O ermənilər ki, bütün əşyalarını, hətta unitazlarını belə özləri ilə apara bildilər və yol boyu Azərbaycan əsgərləri tərəfindən humanitar yardımlarla təmin edildilər. O ermənilər ki, gedərkən yaşadıqları evləri yandırdılar. Belə qaçqın olurmu? Dünya daha bir tragikomediyaya şahidlik edir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm