İran NATO-nu sərhədinə gətirən Ermənistanı niyə görmür? - Tehrandan Qərbə ŞOK MESAJ
Bizi izləyin

Nida Təhlil

İran NATO-nu sərhədinə gətirən Ermənistanı niyə görmür? - Tehrandan Qərbə ŞOK MESAJ

Aprelin 5-də Avropa İttifaqı və ABŞ-ın Brüsseldə Ermənistanla imzalamağı planlaşdırdığı hərbi pakt Qərb qüvvələrinin Cənubi Qafqaza növbəti – genişmiqyaslı müdaxiləsinə zəmin yaradacaq. İndiyə qədər bu müdxilə müxtəlif formalarda həyata keçirilir, Qərb xüsusilə silahlanma və “müşahidəçi” adı altında bölgəyə daxil olurdu.

- Avropa İttifaqının “mülki missiya” adı altında fəaliyyət göstərən müşahidəçilərinin sayı bu ilin yanvar ayında 1500-ə çatdırıldı;
- Missiyada Aİ-yə üzv olmayan Kanadanın iştirakı ilə NATO-nun da bölgədə təmsilçiliyi təmin edilib: Aİ üzvü olmayan digər NATO üzvlərinin – Norveç və ABŞ – da missiyaya qoşulacağı gözlənilir;
- Fransa Ermənistanın silahlanmasını üzərinə götürüb;


Məqsəd Rusiyanı Ermənistandan çıxarmaq və onun yerini tutmaq, Ermənistan üzərindən Qərbin bölgədəki hərbi kontingentini təmin etməkdir. Artıq Rusiya sərhədçilərinin çıxarılması prosesinə start verilib, ardınca Gümrüdəki 102-ci hərbi bazanın bağlanmasının gündəmə gələcəyi qaçılmaz olacaq. Moskva baş verənləri anlayır, Rusiya xarici işlər naziri Sergey Lavrovun “İzvestiya” nəşrinə müsahibəsində dedikləri də bunu təsdiq etdi. Lavrovun açıqlamaları, həmçinin, Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın 5 aprel planı haqda dedikləri Moskvanın Ermənistan üzərindən bölgəyə qeyri-sabitlik ixrac edildiyindən məlumatlı olduğunu göstərir. Və bəllidir ki, Rusiya prosesə seyirçi qalmayacaq. Çünki aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və ABŞ dövlət katibi Entoni Blinkenin Brüsseldə keçiriləcək görüşü Qərbin Cənubi Qafqaza kollektiv hücumunun başlanğıcı ola bilər. Bu görüşdə indiyə qədər müxtəlif formalarda Ermənistana yerləşdirilən Qərb qüvvələrinin bölgəyə kompleks şəkildə daxil olması qərarı verilə bilər. Beləliklə, Qərb qoşunları Aİ “mülki missiyası” da daxil olmaqla müxtəlif adlar altında Cənubi Qafqaza yeridiləcək, bu qüvvələr arasında qeyri-rəsmi formada NATO-nun da yer alacağı istisna deyil.

Bu prosesdə ən mühüm məqamlardan biri region ölkələrindən İranın “seyirçi mövqe” sərgiləməsidir. Tehran 44 günlük müharibədən sonra “regiona kənar qüvvələrin gətirilməsinə qarşı olduğunu” hər fürsətdə dilə gətirir və buna görə Azərbaycanı ittiham edirdi. Hərçənd, Bakını ittiham etdikləri vaxt İrəvan onların nəzərdə tutduğu “kənar qüvvələri” – Aİ müşahidəçilərini, Fransa jandarmalarını İranın sərhədlərinə yerləşdirdi. Bu kontekstdə aprelin 5-də Brüsseldə baş tutacaq görüşün İran üçün hansı nəticələrə gətirib çıxaracağı da aydındır.

Birincisi, NATO qüvvələri də daxil olmaqla Qərb qoşunları İranla sərhəddə yerləşdirilir: Azərbaycanla sərhədə gələn Aİ-nin “mülki missiyası”nın əslində İranla sərhəddə də kəşfiyyat apardığı məlumdur; Qərb Brüssel görşündən sonra prosesi daha da genişləndirmək niyyətindədir;
İkincisi, Qərbin İrəvandan istədikləri arasında Rusiyanı bölgədə sıxışdırmaqla yanaşı, Ermənistandan anti-İran platforması kimi daha geniş şəkildə istifadə etmək də var: istisna deyil ki, Paşinyan-Leyen-Blinken görüşünün gündəminə bu da daxildir;

İranda Ermənistanın nə etmək istədiyini, hansı planlara xidmət etdiyini artıq anlayırlar. Ötən ilin dekabrında İran prezidenti İbrahim Rəisi erməni baş nazir Nikol Paşinyanla telefon söhbətində “kənar qüvvələrin gəlişindən” narahatlığını dilə gətirmişdi. Rəisi Paşinyanın müavini Mher Qriqoryanı Tehranda qəbul edəndə də bu mövqeyini təkrarladı. O zaman sual yaranır: İran Qərb qoşunlarının, birbaşa NATO qüvvələrinin sərhədində yerləşdirilməsinə niyə susur, niyə Ermənistanla hərbi paktın bağlanması planlarına qarşı çıxmır?

Bu sualın cavabı Tehrandadır, hərçənd, İran rəsmi səviyyədə “susmaq” mövqeyi sərgləyir. O baxımdan, İranın niyə “susduğuna” dair bir neçə versiya ön plana çıxır.

Birincisi, İran Ermənistan üzərindən bölgəyə daxil olmaq və Rusiyanın mövqelərinə zərbə endirmək planında Qərblə gizli əməkdaşlıq içindədir: Tehranın Zəngəzur dəhlizi layihəsinə qarşı Qərblə eyni mövqe sərgiləməsi fonunda belə şübhələr artır;
İkincisi, İran Qərbin Rusiyanı Ermənistandan çıxarmaq planını Cənubi Qafqazda öz mövqelərinin möhkəmlənməsi üçün fürsət olaraq görür: Ermənistan mediası yazırdı ki, Mher Qriqoryana “kənar qüvvələrin bölgəyə gətirilməsinə qarşı olduqlarını” deyən İbrahim Rəisi qeyd edib ki, “Ermənistanın təhlükəsizliyinin təmin edilməsi ehtiyacını İran üzərinə götürə bilər”; İranın Ermənistana Zəngəzur bölgəsində hərbi baza yaratmaqla bağlı təklif verdiyinə dair məlumatlar bu kontekstdə yada düşür;
Üçüncüsü, İran bölgədə Ermənistanın “yeganə qoruyucusu” kimi Qərbdən dəstək əldə etmək niyyətindədir: Tehranın İrəvanı israrla “müdafiə etməsi”, Ermənistan sərhədini “qırmızı xətti” elan etməsinin səbəbləri arasında bu hədəf əvvəldən olub və bununla,

- Qərbə “İran olmasa, Ermənistan bölgədə təklənəcək” mesajı verir;
- Ermənistanın “təhlükəsizliyini” düşündüyünü göstərməklə Qərbdəki erməni diasporu/lobbisinin dəstəyini əldə etməyə çalışır;
- Qərbin daim aktual olan “İrana hərbi müdaxilə” ssenarisinin təxirə salınmasına, bu ssenaridə cəbhənin genişlənməsinin qarşısını almağa çalışır;


Tehranın Qərbi bölgəyə gətirən İrəvan qarşısında susqunluğunu bu amillərlə izah etmək mümkündür. Hərçənd, belə mövqe Ermənistanın anti-İran platforması olması potensialı fonunda Tehranın maraqlarına ziddir, digər tərəfdən, İranın Rusiyaya qarşı gizli şəkildə separat diplomatiya həyata keçirdiyi haqda şübhələr yaradır. İran Ermənistan üzərindən Cənubi Qafqazda qeyri-sabitliyin yaradılması planlarına qarşı çıxmasa, bu şübhələrin gerçək olduğu aydın olacaq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm