Nida Təhlil
İrəvanla gizli anlaşmanın detalları: Brüsseldə qəbul edilən hərbi paktda nələr var?
Aprelin 5-də Brüsseldə keçirilən Ermənistan-Avropa İttifaqı-ABŞ formatındakı görüşdə hərbi paktın müzakirə edildiyini ispat edən sənəd mediaya sızıb. Yayılan sənəddən aydın görünür ki, ABŞ və Avropa İttifaqının Ermənistana hərbi müstəvidə hərtərəfli dəstək vermək qərarı var.
ABŞ Dövlət Departamenti məlumatı tələsik təkzib etməyə çalışdı və bunu “dezinformasiya” adlandırdı. Bu mənzərə tanışdır, Brüssel görüşündən öncə Ermənistanla hərbi paktın müzakirə ediləcəyinə dair yayılan məlumatlar, o cümlədən, rəsmi Bakının narahatlığını açıqladığı bəyanatları Aİ və ABŞ tərəfindən israrla təkzib olunurdu, indi də Dövlət Departamenti sənədi “dezinformasiya” adlandırır. Və sənədin həqiqət olduğu əslində tələsik təkzibdən də aydın olur. Çünki ABŞ-ın xarici siyasət idarəsi hər informasiyaya reaksiya vermir, əgər Azərbaycan mediasında yayılan sənədə bu formada münasibət bildirirlərsə, deməli, Vaşinqtonun gizlətmək zərurəti hiss etdiyi məsələlər var.
Aİ və ABŞ-ın Brüssel görüşündə gizli saxlamaq istədiyi məsələlər əvvəldən aydın görünürdü. Ermənistanın “təhlükəsizliyi” məqsədilə hərbi yardımların edilməsi məsələsi hələ ötən ilin 5 oktyabrında Qranada görüşündə gündəmə gəlmişdi. Paşinyanla görüşən Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen “Avropa İttifaqı və ABŞ-ın Ermənistana dəstək məqsədilə birgə planının hazırlandığı” bəyan etmişdi. Bu ilin mart ayında Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirdi ki, 5 aprel Brüssel görüşündə Aİ və ABŞ-ın birgə dəstək planı müzakirə olunacaq və bura “Ermənistanın müqavimətinin gücləndirilməsi” də daxildir. Rəsmi Bakı məsələni gündəmə gətirdikdən sonra Vaşinqton və Brüsseldən təkziblər gəlməyə başlandı, görüşdən iki gün öncə Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng edərək, “Ermənistana hərbi yardımın müzakirə olunmadığını, görüşün “iqtisadi xarakter” daşıdığını” izah etməyə çalışdılar. Əslində Qərbdə müşahidə edilən diplomatiya trafiki gizlətmək istədikləri məqamların olduğuna diqqət çəkirdi.
ABŞ və Aİ nə qədər təkzib etməyə çalışsa da, Brüssel görüşünün detalları hər şeyi “ələ verirdi”. Görüşdə Aİ və ABŞ Ermənistan iqtisadiyyatının “dayanaqlılığının” artırılması üçün maliyyə yardımı ayırmaq qərarına gəldi. Brüssel İrəvana 270 milyon avro, Vaşinqton 65 milyon dollar ayıracaq. Və beləliklə, görüşün “iqtisadi xarakter” daşıdığını nümayiş etdirdilər. Hərçənd, bu görünən tərəf idi və aydın idi ki, Paşinyan, Leyen və Blinken bağlı qapılar arxasında saatlarla 270-65 milyonluq paket üzərində “baş sındırmayıblar”.
Birincisi, Aİ və ABŞ hər il Ermənistana müəyyən məbləğdə maliyyə yardımı ayrırır: Brüssel görüşü təqdim edildiyi kimi, təkcə maliyyə yardımının ayrılmasına həsr olunsaydı, o zaman, belə bir səviyyədə görüşə ehtiyac yox idi;
İkincisi, məsələ birbaşa iqtisadi xarakter daşısaydı, görüşdə erməni baş nazir, Avropa Komissiyasının prezidenti və ABŞ dövlət naziri yox, iqtisadi sahədən məsul olan şəxslər iştirak edərdi;
Üçüncüsü, görüşdən bir gün öncə - aprelin 4-də Aİ-nin İrəvandakı nümayəndəliyinin rəhbəri Vasilis Maraqos “Avropaya inteqrasiya” mövzusunda keçirilən parlament dinləmələrində etiraf etdi ki, “Avropa İttifaqı Ermənistana “qeyri-öldürücü” hərbi yardım ayırmağı nəzərdən keçirir”. Onun sözlərinə görə, bu yardımlar Aİ tərəfdaşlarının müdafiə qabiliyyətini artırmaq üçün nəzərədə tutulmuş Avropa Sülh Fondu vasitəsilə veriləcək.
Dördüncüsü, Brüsseldə razılaşdırılması nəzərdə tutulan hərbi paktın punktları daha əvvəl Ermənistan nümayəndə heyətinin ABŞ-a səfəri zamanı Pentaqonda və digər qurumlarda müzakirə edilib, o cümlədən, Aİ hərbi yardım məsələsini araşdıran xüsusi qrupu hələ ötən ilin noyabrında İrəvana göndərib.
“Azadlıq radiosu”nun erməni xidmətinin məlumatına görə, Avropa İttifaqının icra orqanı, Avropa Komissiyası və Xarici Fəaliyyət Xidmətinin rəsmilərindən ibarət qrup noyabrda İrəvana səfəri zamanı Ermənistan rəsmiləri ilə hərbi yardım məsələsini müzakirə edib. Səfərlə bağlı bəyanatda qeyd olunur ki, “Avropa İttifaqı Avropa Sülh Fondu vasitəsilə Ermənistan ordusuna qeyri-öldürücü hərbi yardımın edilməsini araşdıracaq”. Maraqos da ötən ilin dekabr ayında bildirmişdi ki, Aİ yaxın həftələrdə Ermənistana “texniki missiya” göndərəcək və ölkənin təhlükəsizlik ehtiyaclarını qiymətləndirdikdən sonra belə yardımlarla bağlı konkret təkliflər verəcək. Aİ nümayəndəsinin açıqlaması və diqqətdən yayınmayan məqamlar sübut edirdi ki, Brüssel görüşünün əsas gündəmi Ermənistana hərbi yardımın edilməsi olub. İqtisadi dəstək – avro və dollarların ayrılması həm İrəvanı verilən tapşırıqların icrasına həvəsləndirmək, həm də diqqəti əsas məsələdən – hərbi yardımlardan yayındırmaq məqsədi daşıyıb.
ABŞ və Avropa İttifaqı bu faktı sona qədər israrla təkzib etdi, bu gün də təkzib etməyə davam edirlər. Lakin “Caliber.az”ın diplomatik mənbələrdən əld etdiyi sənəd Paşinyan, Leyen və Blinkenin Brüsseldə bağlı qapılar arxasında hərbi paktı müzakirə etdiyi və razılaşdırdığını sübut edir.
20 bənddən ibarət sənəddə ABŞ və Avropa İttifaqının Ermənistana göstərəcəyi hərbi yardımlar ayrı-ayrılıqda və detalları ilə əksini tapır.
ABŞ hansı yardımı edəcək?
Vaşinqton İrəvana 8 bənddən ibarət yardım təklif edir.
1. ABŞ Ermənistana müdafiə strategiyalarının öyrədilməsi və yeni hərbi doktrinanın hazırlanması üçün ekspert dəstəyi verəcək.
Ermənistan ordusunun yeni doktrinaya uyğun hazırlanması üçün vəsaitə ehtiyac var və bəllidir ki, hərbi məqsədlər üçün nəzərdə tutulan maliyyənin mənbəyi Birləşmiş Ştatlar olacaq. ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn aprelin 10-da “Azadlıq radiosu”nun erməni xidmətinə müsahibəsində etiraf edib ki, Vaşinqtondan İrəvana hərbi müşavirlər göndəriləcək: “Ermənistan Müdafiə Nazirliyində əyləşəcək məsləhtçilər hərbi potensialın artırılmasına kömək edəcəklər”. Təkcə səfir Quinnin dedikləri Dövlət Departamentinin bu sənədi təkzib etmək cəhdini sıradan çıxarır.
2. ABŞ Ermənistanın NATO ilə əməkdaşlığını uyğunlaşdırmaq məqsədilə PARP (İkitərəfli hərbi əməkdaşlığın planlaşdırılması) və OCC (Əməliyyat imkanları konsepsiyasi) proqramlarından istifadə edəcək.
3. ABŞ Ermənistanın hərbi və müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə inkişaf etdirmək, İranla sərhədə xüsusi diqqət yetirmək, sərhəd nəzarətini və təhlükəsizliyi gücləndirmək məqsədilə lazım olan dəstəyi göstərəcək.
4. Ermənistanın KTMT standartlarına uyğun fəaliyyət göstərən Hərbi Hava Qüvvələrini və Hava Hücumundan Müdafiəsini yerində öyrənmək üçün prosesə ABŞ-dan analitik qruplar cəlb ediləcək.
5. ABŞ Ermənistanın qabaqcıl hərbi texnika və yeni texnologiyalara çıxışını asanlaşdırmaq üçün Xarici Hərbi Maliyyələşdirmə (FMF) proqramı üzrə dəstək verəcək.
FMF proqramı ABŞ-ın müttəfiqlərinə və tərəfdaşlarına silah almaq, ordunu gücləndirmək məqsədilə qrant, yaxud kredit formasında maliyyənin ayrılmasını nəzərdə tutur. Beləliklə, Ermənistan ordusunu müasir silahlarla təchiz etmək üçün ABŞ-dan maliyyə yardımı alacaq.
6. ABŞ ordusu qarşılıqlı fəaliyyətin təmin edilməsi üçün Ermənistan ordusu ilə birgə hərbi təlimlərdə iştirak edəcək.
7. ABŞ Beynəlxalq Hərbi Təhsil və Təlim (İMET) proqramı vasitəsilə Ermənistanın müdafiə qabiliyyətini gücləndirəcək.
Bu, ABŞ tərəfindən Ermənistan hərbçilərinin təhsil alması, təlim keçməsi və hazırlanmasını nəzərdə tutur.
8. ABŞ Ermənistan ərazisində GPS (Global Positioning System) texnologiyasının geniş tətbiqini sürətləndirməyə çalışacaq.
Bu sistemin tətbiqi orduya hərbi əməliyyatlar zamanı koordinatların tapılmasından tutumuş, hərəkət istiqamətlərini müəyyənləşdirməyə qədər geniş imkanlar qazandırır.
Avropa İttifaqanın yardımı nədən ibarətdir?
1. Avropa İttifaqı Ermənistan ordusunu Avropa Sülh Fondu çərçivəsində maliyyələşdirəcək.
Bu dəstək həm Ermənistan ordusunun silahlanmasına, həm də Aİ və NATO standartlarına uyğun yenidən qurulmasına imkan verəcək.
2. Aİ və Ermənistan müdafiə və təhlükəsizlik məsələləri üzrə mütəmad olaraq məsləhətləşmələr aparacaq.
3. Aİ Ermənistan hakimiyyətnin Rusiya sərhədçilərini “Zvartnots” hava limanından, eləcə də Ermənistan-İran və digər sərhəd ərazilərindən çıxarılması qərarını dəstəkləyir.
Artıq İrəvan Rusiya sərhədçilərini “Zvartnots” hava limanından çıxarılması üçün rəsmi müraciət edib. Növbədə sərhəd bölgələrində analoji addımın atılmasıdır. Onların yerini Aİ-nin “müşahidə missiyası” adı altında Ermənistana gələn Qərb qüvvələri tutacaq.
4. Aİ və Ermənistan Rusiyanın Ermənistandakı hərbi obyektlərinin statusunu 2044-cü ilə qədər mövcudluğunu təsdiq edən hazırki sazişi nəzərə alaraq müzakirə edib.
Bu, Rusiya sərhədçiləri ilə yanaşı, Gümrüdəki 102-ci hərbi bazanın da Ermənistandan çıxarılması məqsədi daşıyır.
5. Aİ və Ermənistan İrəvanın Rusiya hərbi texnikası və texnologiyalarından, eləcə də Rusiya tərəfindən verilən hərbi təhsil və təlimdən asılılığının azaldılması zərurətini müzakirə edib.
Rusiya tamamilə Ermənistandan çıxarılacaq, onu Qərb qüvvələri əvəzləyəcək. Razılaşma bu ssenarinin tətbiqinə hazırlığın getdiyini təsdiq edir.
6. Aİ və Ermənistan Avropa İttifaqının missiyasının uzunmüddətli mövcudluğunu təmin etmək və saylarının əhəmiyyətli dərəcədə artırmaq istiqamətində əməkdaşlıq edəcək.
Beləliklə, Aİ missiyası adı altında NATO da daxil olmaqla Qərb qoşunlarının Ermənistana yerləşdirilməsi addımları genişləndiriləcək. Bu qüvvələr Rusiyanın tamamilə boşalan yerini tutacaq.
7. Aİ Ermənistan və Azərbaycanla sərhəddə müdafiə infrastruktunun, eləcə də mühəndis istehkamlarının yaradılmasına dəstək göstərəcək.
Bu, Qərb qoşunlarının Azərbaycanla sərhəddə yerləşdirilməsi deməkdir. Proseslərin inkişafında Ermənistanın Aİ və ABŞ-ın təşviqi ilə Azərbaycana qarşı müharibəyə başlayacağı, yaxud eskalasiyanın yaranmasına hesablanan təxribatlar törədəcəyi istisna edilməməlidir. Xüsusilə mühəndis istekamlarının yaradılması bu kontekstdə diqqət çəkir.
8. Aİ və Ermənistan sərhəd təhlükəsizliyi və nəzarəti məsələlərində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları və Avropa İttifaqının Xarici Sərhəd Təhlükəsizliyi Agentliyi (Frontex) vasitəsilə əməkdaşlıq edəcək.
9. Aİ-yə üzv dövlətlər və ABŞ Ermənistanın yeni yaradılmış Xarici Kəşfiyyat Xidmətinin təlim və təchizatına yardım edəcək, Dövlət Təhlükəsizliyi Xidmətinin potensialını və təlim imkanlarını artıracaq.
10. Aİ və Ermənistan arasında bu ölkənin kiber təhlükəsizliyinin təmin edilməsi məqsədilə dialoq başlayacaq.
Sənəddə ABŞ və Avropa İttifaqının Ermənistana ayrı-ayrılıqda hərbi yardımı ilə yanaşı, birlikdə yardımları da öz əksini tapır. Bu yardımlardan biri “Metsamor” AES-in sökülməsi və yeni AES-lərin tikilməsi üçün maliyyə yardımının ayrılmasıdır. Digəri isə Ermənistanın müdafiə və təhlükəsizliyində davamlılıq proqramının həyata keçirilməsini əlaqələnirmək məqsədilə ABŞ və Aİ-nin birgə hərbi və müdafiə işçi qrupunun yaradılmasıdır.
Qərbin Ermənistana hərbi yardımı haqda təkzibolunmaz fakt ortadadır, ABŞ-ı narahat edən də budur. Buna görə Dövlət Departamenti sənədi “dezinformasiya” adlandırmaqla faktları ört-basdır etməyə çalışır. Hərçənd, Aİ tərəfindən Ermənistana ayrılması planlaşdırılan 10 milyon avronun təyinatı da Brüsseldə hərbi paktın müzakirə edildiyi və razılaşdırıldığını ispat edən amillərdəndir. Ermənistan mediasının məlumatına görə, bu vəsait hərbi batalyon üçün nəzərdə tutulmuş modul tipli səhra düşərgəsinin yaradılmasına sərf olunacaq. Qərbli siyasətçilər isə “təkzib” siyasətindən əl çəkmir, əslində fakt qarşısında qaldıqları üçün çıxış yolunu “yayınmaqda” görürlər.
Bu sənəd ABŞ və Avropa İttifaqının Ermənistanı silahandırmaq planını detallı şəkildə ifşa etdi. Və aydındır ki, icrasına başlanan plan Cənubi Qafqazda sülhün və sabitliyin “qatili” olacaq. Çünki hərbi paktla bağlı sənəddən də görünür ki, ABŞ və Aİ-nin məqsədi Ermənistanın “müdafiəsinə” kömək etmək də deyil, bu ölkənin ordusunu döyüşə hazırlamaqdır.
Asif Nərimanlı
-
Dünya12:16
Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
-
Region11:57
Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
-
Dünya11:23
Şimali Koreyanın Rusiyaya hərbi dəstəyi: Görün Moskva əvəzini nə ilə ödəyib
-
Region10:40
Ermənistanda soydaşımıza hücum etdilər - VİDEO
-
MDB10:05
Rusiya Ukraynanı ballistik raketlə belə vudu: Medvedev VİDEO yaydı
-
Kriminal09:50
İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi
-
İdman09:16
Fernandu Santuş Rövşən Nəcəfin görüşünə gedir: İstefaya göndərilir - DETALLAR
-
Nəqliyyat08:12
Sərnişinin halı pisləşdi, təyyarə Bakıya təcili eniş etdi