Nida Təhlil
OCCRP-nin ifşası: pulu və sifarişi ABŞ verir, təşkilat hücuma keçir - DETALLAR
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Layihəsi (OCCRP) şəffaflıq və hesabatlılıq prinsiplərini əsas götürdüyünü, araşdırmalarını da xeyriyyə təşkilatlarının dəstəyi ilə həyata keçirdiyini iddia etsə də, bu təşkilatın ABŞ tərəfindən “hücum silahı” olaraq istifadə edildiyi və Birləşmiş Ştatların xüsusi xidmət orqanlarının gizli qanadı olan USAİD-in qeyri-rəsmi alt-qurumu kimi fəaliyyət göstərdiyi sirr deyildi. İndiyə qədər Azərbaycan mediasında OCCRP-nin gerçək missiyası haqda geniş araşdırmalar aparılıb. Hərçənd, OCCRP rəhbərliyi təqdim edilən faktları yaxına buraxmır, özünü “müstəqil jurnalistikanın onurğa sütunu” kimi təqdim etməkdən çəkinmir. Təşkilatın rəhbəri Drev Sullivan (Drew Sullivan) fəxrlə bildirir ki, “araşdırma hesabatı qlobal fenomen olmalıdır, korrupsiya şəbəkəsi ilə mübarizə aparmaq üçün şəbəkə lazımdır, OCCRP məhz həmin şəbəkədir”. O, bütün fəaliyyətlərini “xeyriyyə təşkilatları”nın dəstəyi hesabına qurduqlarını da iddia edir.
Beynəlxalq medianın OCCRP haqda sensasiya yaradacaq araşdırması Sullivanın “saxta xarizma”sını yerlə bir etdi. Çünki araşdırmada təkzibolumaz faktlar yer alır və OCCRP rəhbəri bu faktlar qarşısında böyük ölçüdə razılaşmaq məcburiyyətində qalır.
Cənab fakta təzyiq cəhdi
Bir sıra beynəlxalq media orqanı - Fransanın “Mediapart”, İtaliyanın “Il Fatto Quotidiano”, Yunanıstanın “Drop Site” və “Reporters United” nəşrləri OCCRP-nin fəaliyyəti ilə bağlı birgə araşdırma aparıb. Aylarla davam edən araşdırmaya Almaniyanın NDR ictimai teleradio şirkəti tərəfindən start verilib, Fransa, İtaliya və Yunanıstan mediası da bu prosesdə NDR-ə dəstək veriblər. Lakin NDR son anda araşdırmanı yayımlamaqdan imtina edib. “Drop Site” nəşrinin yazdığına görə, buna səbəb OCCRP rəhbərliyinin, birbaşa Drev Sullivanın NDR-yə təzyiq etməsidir. Araşdırmada iştirak edən digər media orqanları toplanan faktların müəyyən qismini dərc etmək qəarına gəlib və Sullivan tərəfindən eyni təzyiqlə üzləşiblər, lakin geri addım atmayıblar.
Araşdırma nəticəsində məlum olub ki, OCCRP-nin 2014-2023-cü illər ərzində xərclərinin 52 faizi ABŞ tərəfindən təmin edilib. Təşkilatın yarandığı 2008-ci ildən indiyə qədər isə ABŞ 47 milyon dollar vəsait ayırıb, həmçinin, əlavə 12 milyon dollar ayırmaq vədini verib. OCCRP-yə ABŞ-la yanaşı, Fransa, Danimarka, İsveç, Niderland, Böyük Britaniya kimi digər Qərb ölkələri də maliyyə ödəyib. Avropa ölkələrindən təşkilata son 10 il ərzində 15 milyon dollar vəsait ayrılıb. Buna rəğmən, əsas maliyyə mənbəyi ABŞ-dır. OCCRP-nin Direktorlar Şurası da araşdırma aparan nəşrlərin - “Mediapart”, “Il Fatto Quotidiano”, “Drop Site” və “Reporters United” – sorğusuna cavabda bu faktı təsdiqləyib.
Və bunu belə əsaslandırmağa çalışıb: “Bu, insanlar tərəfindən mənfi qəbul edilə bilər, hərçənd, illər əvvəl OCCRP yaradılanda Direktorlar Şurası aparacağı jurnalist araşdırmaları naminə bu məsələdə (ABŞ-ın maliyyələşdirməsinə-red) güzəştə getməyə qərar verdi”.
Sullivan isə maliyyə mənbəyinin – ABŞ-ın OCCRP-nin fəaliyyətinə nəzarət etmədiyini iddia edir. Halbuki, faktlar fərqlidir.
ABŞ kəşfiyyatının gizli layihəsi
Hər şeyə əvvəldən – Sullivanın ABŞ rəsmilərinin diqqətinə düşməsindən baxmaqda fayda var. Dövlət Departamentinin rəsmisi Maykl Henninq 2000-ci illərdə Filippində işləyirdi. 2001-ci ildə Filippin Araşdırma Jurnalistika Mərkəzi (PCİJ) ABŞ-la qarşıdurmada olan millətçi prezident Cozef Estradanın korrupsiya əməlləri ilə bağlı araşdırma apardı. Bu araşdırma kütləvi etirazları tətiklədi və ölkədə dövlət çevrilişi ilə nəticələndi. Jurnalistin qələminin gücü yenidən ortaya çıxmışdı.
Henninq daha sonra ABŞ-ın Bosniyadakı səfirliyinə göndərildi. Həmin vaxt Vaşinqton Rusiya orbitində qalan postsovet ölkələrini Qərbə doğru yönəltmək siyasətinə start vermişdi, bu istiqamətdə bütün resurslardan istifadə olunurdu. Henninq NDR-yə verdiyi müsahibədə bildirir ki, Bosniyada olarkən bir məsələni qətiləşdirb: “Bizim müstəqil araşdırma mərkəzinə ehtiyacımız var. Bildirdim ki, Filippində xidmət etdiyimə görə müəyyən şeylər öyrənmişəm”.
Sullivan da Henninq kimi Bosniyada olmuşdu. Və bu tapşırıq – araşdırma mərkəzinin qurulmasına Sullivana həvalə edilir. Henninq Sullivanı PCİJ-də işləyən Şeila Coronel ilə əlaqələndirdi, məqsəd təcrübənin öyrənilməsi idi.
OCCRP veb-saytında qeyd olunur ki, təşkilat 2007-ci ildə BMT-nin Demokratiya Fondunun qrantı ilə açılıb, halbuki, həmin tarixdə BMT-nin qrantı başqa təşkilata verilib, OCCP-yə deyil. OCCRP-nin yaranması 2008-ci ildə ABŞ Dövlət Departamentinin bir hissəsi olan İNL kimi tanınan Beynəlxalq Narkotiklər və Hüquq-Mühafizə İşləri Bürosunun ayırdığı bir milyon dollar vəsaitlə mümkün olub. Qrantı İNL versə də, onun idarəetməsinə USAİD nəzarət edib. USAİD-in rəsmisi Meq Qaydosik təsdiq edir ki, o, nəinki OCCRP üçün daxili maliyyə vəsaiti ayırmağa sövq edib, hətta daha böyük qrant ala bilməmələri üçün təşkilatın layihəsini yenidən hazırlayıb.
USAİD OCCRP-nin “kölgə sahibi” kimi çıxış edir. Təşkilatın fəaliyyətinə birbaşa müdaxilə etməsə də, maliyyənin idarə edilməsindən tutmuş redaksiya heyətinin təyinatına qədər bir çox işi nəzarətində saxlayır. Hazırda OCCRP-nin əməliyyatlarına nəzarəti USAİD əməkdaşı Şennon Maquayr həyata keçirir. USAİD-in rəhbəri, ermənipərəst mövqeyi ilə məşhur olan Samanta Pauer 2021-ci ilin noyabrında “Foreign Policy” jurnalının təşkil etdiyi “Müstəqil Media və Demokratiyanın inkişafı” adlı tədbirdə çıxışı zamanı OCCRP-ni ABŞ hökumətinin tərəfdaşı adlandırıb.
“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Layihəsi “Pandora sənədləri” haqqında hesabatların hazırlanmasında əsas tərəfdaşdır... Biz bütün dünyada müstəqil media və yerli media ilə işləyir, onların maliyyə dayanıqlığını artırmağa çalışırıq”, - USAİD rəhbəri bildirib.
OCCRP-nin ABŞ tərəfindən maliyyələşməsi və ABŞ Dövlət Departamentinin, həm də kəşfiyyat xidmətinin qanadı kimi fəaliyyət göstərən USAİD-in trərəfdaşı olması bu təşkilatın iddia etdiyi kimi, müstəqil və qərəzsiz olmadığını, əsas missiyasının da “korrupsiya araşdırmaları” yox, məhz Vaşinqtonun xarici siyasətində təzyiq və hücum silahı kimi istifadə edildiyini təsdiq edir. Bunu təsdiq edən faktlar həm də OCCRP-nin “araşdırma mövzuları”dır.
ABŞ sifariş verir, OCCRP hücuma keçir
Təşkilatın səs-küylü “Panama Sənədləri”, “Pandora sənədləri”, “Suisse Secrets”, “Camaşırxana” və “Çin Tütünü” kimi araşdırmaları bunu isbat edir. Hər bir araşdırma ABŞ-ın düşmən və rəqib kimi gördüyü ölkələri hədəfə alır.
Aydın mexanizm var: ABŞ hökuməti OCCRP-yə hədəfdə olan ölkə, yaxud ölkələrlə bağlı araşdırma sifarişi verir; araşdırmada təkcə təşkilatın əməkdaşları yox, ABŞ hökuməti və kəşfiyyatı da yaxından iştirak edir; verilən və toplanan materiallar OCCRP-nin “araşdırması” kimi təqdim olunur və adətən, təşkilatın hədəf seçilən ölkə və ölkələrdəki əməkdaşlarının imzaları ilə tirajlanır;
- 2022-ci ildə OCCRP ABŞ hökumətinin sifarişi ilə “Rusiyanın Media Sferasını” araşdırıb;
- 2015-2019-cu illərdə Dövlət Departamenti OCCRP-yə “Rusiya media sahəsinin balanslaşdırılması” işi üçün 2,2 milyon dollar ayırıb;
- 2019-2023-cü illərdə OCCRP Rusiya və Belarusun da daxil olduğu regionda “Avrasiyada araşdırma jurnalistikasının gücləndirilməsi” işi üçün Dövlət Departamsntindən 1,7 milyon dollar alıb;
- 2021 və 2022-ci illərdə OCCRP rusiyalı siyasətçi və oliqarxların aktivləri ilə bağlı “Rus aktivlərinin izləyicisi” adlı beynəlxalq araşdırmaya rəhbərlik edib;
- 2022-ci ildə Malta və Kiprdə “jurnalistlərin bacarıqlarını gücləndirmək”, “cinayət və korrpsiyanı ifşa etmək” və “araşdırma hesabatlarının təsirini sürətləndirmək” üçün OCCRP iki il ərzində 1 milyon dollar alıb: məqsəd Kipr və Maltada Rusiya oliqarxlarının aktivlərinə qarşı sanksiyaların tətbiq edilməsi idi;
- 2023-cü ilin 14 noyabrında Kipr prezidenti OCCRP-nin aşkar etdiyi faktlara əsaslanaraq, Rusiyaya qarşı sanksiyaların mümkün pozulması ilə bağlı araşdırmaya başladığını elan etdi; üç həftə sonra ABŞ FTB-sinin 20-dən çox əməkdaşı kiprli həmkarlarına kğmək etmək üçün adaya gəldilər;
Göründüyü kimi, hədəf seçilir, OCCRP hücuma keçir və toplanan məlumatların ictimaiyyətləşdirilməsindən sonra ABŞ agentləri prosesə daxil olur.
OCCRP-nin Azərbaycan planının detalları və iştirakçılar
OCCRP-nin davamlı şəkildə hədəf seçdiyi ölkələr siyahısında Azərbaycan da var. Hətta təşkilatın saytında yer alan “araşdırma xəritəsində” Azərbaycana xüsusi yer ayrılır. Təşkilatın uydurma iddialardan ibarət olan “Azərbaycan camaşırxanası” araşdırması da məhz rəsmi Bakıya təzyiq, xüsusilə enerji anlaşmalarında Qərb ölkələrinin maraqlarının təmin edilməsi məqsədi daşıyırdı. OCCRP-nin uydurma iddiaları məhz “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi ilə bağlı Bakıda yeni müqavilənin imzalanması ərəfəsində dövriyyəyə buraxması da bundan xəbər verir.
Faktlar OCCRP-nin gizlətməyə çalışdığı gerçək mahiyyətini və missiyasını ifşa edir. Bu faktlar həm də OCCRP-nin Azərbaycanla bağlı araşdırmalarının altına imza qoyan azərbaycanlı jurnalistlərin əslində tapşırıq və maliyyəni birbaşa ABŞ-dan aldığının sübutudur. Bunu OCCRP rəhbərliyi də təsdiq edir. Təşkilatın 60-a yaxın ölkədə 200-dən çox əməkdaşı var. Təşkilatın həmtəsisçisi Paul Radu bildirir ki, birgə layihələr üçün OCCRP təkcə maddi-texniki dəstək vermir, həm də yerli jurnalistlərin xərclərini və əmək haqqını ödəyir.
“Biz araşdırma üçün səyahət edən, yaxud məlumatlar toplayan jurnalistin bütün xərclərini ödəyir, sonda da əmək haqqısını veririk”, - o deyir.
Sual yaranır: bundan sonra Azərbaycanda OCCRP-yə işləyən jurnalistlər pul və sifariş aldıqlarını inkar edə biləcəklərmi?
Bu sualın ilk ünvanı OCCRP-nin Azərbaycanla bağlı məqalələrinin altında imzası olan Xədicə İsmayıldır. X.İsmayıl indiyə qədər “müstəqil jurnalist” kimi fəaliyyət göstərdiyini iddia edirdi. Əslində isə o, ABŞ-ın tapşırığı və pulu ilə işləyirmiş. Artıq hər şey çılpaqlığı ilə ortaya çıxdı.
Publika Analitik
-
Hadisə00:15
Bakı metrosunda baş verənlərə görə bu gün xüsusi iclas olacaq - RƏSMİ
-
MDB4 Dekabr 23:25
Rusiyadan Paşinyanın KTMT ilə bağlı bəyanatına CAVAB
-
İdman4 Dekabr 22:30
Bekhemin oğlu yeni sevgilisi ilə FOTOsunu paylaşdı: Onun üçün döymə də etdirib
-
Magazin14 Dekabr 22:18
"Nanənin xəbəri olmayıb" - Əməkdar artist qalmaqallı sürprizdən danışdı
-
Magazin24 Dekabr 20:55
“Eurovision 2025”də iştirakdan imtina etdilər
-
Cənubi Qafqaz4 Dekabr 20:45
Gürcüstanda müxalifət partiyalarının ofislərində axtarış aparıldı: Nələr aşkarlandı?
-
Magazin14 Dekabr 19:55
Pərvizlə Baləli Xəyyamın dəfninə niyə gəlməyib?
-
Hadisə4 Dekabr 19:40
Sərnişinlər "28 May"da qatardan düşürüldü - Metroda nə baş verir? - YENİLƏNDİ