Emin Hüseynovun qadın paltarında qaçışını kimlər təşkil etmişdi? - Detallar
Bizi izləyin

Nida Təhlil

Emin Hüseynovun qadın paltarında qaçışını kimlər təşkil etmişdi? - Detallar

Münhendə Birinci vitse-prezident Mehriban Əliyevaya sual verən Emin Hüseynovun “Qadın paltarında səfirlikdə gizlənən insan sizsiniz? Sizə can sağlığı arzulayıram” sual-cavabla qarşılaşması onun üçün gözlənilməz olduğu kimi, 2014-cü il hadisələrini də gündəmə gətirdi.

Xarici qrantların alınmasında hesabatlılıq məsələsi qanunda sərtləşdirildikdən sonra həmin vaxt, xüsusilə Soros şəbəkəsi ilə bağlı bir qrup QHT-nin vergidən yayınması ortaya çıxdı. Buna paralel olaraq, eyni şəbəkəyə daxil olan təşkilatların “xalq diplomatiyası” adı altında erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığı məsələsi gündəmə gəlmişdi. Bu, Azərbaycan dövlətinin istəyi ilə keçirilən “xalq diplomatiyası” yox, Qarabağda işğala əsaslanan status-kvonun qorunması riskini yaradan, xüsusilə Qərbdə dəstəklənən siyasət idi. Çoxvektorlu aparılan prosesdə bu hədəfi aydın seçmək çətin olurdu, çünki əsas vitrin kimi “insan haqları və demokratiya”, “media azadlığı” prinsiplərindən istifadə edilirdi və işğalı legitimləşdirməyə hesablanmış “xalq diplomatiyası” da “demokratiya uğrunda mübarizə” olaraq təqdim olunurdu.

Həmin təşkilatların fəaliyyətinin təftiş edilməsi də onlar üzərindən Azərbaycanda öz maraqlarına uyğun siyasəti maliyyələşdirən Soros şəbəkəsi, eləcə də maraqlı ölkələr, həmçinin, Ermənistan və erməni diasporu/lobbisini narahat edirdi. Azərbaycanla bağlı demokratiya çağırışlarının arxasında da bu və ya digər formada hər zaman Qarabağ məsələsinin dayanması faktı mövcud olub. Bununla bağlı açıq mənbələrdə kifayət qədər məlumatlar mövcuddur, həmçinin, “demokratiya, insan haqları” profilli təşkilatlar/şəxslərin erməni şəbəkələri ilə bu və ya digər formada əlaqəli olması, yaxud yollarının kəsişməsi diqqəti bura yönəldib. Misal üçün, 2014-cü il hadisələrində həbs olunan, daha sonra ölkəni tərk edən Leyla və Arif Yunuslar bunun ən real nümunələrindəndir.

- Leyla Yunus Azərbaycandan gedəndən sonra erməni hüquq müdafiəçisi Süzanna Barseqyanla birlikdə “İctimai dialoq” saytını yaratdı və “Azərbaycanda siyasi məhbuslar” adlı siyahı hazırladı;
- Arif Yunus dəfələrlə “Qarabağ münaqişəsinin həlli Azərbaycanda demokratiyanın qurulmasından keçir” çıxışları edib;
- AŞPA-nın 2019-cu il yaz sessiyasında Nikol Paşinyanın “Azərbaycan hakimiyyəti Ermənistanla sülh istəmir” tezisi digər zalda keçirilən ictimai təşkilatların müzakirəsində Leyla Yunus tərəfindən “İlham Əliyev Ermənistanla sülh istəmir” formasında səsləndirilirdi;

Belə nümunələr kifayət qədərdir. 2014-cü ildə bu şəbəkənin sıradan çıxarılması prosesində təkcə Emin Hüseynov İsveçrə səfirliyində gizlənməklə yayına bildi. Onun qaçışının tək səbəbi isə qadın paltarında gizlənməsi yox, həm də arxasındakı qüvvələr idi.

E.Hüseynov “amerikalı hərbçi xanımla” evli olub. Bu xanımın kimliyi dəqiq bilinməsə də, məşhur Rebecca Vinsentin rəfiqəsi olduğu haqda məlumatlar var. ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı olmuş Vinsentin “Miledi” ləqəbli kəşfiyyatçı olduğu deyilir. 2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsində “Demokratiya naminə oxu” kampaniyasının təşkilində iştirakına görə ölkədən çıxarıldı. Daha sonra əsas fəaliyyətini Azərbaycana qarşı kampaniyaların təşkili istiqamətində qurdu. Hüseynovun şəbəkəyə daxil olmasında da Vinsentin rolu böyük olub.

Hüseynovun kömək istəyi ABŞ səfirliyi tərəfindən “amerikalı xanımla evli” olduğuna görə geri çevrilsə də, əslində onun İsveçrə səfirliyinə sığına bilməsinin arxasında Vinsentin timsalında amerikalıların rolu istisna edilmirdi. İki amil də bu fikri gücləndirirdi.

Birincisi, Hüseynovun ABŞ səfirliyi tərəfindən qəbul edilməsi Vaşinqton-Bakı xəttinə problemlər yaradacağı üçün missiyanı İsveçrə səfirliyi üzərinə götürdü.

İkincisi, İsveçrə həmin il ATƏT-ə sədrlik edirdi və “xalq diplomatiyasının genişlənməsi üçün Azərbaycan və Ermənistan ictimaiyyətinə lazımi dəstək verəcəyik” bəyanatı ilə izlədiyi siyasi xətti elan etmişdi. Vergidən yayınan təşkilatların həm də məlum “xalq diplomatiyası”nı həyata keçirməsi, buna görə qrant alması fonunda da Hüseynovun İsveçrə səfirliyinə sığınması təsadüfi deyildi.

Səfirlikdə 10 qalan Hüseynov rəsmi Bakı ilə danışıqlardan sonra isveçrəli diplomat Didye Burkhalterin təyyarəsində ölkəni tərk etdi. Bu faktlar Hüseynovun arxasında xarici qüvvənin dayandığını və xidmətləri qarşılığında belə münasibət gördüyünü təsdiq edir. Eyni xidmətləri bu gün də davam edir. 44 günlük müharibə zamanı ordumuz haqqında dezinformasiyaların yayılması, müharibədən sonra Azərbaycan Silahlı Qüvvələrini AŞPA-ya şikayət etməsi, Azərbaycana qarşı qətnamələrin qəbuluna çalışması da belə “xidmətlər” sırasındadır. Bu kontekstdə Hüseynovun Azərbaycan Prezidentinə və Birinci vitse-prezidentə ünvanladığı “suallar” əslində xidmət etdiyi qüvvələrin sifarişi idi, hərçənd, Mehriban Əliyevanı cavabı onun üçün “soyuq duş” effekti yaratdı.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm