Nida Təhlil
Sinan Yıldız: Azərbaycan Ordusu bütün Türk dünyasının haqlı qürur mənbəyidir
26 İyun... Bu tarix, əsalətli bir millətin hər cür bədəl bahasına əsarət zəncirlərini qıraraq yenidən doğuluşunun, şanlı bir ordunun əsasının qoyulmasının və əbədi zəfərin rəmzidir. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tarixi qərar qəbul edərək ilk nizami hərbi hissəni yaratdı. Həmin gün Azərbaycanın müstəqilliyini qorumaq, Vətən torpaqlarını müdafiə etmək və Türk dünyasının daha bir möhkəm qalasını əbədiləşdirmək yolunda ilk addım atıldı. Bu gün isə həmin Əlahiddə Azərbaycan Korpusu türk yurdunun qəlbində qüdrətli Azərbaycan Ordusuna çevrilib, tarix səhnəsində böyük bir qəhrəmanlıq dastanının müəllifi kimi öz yerini tutub.
Publika.az xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq əlaqələr və terrorizm üzrə eksperti, ehtiyatda olan polkovnik Sinan Yıldız deyib.
S.Yıldızın sözlərinə görə, Azərbaycan Ordusu hər zaman türk xalqlarının şanlı tarixinin rəmzlərindən biri olub. XX əsrin sonlarında dövlət müstəqilliyinin bərpasından sonra Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə 26 İyun tarixi 1998-ci il mayın 22-də rəsmi olaraq Silahlı Qüvvələr Günü elan edildi. Bu qərar Azərbaycan dövlətinin öz ordusuna verdiyi böyük dəyərin və ona olan sarsılmaz etimadının bütün dünyaya bir daha bəyanı idi.
Ehtiyatda olan polkovnik bildirib ki, yarandığı gündən etibarən Azərbaycan Ordusu Vətənin ərazi bütövlüyü uğrunda canını fəda etməyə hazır olan igid oğullar yetişdirməkdədir. Bu müqəddəs yüksəlişin arxasında isə Azərbaycan qadınının ailəsinə, milli-mənəvi dəyərlərinə və adət-ənənələrinə sahib çıxması, hələ bətnində ikən övladının ruhunu Vətən sevgisi ilə formalaşdırması dayanıb. Bu torpağın hər qarışı qəhrəmanlıq dastanıdır, hər daşında bir şəhid nəfəsi yaşayır.
S.Yıldız qeyd edib ki, Azərbaycan Ordusunun ən böyük qəhrəmanlıq salnaməsi heç şübhəsiz ki, 44 günlük Vətən müharibəsində yazıldı. 2020-ci il sentyabrın 27-də başlayan döyüşlərdə düşmənə verilən hər cür dəstəyə baxmayaraq, Azərbaycan Ordusunun misilsiz şücaəti və qətiyyəti nəticəsində parlaq Qələbə qazanıldı. Otuzillik Vətən həsrətinə son qoyuldu, 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Müharibədə Azərbaycan Ordusu 2 min 900-dən çox hərbi qulluqçusunu şəhid verdi. Hər bir şəhid işğal altında qalmış torpaqların azad edilməsi uğrunda son nəfəsinə qədər döyüşdü. Məhz bu ruh Azərbaycan Ordusunu qüdrətli və məğlubedilməz edən əsas amildir. Lakin Azərbaycan Ordusunun mənsublarının şücaəti təkcə 44 günlük müharibə ilə səciyyələnmir. Hələ işğal dövründə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov 2010-cu il iyunun 18-dən 19-na keçən gecə cəbhə xəttində göstərdiyi misilsiz igidliklə adını tarixə qızıl hərflərlə yazdırdı. Onun davamçıları olan yüzlərlə qəhrəman Vətən torpağını qorumaq naminə canından keçərək Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün rəmzinə çevrilib.
"Bu gün Azərbaycan Ordusu müasir silah-sursat, texnika təchizatı, peşəkar hazırlığı, strateji həmlələri və yüksək döyüş ruhu ilə Türk dünyasının ən güclü ordularından biridir. Azərbaycan Ordusu təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının haqlı qürur mənbəyidir. Azərbaycanın qurd ürəkli oğulları tarix boyu olduğu kimi bu gün də vətənlərini müdafiə etməyə və müstəqilliklərinin əbədiliyini təmin etməyə hər zaman hazırdırlar. Onların cəsarəti, qətiyyəti, Vətənə məhəbbəti gələcək nəsillər üçün ilham mənbəyi olacaq, Azərbaycanın şanlı tarixi əbədi olaraq nəsillərdən-nəsillərə miras ötürüləcək.
Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq salnaməsi gələcəyin ümidinə çevrilmiş şanlı bir dastandır. Bu dastan Türk dünyasının ortaq qüruru və qardaşlığının ən möhkəm təminatıdır. 26 İyun bu qardaşlığın, ortaq irsin və misilsiz qəhrəmanlığın rəmzi kimi dünya durduqca böyük coşqu ilə qeyd olunacaq”, - deyə ekspert vurğulayıb.(AZƏRTAC)
-
Elm və təhsil17:25AMEA-dan gündəm olan görüntülərlə bağlı açıqlama - Video
-
İdman16:46Dünya İranın santimetrlik ofsaydından danışır - FOTO
-
Nida Təhlil 16:25Sinan Yıldız: Azərbaycan Ordusu bütün Türk dünyasının haqlı qürur mənbəyidir
-
Nida Xəbər 15:43Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşdı
-
Ekologiya15:32Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
-
Nəqliyyat14:40Bakı–Naxçıvan reysləri ləğv edildi
-
Ekologiya12:46Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?
-
Ekologiya10:50Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA


























.jpg)

.jpg)







