Nida Təhlil
Azərbaycan-Aİ münasibətlərində yeni mərhələ başlayır: Lyayenin səfəri nəyi dəyişəcək?
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana son işgüzar səfəri Bakı ilə Brüssel arasında münasibətlərin inkişafı baxımından yeni müzakirələrə yol açıb. Səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirilən görüşdə enerji təhlükəsizliyi, nəqliyyat-logistika, iqtisadi əməkdaşlıq və regional sülh gündəliyi əsas müzakirə mövzuları olub. Tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar. Xüsusilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, qeyri-enerji istiqamətlərində yeni imkanların yaradılması və regionda dayanıqlı sülhün təmin olunması məsələləri diqqət mərkəzində olub. Ekspertlər hesab edirlər ki, mövcud siyasi dialoq iqtisadi əməkdaşlığın da yeni mərhələyə keçməsinə təkan verə bilər.
Publika.az mövzu ilə bağlı millət vəkili Vüqar Bayramovun münasibətini öyrənib.
Deputat bildirib ki, Avropa İttifaqı uzun müddətdir Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır. Onun sözlərinə görə, Avropa İttifaqının Azərbaycanın ixracındakı payı hər zaman yüksək olub və bu göstərici ümumi ixracın 50 faizindən çoxunu təşkil edir. Eyni zamanda, ümumi ticarət dövriyyəsinin təxminən yarısı da məhz Avropa İttifaqının payına düşür.
V.Bayramov qeyd edib ki, bunun əsas səbəbi Azərbaycanın xam neft və təbii qaz ixracının böyük hissəsinin Avropa İttifaqı ölkələrinin payına düşməsidir. O vurğulayıb ki, təbii qazın əsas ixrac istiqaməti İtaliya olsa da, Azərbaycan xam neftini də İtaliya daxil olmaqla Avropa İttifaqının digər ölkələrinə ixrac edir.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan hazırda 16 ölkəyə təbii qaz nəql edir. O bildirib ki, həmin ölkələrdən 12-si Avropa ölkəsi, 10-u isə Avropa İttifaqına üzv dövlətlərdir. Deputatın fikrincə, bu göstəricilər Avropa İttifaqının Azərbaycanın ən böyük enerji tərəfdaşı olduğunu bir daha təsdiqləyir.
"Xüsusilə nəzərə alsaq ki, 2021-ci ilin dekabr ayının sonundan etibarən Azərbaycan Avropa İttifaqına 60 milyard kubmetrə yaxın təbii qaz nəql edib. Bu baxımdan enerji əməkdaşlığı ümumi ticarət dövriyyəsinə də təsir göstərir və Avropa İttifaqının Azərbaycanın xarici ticarətində payı yüksək olaraq qalır", - deyə V.Bayramov bildirib.

Deputat vurğulayıb ki, Ursula fon der Lyayenin Azərbaycana son səfəri və Prezident İlham Əliyevlə birgə mətbuata verdiyi bəyanatlar tərəflər arasında münasibətlərin daha da dərinləşdirilməsinin prioritet olduğunu göstərir. Onun sözlərinə görə, yeni əməkdaşlıq perspektivlərinin formalaşdırılması hazırda əsas hədəflərdən biridir.
V.Bayramov bildirib ki, Azərbaycan Ermənistanla sülh gündəliyinə sadiq olan ölkədir və Avropa İttifaqı ilə bu istiqamətdə əməkdaşlığı genişləndirmək, təkcə enerji deyil, həm də qeyri-enerji sahələrində tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin mətbuata bəyanatı zamanı toxunduğu əsas məsələlərdən biri də nəqliyyat və logistika sahəsində əməkdaşlıq olub. O hesab edir ki, bu istiqamətdə də Avropa İttifaqı ilə geniş əməkdaşlıq imkanları mövcuddur.
Millət vəkilinin fikrincə, Ermənistan və Azərbaycan arasında iqtisadi əlaqələrin bərpası, Azərbaycan yanacaq məhsullarının Ermənistan bazarına daxil olması, eləcə də Azərbaycan üzərindən Ermənistana daşınan yüklərlə bağlı bütün məhdudiyyətlərin aradan qaldırılması Azərbaycanın sülh gündəliyinə sadiqliyini nümayiş etdirir.
V.Bayramov əlavə edib ki, Azərbaycan bu istiqamətdə öz mövqeyini dəfələrlə bəyan edib və növbəti dövrlərdə də dayanıqlı sülhün əldə olunması üçün səylərini və təşəbbüslərini artıracaq.
"Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda yeni geosiyasi düzən formalaşıb və bu düzən region üçün daha geniş imkanlar, sülh və əməkdaşlıq vəd edir", - deyə deputat mövzu ilə bağlı fikrini yekunlaşdırıb.
Müəllif: Adəm Abbaslı
-
Region12:38Türk və erməni iş adamları bu şəhərdə görüşdülər - Böyük planlar qurular
-
MDB12:14Ramzan Kadırov ilk dəfə bu siyahıya daxil edilmədi - Çeçenistanda nə baş verir?
-
Enerji11:20Avropanın enerji təhlükəsizliyinin açar ölkəsi: Azərbaycan olmadan mümkün deyil
-
Rəsmi xronika10:23İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
-
Sağlamlıq10:16İsti havada soyuq su içməyin, yoxsa... - Həkim xəbərdarlıq etdi
-
MDB09:26Tokayev-Putin görüşü - Tarix dəyişdi
-
Hadisə08:55Bakıda güclü yanğın - Maşınlara ziyan dəydi
-
Dünya08:37Kiyevə kütləvi hava hücumu: ölü və yaralı sayı artdı - Yeniləndi




















.jpg)


















