Putinin son addımları göstərir ki, o, Ukraynada... – Zərdüşt Əlizadə
Bizi izləyin

Nida Xəbər

Putinin son addımları göstərir ki, o, Ukraynada... – Zərdüşt Əlizadə

Dövlət əhəmiyyətli atılan bütün bu addımlar və hərbi sahədəki tədbirlər onu göstərir ki, Putin və onun hakimiyyəti Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır. Ümidləri onadır ki, Ukraynanı əldən salsınlar. Özlərinin hərbi, maddi üstünlüyündən istifadə edib Ukraynanı təslim olmağa məcbur etsinlər.

Bunu Publika.az-a açıqlamasında şərqşünas, politoloq Zərdüşt Əlizadə bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dünən Təhlükəsizlik Şurasının iclasında Rusiyaya birləşdirilən 4 regionda – Donetsk və Luqansk “xalq respublikalarında”, Zaporojye və Xerson vilayətlərində hərbi vəziyyətin tətbiqi haqqında fərman imzaladığını açıqlayıb. Bu qərar Ukraynadan gələn terror təhdidləri ilə əlaqədar qəbul edilib.

Eyni zamanda Xerson vilayətinin qubernatoru vəzifəsini icra edən Vladimir Saldo yerli əhalinin Dnepr çayının sol sahilinə köçürüldüyünü elan edib. Oktyabrın 19-dan etibarən evakuasiya başlayıb. Proses təxminən altı gün çəkməlidir, Xersondan 50-60 min adam çıxarılacaq.

Ukrayna cəbhəsində baş verən bu yeni prosesləri şərh edən Zərdüşt Əlizadə deyib ki, Rusiya tərəfi müharibənin ilk mərhələsində 3 günə, bir həftəyə Kiyevi tutacağını, hakimiyyəti dəyişəcəyini düşünürdü:

“Sonra fikirləşdilər ki, Donetski, Luqanskı tam azad edib onları müstəqil dövlət kimi tanıtdıracaq. Bu da alınmayandan sonra qərara aldılar ki, dörd vilayəti özlərinə birləşdirsinlər və elan etsinlər ki, bura Rusiya ərazisidir, ora toxunan olsa, nüvə bombası atacaqlar. Bu kələk də baş tutmayanda məcburən uzunmüddətli müharibəyə hazırlaşırlar”.

Politoloq bildirib ki, uzunmüddətli müharibə Rusiya Federasiyasının bir dövlət kimi fərqli əsaslarda qurulmasını tələb edir:

“Fərqli əsaslardan biri də odur ki, 4 ilhaq olunmuş vilayətdə hərbi, Ukrayna ilə qonşu olan regionlarda xüsusi vəziyyət elan edir, qubernatorlara əlavə səlahiyyətlər verir ki, vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdırsın və hansısa inzibati zorakı tədbirlər görsün. Eyni zamanda ümid edir ki, Qərb Ukraynaya verdiyi silah-sursat dəstəyini və ya maliyyə yardımını kəsər, Avropada yanacaqla təchizat, energetika sahəsində vəziyyət ağırlaşar və bu da Rusiyaya hansısa bir uğur gətirər. Bu onların hesablamalarıdır”.

Zərdüşt Əlizadə qeyd edib ki, Qərbin və Ukrayna xalqının hesablamaları isə başqadır:

“Onlar ümid edirlər ki, Qərbin maliyyə, hərbi, silah-sursat dəstəyi kəsilməyəcək, artan xətt üzrə gedəcək. Eyni zamanda ümid edirlər ki, Ukrayna xalqı son nəticədə qalib gələcək”.

Bəs Rusiyanın bu tədbirləri nəyi göstərir? Zərdüşt Əlizadə deyir, indi Surovikin (xüsusi hərbi əməliyyatın keçirildiyi rayondakı RF Silahlı Qüvvələrinin Birləşmiş Qoşunlar Qrupunun (Qüvvələr) komandanı, ordu generalı Sergey Surovikin – müəll.) ona nail olur ki, dinc əhali, inzibati və güc strukturlarının nümayəndələri Xersondan – Dnepr çayının sağ sahilindən çıxarılır. Sağ sahilə isə əlavə canlı qüvvə yeridilir, orada güclü istehkam işləri aparılır və Xerson vilayətinin Dneprin sağ sahilində olan hissəsini uzun müddət müdafiə etməyə hazırlaşır:

“Yəni, Surovikinin Xersonu tərk etmək fikri yoxdur. Surovikinin fikri var ki, bütövlükdə mövqe müharibəsinə başlasın. Buna ərəbcə hərb-ül-istinzərf deyirlər. Yəni, qan axıdılması. Kimin daha çox qanı axar, kim daha çox gücdən düşər, o da məğlub olar”.

Politoloq Rusiya daxilində məhdudiyyətlərin güclənəcəyini də vurğulayıb:

“Səfərbərlik dalğa-dalğa gedəcək. Noyabrın 1-dən adi səfərbərlik, yəni yaşı 18-dən yuxarı olan kişilərin səfərbərliyi başlayır. Bir ay, ay yarımdan sonra səfərbərliyin üçüncü dalğası olacaq. Artıq yenə ehtiyatda, hərbi mükəlləfiyyəti olan vətəndaşları çağıracaqlar. Bu, ta o vaxta qədər davam edəcək ki, Rusiya döyüş meydanında məğlub olmasın. Rusiyanın döyüş meydanında məğlub olması Qərbin, ilk növbədə Amerikanın Ukraynaya silah verməsinin sürətindən asılıdır. Əgər indiki kimi çay qaşığı ilə versələr, Ukrayna təbii ki, bihal olub, zəifləyib, ola bilsin ki, hətta Rusiyanın qarşısında məğlub olsun. Rusiya daha güclüdür, əhalisi, resursları daha çoxdur. Və ya əgər müasir silahlarla təchizatı sürətləndirsələr, o zaman Ukraynanın qalib gəlmək şansı artacaq. Çünki ordu çox mütəşəkkildir, yüksək peşəkarlıqla döyüşür və Ukrayna xalqının öz Vətənini qorumaq əzmi daha güclüdür. Vəziyyət bundan ibarətdir. Mənim üçün çox aydın məsələdir ki, çox şey təkcə Rusiyadan yox, əsasən Baydendən və onun administrasiyasından asılıdır”.

Səxavət Həmid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm