Generalın adamları həbs edildi: hərbi çağırış sistemində nə baş verir? - SENSASİON GƏLİŞMƏ
Bizi izləyin

Nida Xəbər

Generalın adamları həbs edildi: hərbi çağırış sistemində nə baş verir? - SENSASİON GƏLİŞMƏ

Bu günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəhbərliyi araşdırma nəticəsində ciddi nöqsanlar aşkarlayıb və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birlikdə qurumun Laçın, Xaçmaz və Cəlilabad şöbələrində də əməliyyat keçirilib. Nəticədə Xaçmaz rayon şöbəsinin rəisi, polkovnik-leytenant Ağayev Rahim Əlifağa oğlu, Laçın hərbi komissarlığının müfəttişi Rəşad Rəşidli və Cəlilabad rayon hərbi komissarlığının müfəttişi Ramil Həsənov qanunsuz əməlləri ifşa olunduğuna görə həbs ediliblər.

"Qaynarinfo" sözügedən məsələnin gündəmdə olmasını nəzərə alaraq, Azərbaycanda hərbi komissarların siyahısını hazırlayıb.

Məlum olub ki, bir general-mayor, 22 polkovnik, 38 polkovnik-leytenant (biri həbs edilib), 14 mayor Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon və şəhər şöbələrinə rəhbərlik edir.

Deyilir ki, yaxın vaxtlarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələri birləşdiriləcək və regional şöbələr yaradılacaq. Bununla da hərbi komissarların sayı kəskin azalacaq.

Publika.az xatırladır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi bir neçə ay öncə dəyişib. Prezidentin 17 aprel 2023-cü il tarixli sərəncamı ilə Mürsəl Qorxmaz oğlu İbrahimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.

Prezidentin digər sərəncamı ilə Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bütün dövrlərdə rüşvət yuvası kimi ad çıxarıb. Bundan öncəki strukturda vəziyyət daha acınacaqlı olub. Sovet dövründən “Voenkomat” adlandırılan hərbi komissarlıq sistemində şəffaflıq yaratmaq, qanunun tələblərinin həyata keçməsini təmin etmək ya mümkün olmayıb, ya da çox az mümkün olub.

Əliağa Hüseynov

Azərbaycanın ən məşhur hərbi komissarı Əliağa Hüseynov idi. Onun dövründə sistemdə tam bir özbaşınalıq hökm sürüb. O, 1998-2009-cu illərdə Azərbaycan Respublikasının Hərbi Komissarı vəzifəsini icra edib. Mətbuatda həmin dövrdə baş verən qanunsuzluqlar, rüşvət halları, korrupsiya faktları ilə bağlı səs-küylü məqalələr, araşdırmalar dərc edilib.

2012-ci ildə bu sahədə islahat aparılaraq qurumun adı və rəhbəri dəyişdirildi. Arzu Rəhimov 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin olunmuşdu. O da sələfi Əliağa Hüseynov kimi 11 il bu sahəyə rəhbərlik edib.

Arzu Rəhimov mətbuatda ən çox hədəfə gələn məmurlardan olub. Onun fəaliyyəti zaman-zaman medianın süzgəcindən keçirilib.

Hazırda həbs edilən HXÇDX rəisləri Arzu Rəhimova yaxın şəxslərdir. Mənbəmiz bildirir ki, bu həbslər A.Rəhimovu da narahat edir və saxlanılan sabiq rəislərin ifadələrində generalın adının keçəcəyi istisna edilmir. Bu da daha geniş araşdırmalara səbəb ola bilər.

HXÇDX-nın yeni rəisi Mürsəl İbrahimov sistemdə şəffaflıq yaratmaq üçün ciddi fəaliyyətə başlayıb. Globalinfo.az-a verilən məlumata görə, o, heç bir yerdən xahiş, tapşırıq qəbul etmir. Ölkə rəhbərinin qarşıya qoyduğu tələbləri qüsursuz yerinə yetirmək üçün var gücü ilə işləyir. Düzdür, bu sözləri vaxtı ilə Arzu Rəhimov haqda da eşidirdik. Sonradan sabiq rəis barədə başqa sözlər də danışıldı, yazıldı. Axırda da Prezidentin sərəncamı ilə işdən azad olundu.

Mürsəl İbrahimov yeni rəis təyin olunanda onun da barəsində neqativ məlumat yayılmılşdı. Bildirilirdi ki, o, adı MTN işində keçən Tehran Babatova vəzifə verib. T.Babatov MTN-də kadrlar İdarəsinin rəis müavini olub. Rütbəcə polkovnikdir. T.Babatovun Eldar Mahmudovun yaxın adamı olduğu deyilir. O, 2015-ci ilin oktyabr ayında vəzifədən çıxarılıb. Eldar Mahmudovun milli təhlükəsizlik naziri olduğu dövrdə (2004 – 2015-ci illər), nazirliyin “kassir”i kimi Kadrlar Baş İdarəsinin rəis müavini polkovnik Tehran Babatov tanınıb.

Bu haqda ötən aylar bir neçə sayt “Yeni Müsavat”a istinadla məlumat yayıblar. Məlumatda xeyli detallar var. Biz o detallara varmadan onu bildiririk ki, bu cür zədəli reputasiyası olan birini Mürsəl İbrahimov hansı məntiqlə vəzifəyə təyin edib? Niyə məhz T.Babatovu özünün baş köməkçisi vəzifəsinə gətirib? Onun islahatçılığı təkcə bu fakta görə şübhə altına düşmürmü? Olmaya, Tehran Babatovun MTN-dəki “təcrübəsindən” yararlanmaq istəyənlər var?

Yazıda adları keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm