İşğaldan əvvəl Vaqif poeziya günləri belə keçirilib – Kərim Kərimli
Bizi izləyin

Qarabağ

İşğaldan əvvəl Vaqif poeziya günləri belə keçirilib – Kərim Kərimli

“Bütün məsələlərdə həmişə Şuşanın önəmi qabardılıb. Bu, aydın məsələdir. Şuşa həm strateji, həm də siyasi cəhətdən Azərbaycanın ərazi bütövlüyünün qorunması və təmin olunmasında xüsusi rol oynayıb. Şuşa işğaldan azad olunandan sonra onun Azərbaycan mədəniyyətinin paytaxtı, eləcə də ICESCO-nun təşəbbüsü ilə İslam mədəniyyətinin mərkəzi elan olunması bu tarixi şəhərimizin önəminin göstəricisidir. Gələcəkdə Şuşada Azərbaycan Respublikasının çoxsaylı mədəni və mənəvi tədbirlərinin keçirilməsi planlaşdırılır. Bütün bunların hamısı xüsusi nümayəndənin birinci növbədə Şuşaya təyin olunmasını vacib edir”.

Bunu Publika.az-a açıqlamasında tanınmış publisist, yazıçı, Şuşa icra başçısının sabiq müavini Kərim Kərimli deyib. O bildirib ki, hazırda Şuşaya sürətlə yol çəkilir: “Şuşanın tamamilə bərpa olunub yenidən həyata qovuşmasında bu yolun xüsusi əhəmiyyəti var. Bu yol çox vacibdir. Onunla bərabər enerji təminatı ilə bağlı yarımstansiya tikilir. Su, elektrik enerjisi və digər məsələlərlə bağlı ciddi iş prosesi gedir. Əhalinin Şuşaya qaytarılması nəzərdə tutulur. Hazırda Şuşa sakinlərin kütləvi qarşılanmasına hazır deyil. Ona görə də sadaladığım nüanslar şəhərin hansı əhəmiyyətə malik olduğunu göstərir. Fikrimcə, məhz qeyd etdiyim məsələlərə görə birinci növbədə Şuşaya xüsusi nümayəndə təyin edildi. Təyinatın məqsədi görüləcək işlərin daha da sürətləndirilməsinə nail olmaqdır. Prezident də Aydın Kərimovu qəbul edərkən vurğuladı ki, Şuşada görülən işlər daim onun nəzarətində olacaq”.

Kərim Kərimli işğaldan əvvəl Şuşada keçirilən Vaqif poeziya günlərindən də danışıb: “Müharibədən əvvəl, dinc vaxtı Şuşada Vaqif poeziya günlərindən başqa bir çox tədbirlər keçirilirdi. Sovet dövründə Azərbaycanın Aran rayonlarında pambıqçılıq və üzümçülük geniş yayılmışdı. Oktyabr, noyabr aylarında şagirdləri bu prosesə cəlb edirdilər. Amma Şuşada bu şeylər yox idi. Şəhərdə ancaq tikinti işləri aparılırdı. O da çox az idi. Şuşa SSRİ-nin termini ilə desək, ümumittifaq kurort və sanatoriya zonası, turist bazası idi. Ona görə də orada çoxsaylı mədəni tədbirlər keçirilirdi. Yerli və respublika səviyyəsində bir sıra tədbirlər gerçəkləşdirilirdi. Respublika səviyyəsində keçirilən tədbirlərdən biri də Vaqif poeziya günləri idi. Vaqifin Şuşadakı məşhur məqbərəsi ucaldılana qədər böyük şairin Vaqif küçəsində bir büstü var idi, oranı ziyarət edirdilər. Orada bir divar tikilmişdi və onun qarşısında Vaqifin büstü qoyulmuşdu. Ora həm də Vaqifin qətlə yetirildiyi yerdir. Şairlər Vaqifin həmin büstü önündə toplaşırdı. Orada müxtəlif şeirlər oxuyurdular, bir sıra müzakirələr aparılırdı. Çıxışlar olurdu”.

Yazıçı xatırladıb ki, 1982-ci ilin yanvarında Cıdır düzünün ətəyində Vaqifin böyük məqbərəsi tikilmişdi: “Əsl sənət nümunəsi hesab ediləsi abidə idi. Həm də həmin məqbərənin içərisində Vaqifin muzeyi açılmışdı. Düz məzarının yanında idi. 1982-ci ildən etibarən Vaqif poeziya günləri orada keçirilirdi. Xaricdən, SSRİ-nin müxtəlif bölgələrindən qonaqlar olanda tədbir Cıdır düzündə davam edirdi. Vaqifin məzarı önündə onun xatirəsi yad edildikdən, müəyyən poeziya çıxışları olduqdan sonra iştirakçılar bir qədər yuxarıya qalxırdılar. Cıdır düzünün qarşısında düzəldilmiş səhnənin önündə poeziya bayramı davam edirdi. Bu tədbir həm də gözəl konsertlə müşayiət olunurdu. Əhali dairəvi şəkildə toplanırdı. Vaqif poeziya günlərinə həm Şuşadan və ətraf yaşayış məntəqələrindən, həm də ölkənin müxtəlif yerlərindən şair və yazıçılar dəvət olunurdu. Alimlər, Yazıçılar Birliyinin üzvləri burada iştirak edirdilər. Bu tədbirlərdə sıravi tamaşaçı kimi hamının iştirak imkanı var idi, amma şeir oxumaq, çıxış etmək heç də hamıya müyəssər olmurdu. İndi sosial şəbəkələr var, yazdığınız şeirləri qısa müddət sonra hamı oxuya bilir. Amma o vaxt elə deyildi. O zaman müəyyən ədəbi jurnallar və qəzetlər var idi, orada da çap olunmaq müşkül məsələ idi”.

Kərim Kərimli söyləyib ki, ona görə də Vaqif poeziya günlərində yaradıcı insanlar öz yaradıcılıq nümunələrini təqdim etmək istəyirdilər: “Vaqif poeziya günləri kütləvi bayram idi. Orada iştirak etmək asan məsələ deyildi. Şuşada başqa ölkələrdən gələn qonaqların iştirakı ilə kütləvi keçirilən Vaqif poeziya günləri 1987-ci ildə olub. Onda da mən iştirak etməmişəm, çünki həmin vaxt sovet ordusu sıralarında hərbi xidmətdə idim. Amma 1988-ci ildə keçirilən Vaqif poeziya günlərində iştirak etdim. 1986-cı ilə qədər tamaşaçı kimi, ondan sonra iştirakçı kimi qatılmışam. 1988-89-cu illərdəki hər iki poeziya bayramında iştirak etmişəm. Təəssüf ki, o vaxt respublikanın paytaxtı artıq Şuşanı unutmağa başlamışdı. Yollarda təhlükə var idi və böyük, tanınmış adamlar Şuşaya gəlmək istəmirdilər. Ermənilər maşınları daşa basırdılar, aşırırdılar, yandırırdılar. 1990-cı ildə 20 Yanvar hadisələrinə görə bütün respublikada olduğu kimi Şuşa da yas içində idi. 90-cı ilin ortalarında Şuşanın ətrafındakı quldur yuvaları təmizləndi. Əhalinin əhval-ruhiyyəsi bir qədər düzəldi. 1992-ci ilin may ayında Şuşa işğal olundu və sanki şəhərin ekranındakı monitor donduruldu. Bizim 1992-ci ilin mayın 8-dən sonrakı həyatımızı dondurulmuş hesab edin. 8 noyabr 2020-ci ildə “Əziz Şuşa, sən azadsan” komandası ilə sanki həmin monitorda bir hərəkət əmələ gəldi”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm