Qarabağ
Şuşa qalası restavrasiya olunmamalıdır – Tanınmış memar
Şuşada yenidənqurma və qədim memarlıq üslubunda restavrasiya işlərinin başlaması memarları da hərəkətə gətirib. Ölkənin aparıcı, yaşlı-başlı memarları qədim mədəniyyət beşiyi olan Şuşanın yenidən bərpası ilə bağlı bir-birindən fərqli fikirlər səsləndirirlər.
Bəziləri qala divarlarının bərpasını, bir qismi isə olduğu kimi – uçuq, dağınıq vəziyyətdə qalmasını istəyirlər. Digərləri yollara daş döşəmək əvəzinə modern asfalt strukturunu gətirməyi təklif edir.
Müstəqil Memarlar Assosiasiyasının (MMA) rəhbəri, memar Zenfira Budaqova Publika.az-a açıqlamasında söyləyib ki, Şuşa qalasını restavrasiya etmədən, çevrəsini təmizləmək şərti ilə olduğu kimi saxlamaq yaxşı olardı:
“Şuşa qala divarlarını bərpa etmək istəyirlər. İndi qala divarları dövrü deyil, o vaxt müharibələr olurdu, ona görə də güclü, möhkəm istehkamlı qalalar tikilirdi. O qala divarlarının üstündə nə qədər müharibələr olub. Onun izlərini saxlamaq üçün təmir etməyə ehtiyac yoxdur. Olduğu kimi qoruyub saxlamalıyıq”.
MMA rəhbərinin fikrincə, son 30 il ərzində qala divarlarına ermənilərin vəhşiliyini göstərmək üçün qalanı olduğu kimi saxlamaq vacibdir:
“İçərişəhərdə də qala divarlarının sökülmüş yerlərini yonulmuş ağ daşlarla restavrasiya ediblər. Ora İçərişəhərdir, ona görə o cür etməyi düşünüblər. Amma o daşlarda keçmişdən heç nə yoxdur. İstərdim ki, Şuşada qədimliyini özündə saxlayan nəsə olsun. Heç olmasa qala divarları uçuq-sökük vəziyyətdə qalsın. Üzərinin palçığını, mamırını təmizləmək olar, amma yeni daşlarla restavrasiya etmək fikri ilə razılaşmıram. Eyni zamanda, Şuşadakı qədim binaları da olduğu kimi, necə qalıbsa, o cür saxlamalıyıq. Əgər hansısa binalar yenidən istifadəyə veriləcəksə, onları təmir etmək olar”.
Memar hesab edir ki, burada da köhnə daşları yenisi ilə əvəz etmək lazım deyil. Çünki hər bir daşın özünün tarixi var: “Yaponlarda bir aparat var, daşın üzərinə tutanda onun neçənci əsrə aid olduğunu müəyyənləşdirir. Mən şəhərsalmanı müdafiə etmişəm, orada olmadan Şuşadakı yenidənqurma və restavrasiya haqqında nəsə deyə bilmərəm. Natəvanın tikdirdiyi və ermənilər tərəfindən dağıdılmış bulaqları, başqa tikililəri fotoşəkillər əsasında olduğu kimi bərpa etmək lazımdır”.
Zenfira Budaqovanın sözlərinə görə, onların üzərinə dağıdılma və bərpa tarixləri qeyd olunmalıdır: “Yəni, bilinsin ki, vaxtilə hansı görkəmdə olub, indi də ona bənzədilib. Xurşidbanu Natəvanın da qəbrini dağıdıblar. Qəbir daşlarını aparıblar. Bu, vandalizmdir. Hətta sümüklərini də oğurlayıblar. İndi istəyirlər ki, Natəvanın sümüklərini pulla alıb yenidən öz yerində basdıraq. Görün, ermənilər nə qədər alçaqdırlar. Həmin qəbir daşlarını yenisi ilə əvəz etmək mümkündür. Amma gərək əvvəlki görkəminə uyğun restavrasiya edilsin. Kənarlarını da hasarlamaq lazımdır. Zakirin, Vaqifin də məzarlarının kənarı düzəldilməlidir, hasara alınmalıdır”.
Memarın fikrincə, Şuşanın yolları da bərpa edilməlidir, amma olduğu kimi: “Yollar sal daşlarla - əvvəl olduğu kimi bərpa olunmalıdır. Asfaltdan qaçmaq lazımdır. Çaylaq daşlarından istifadə etməklə təkcə Şuşada yox, bütün işğaldan azad olunan ərazilərdə yolları bərpa etmək olar.
Şuşa ilə bağlı təmir-bərpa, restavrasiya və ya o şəhərin memarlıq üslubuna xas layihə vermək üçün gərək Şuşaya gedəsən. İşin içərisində olasan. Mövcud durumu öz gözünlə görəsən. Gedib görmədən hər hansı memarlıq layihəsi hazırlamaq, təqdim etmək düzgün deyil. Məkanla yerində tanış olanda nəyi edib-etməyəcəyini özün üçün müəyyənləşdirirsən”.
Tural Turan
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI