Misir mediası Prezidentin Şuşa səfərindən yazdı
Bizi izləyin

Qarabağ

Misir mediası Prezidentin Şuşa səfərindən yazdı

Misirin nüfuzlu “Əl Masr Əl Yom” nəşri Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada Cıdır düzündə xalqa müraciətini yayıb.

Publika.az xəbər verir ki, qəzetin materialında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Şuşada Cıdır düzündə bayram tonqalı alovlandırdıqları qeyd olunub.

Xəbərdə diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət başçısı 28 ildən sonra ədalətin bərpa olunduğunu, Şuşanın erməni işğalından azad edildiyini qeyd edərək deyib:

“Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik”.

Materialda vurğulanıb ki, Prezident İlham Əliyev Ermənistanı Şuşada Azərbaycan xalqının tarixi irsini məhv etməkdə ittiham edib.

O diqqətə çatdırıb ki, Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər beynəlxalq müstəvidə dünya ictimaiyyətinə çatdırılıb:

“Beynəlxalq təşkilatlarda fəal işləyirdik və bizə sərf edən, həqiqəti əks etdirən, beynəlxalq hüququ əks etdirən, ona əsaslanan vacib qərar-qətnamələri qəbul etdirə bildik. Bu, Qələbəmizin hüquqi əsası idi, haqq-ədalətin bərpasının hüquqi əsası idi”.

Yazıda qeyd olunub ki, Azərbaycanın dövlət başçısı torpaqları işğaldan azad etmək üçün hərbi güc toplamağın birinci dərəcəli vəzifə olduğunu vurğulayıb.

O əlavə edib ki, prezidentliyi dövründə hərbi xərclər həmişə öndə olub və müharibəyə hazırlıq görülüb. Məhz bunun sayəsində öz xoşu ilə torpaqları azad etmək istəməyən düşmən işğal etdiyi ərazilərdən qovulub.

Materialda Ermənistanın Şuşa şəhərinin simasını dəyişməsi, o cümlədən evləri, tarixi abidələri və məscidləri dağıtması barədə Prezident İlham Əliyevin fikirləri yer alıb. Əlavə edilib ki, Azərbaycanın dövlət başçısı Şuşa ilə yanaşı, işğaldan azad edilmiş bütün şəhərlərin bərpa ediləcəyini bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm