Möcüzələr diyarı - Şuşada bir gün (FOTOLAR)
Bizi izləyin

Qarabağ

Möcüzələr diyarı - Şuşada bir gün (FOTOLAR)

Şuşa şəhərinə getmək hər bir Azərbaycan vətəndaşının arzusudur desəm, heç də şişirtmiş olmaram. 28 il düşmən əsarətində qalan Şuşanın azadlığa qovuşmasının bir illiyi ərəfəsində bu möcüzələr diyarına ayaq basmaq mənim də qismətimdə varmış. Şuşa həmişə xəyallarımın, yuxularımın şəhəri olub, çünki heç vaxt orada olmamışam.

Bu günlərdə yenə də yuxuma gəlmişdi azad Şuşa. Röyamda dağların, buludların üzərindəki məmləkdətdə səfərdə idim. Səhəri gün işə gəldim və bu barədə danışdım.

İş gününün sonunda xəbər gəldi ki, Şuşa səfəri var. Adımı siyahıda görəndə dedim ki, Allahıma çox şükür, yuxum çin oldu, mən də Şuşanı görəcəyəm.

Şənbə günü səhər paytaxtdan üzü Şuşa istiqamətinə yola çıxdıq. Düşmən işğalından azad olunmuş torpaqlarımıza çatdıq. Erməni vandallarının xarabalığa çevirdiyi Füzulinin kəndlərinə baxdıqca ürəyin param-parça olmaması mümkün deyil.

Sürətlə dəyişən Qarabağ

Zəfər yolu ilə üzü Şuşa istiqamətinə yollandıq. Yolda quruculuq işlərinin getdiyini görürük. Hiss olunurdu ki, düşməndən xilas olunan şəhərlərimizdə, kəndlərimizdə işlər sürətlə gedir, canlanma var.

Füzuli şəhərini keçəndən sonra Xocavəndin mənzərəli kəndləri ilə rastlaşdıq. Maşın Zəfər yolu ilə sürətlə Şuşaya doğru irəliləyirdi.

Hadrut qəsəbəsinə, Tuğ kəndinə çatdıq. Burada da qızğın işlərin getdiyinin şahidi olduq. Bir tərəfdə Hadrut qəsəbəsi, digər tərəfdə isə Tuğ kəndi yerləşirdi.

Tuğda yeni şərab

Bizi mühafizəçi formasında bir cavan oğlan qarşıladı. Ondan haranı mühafizə etdiyini soruşduq. Bildirdi ki, Tuğ kəndində şərab zavodu fəaliyyətə başlayıb, orada çalışır. Əslən Bərdə rayonundandır. Qeyd etdi ki, şərab zavodu bu günlərdə işə başlayıb.

Aşırımlarla möcüzələrə doğru

Daha sonra Tuğdan çıxdıq və Xocavəndin Böyük Tağlar kəndi istiqamətində hərəkət etdik. Orada çox yubanmadıq. Çünki biz möcüzələr şəhəri Şuşanı görməyə tələsirdik. Aşırımları keçib Şuşa şəhərinə doğru gəldik.

Şuşadan əvvəl Daşaltı kəndində olduq. Bura şəhərin aşağı hissəsində yerləşir. Daşaltı kəndi Şuşanın ərazi dairəsinə aiddir. 1992-ci ildə işğal edilən Daşaltı 2020-ci il noyabrın 4-də şanlı Azərbaycan Ordusu tərəfindən azad olunub. Daşaltı kəndi əvvəllər ətrafda yaşayan əhalinin Xəznədağ adlandırdığı mağaranın yerləşdiyi ərazi olub.

Şuşa şəhərinin girişində sonuncu postda bizi hərbçilər qarşıladı. Bizdən Şuşaya nə məqsədlə gəldiyimizi soruşdular. Orada aparılan quruculuq işlərini işıqlandırmaq üçün təşrif buyurduğumuzu bildirdik.

Sənədlərimizi yoxladıqdan sonra “Şuşa şəhərinə xoş gəlmisiniz” deyərək postdan keçirdilər.

Sahibinə qovuşub, yenilənən Şuşa

Şuşanın girişindən qızğın quruculuq işlərinin getdiyinin, yolların yenidən çəkildiyinin, binaların təmir olunduğunun, yeni-yeni obyektlərin tikintisinin şahidi olduq.

Biz ilk olaraq Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialına baş çəkdik. Orada qədim tarixə malik Qarabağ, o cümlədən Şuşa xalçalarının tədqiqi, təbliği, qorunub-saxlanılmasını öyrəndik.

Muzeyin işçisi bildirdi ki, burada milli sənət dəyərlərimizi yaşadan xalça və xalça məmulatları, bədii tikmə, milli geyim və zərgərlik nümunələri sərgilənir.

Daha sonra Alban kilsəsinə getdik. Bura da hərbçilər tərəfindən qorunurdu. Bildirdilər ki, kilsədə təmir işləri getdiyi üçün giriş qadağandır. Binanın qarşısında ancaq foto çəkməyə icazə verdilər.

Sonra Şuşanın mərkəzinə, Şuşa Rayon İcra Hakimiyyətinin binasının qarşısına gəldik. Binada təmir-tikinti işləri aparılırdı.

Binanın qarşısında görkəmli şairə Xurşidbanu Natəvan, ictimai xadim Üzeyir Hacıbəyli və Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün heykəlləri qoyulmuşdu.

Burada geniş və səliqəli park salınıb. Parkın arxasında isə Natəvanın dağıdılmış evinin yenidən bərpa olunması üçün işlərin getdiyini gördük.

Şuşanın havasının qorunması üçün unikal addım

Şuşanın küçələrində “Təmiz şəhər” ASC-nin işçiləri ilə rastlaşdıq. Onlar şəhərin küçələrinin təmizlik işləri ilə məşğul olduqlarını bildirdilər. Dedilər ki, şirkət tərəfindən bura gətiriliblər və küçələrin təmizliyinə baxırlar.

Orada olarkən öyrəndik ki, Şuşa şəhərində maye qazdan istifadə olunmayacaq. Bu da şəhərin təmiz havasının qorunub saxlanılması üçündür.

Şuşada həm də çörək sexi fəaliyyət göstərir. Oranın çörəyindən, suyundan dadmaq bizə də nəsib oldu. Sexin işçiləri bildirdilər ki, burada iki növdə çörək bişirilir və hər gün şəxsi heyətin ehtiyacı olan qədər istehsal həyata keçirilir.

Daha sonra Şuşa qalasında, Vaqif türbəsində, həmçinin xəyal etdiyimiz Cıdır düzündə olduq. Cıdır düzünün bir hissəsinin aşağısı Daşaltı kəndinin ərazisinə düşür.

Ordumuz bu sıldırımlı qayalardan çıxaraq Şuşa şəhərini düşməndən almağa müvəffəq olub.

Cıdır düzünün digər hissəsindən isə Xocalı və Xankəndi şəhərlərini görmək mümkündür.

Qısa müddətə olsa belə, bu gözəl, tarixi şəhərdə olmaq, onun havasını udmaq xoşbəxtliyi bizə də nəsib oldu.

Hacı Zeynalov

Bakı-Şuşa-Bakı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm