"ABŞ istəsə İranı da Azərbaycanın üstünə salacaq..." - Həsənquliyev
Bizi izləyin

Qarabağ

"ABŞ istəsə İranı da Azərbaycanın üstünə salacaq..." - Həsənquliyev

Publika.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edir:

- Qüdrət bəy, bəzi siyasi ekspertlər, deputatlar, siyasilər bəyan edirlər ki, 13 oktyabrda Ermənistanın təxribatlarına Azərbaycan Silahlı Qüvvələrinin sərt cavabı həm də Ermənistanı sülhəməcburetmə məqsədi daşıyır. "Fit"lə hərəkətə keçənlərin "əzbərçi uşağı" isə bəyan etdi ki, sülhəməcburetmə bir termin kimi Rusiya 2008-ci ildə Gürcüstana qoşun yeridərkən öz hərəkətlərinə haqq qazandırmaq üçün siyasi leksikona gətirilib və bu totalitar siyasi rejimlərin olduğu ölkələrə xas olan davranışdır. Hər iki məsələyə münasibət bildirmənizi istərdik.

- Mən özüm dəfələrlə bəyan etmişəm ki, Ermənistanı sülhə məcbur etməliyik. Əks halda heç kim Ermənistana təzyiq etməyəcək ki, Azərbaycanın ərazi bütövlüyünü tanısın, Zəngəzur dəhlizinin açılmasına razılıq versin və Azərbaycanın daxili işlərinə qarışmasın. BMT TŞ-nın qətnamələrini 27 il icra etməyən Ermənistan indi də 10 noyabr 2020-ci ldə imzalanmış "Atəşkəs haqqında Birgə Bəyannamə"nin şərtlərini yerinə yetirmir, işğalçılıq siyasətini davam etdirmək üçün əlverişli beynəlxalq vəziyyət yaranana qədər münaqişəni dondurmağa və himəyadarlarını köməyi ilə bizi mənasız danışıqlara bizi cəlb etmək istəyir. Biz bu problemi gələcək nəsillərə saxlamamalıyıq. Hər bir erməni və onların himayədarları başa düşməlidir ki, Ermənistan sülh sazişini imzalamadığı və öz öhdəliklərini yerinə yetirmədikcə rahat və təhlükəsiz yaşaya bilməyəcəklər.

Sülhəməcburetmə BMT-nin Sülhməramlı Əməliyyatlar Missiyasının 3 fəaliyyət istiqamətindən biridir. BMT 1948-ci ildən bu işlə məşğuldur. Xatırlatdığınız 2008 -ci ildə BMT-nin Sülhməramlı Əməliyyatlar Departamenti "BMT-nin Sülhməramlı Əməliyyatlarının əsas istiqamətləri və prinsipləri" adlı rəsmi sənəd dərc edib. Həmin sənədin ikinci fəslində deyilir ki, BMT sülhməramlıları 3 istiqamət üzrə fəaliyyət göstərir. Birinci istiqamət "sülhüqoruma"(peacekeeping), yəni döyüşün dayandırlması barədə kövrək razılaşmanı təmin etmək üçün münaqişə tərəfləri arasına sülhməramlı qüvvənin yerləşdirilməsi, İkinci istiqamət, sülhəməcburetmə(peace enforcement) yəni güc tətbiqi hədəsi ilə, yaxud güc tətbiq etməklə sülhü təmin etmə. Üçüncü istiqamət,sülhyaratma(peacebuilding), davamlı sülhə nail olmaq üçün münaqişə tərəfləri ilə işləmək, dövlətlərin öz əsas funksiyalarını yerinə yetirə bilmələrinə kömək etmək. Hər kəs bu terminlərin hansı məna daşıdığını və sülhməramlı fəaliyyətin istiqamətləri barədə qeyd etdiyim sənəddən öyrənə bilər. Bir də ki, kapitulyasiya sözünün mənasını bilməyənlər bunu hardan bilsin.

- Son günlər Qərb ölkələrində Rusiyanın Ukraynada taktiki nüvə silahı tətbiq edə biləcəyinə dair bol-bol danışmağa başlayıblar. Siz necə düşünürsünüz, bu mümkündürmü?

- Rusiya Ukrayna ilə sərhədə qoşun toplayanda düşünürdüm ki, bu Ukraynaya təzyiq üçün edilir. Rusiyanın belə bir qanlı qardaş savaşına girəcəyini gözləmirdim. Onda da Qərb ölkələri, xüsusilə ABŞ Rusiyanın Ukraynaya hücum edəcəyini söyləyirdi və bu baş verdi. O zaman Zelenski yalvarırdı ki, siz deyirsiniz savaş olacaq, buna görə bütün investorlar ölkədədn qaçır, o qədər də yaxşı olmayan iqtisadiyyatımız daha da çökür. Biz onsuz da bütün mümkün imkanlarımızı səfərbər etmişik. Rusiya bizə hücum eedəcəyi halda hansı köməyi göstərəcəyinizi deyin, silah verin, Rusiyaya hansı sanksiyalar tətbiq edəcəyinizi bəyan edin ki, o da götür-qoy etsin, müharibəyə başlamağa dəyər ya-yox. O zaman onlar Ukraynanın ziyanına olan və Rusiyanı şirnikləndirə biləcək bir mövqe ortaya qoydular ki, "biz müharibəyə qoşulmayacağıq, eyni zamanda Rusiyanın təhlükəsizliklə bağlı qaldırdığı heç bir təklifi də qəbul etməyəycəyik. Sanksiyaların dairəsini isə müharibə başlayandan sonra elan edə bilərik". Rusiya da fikirləşdi ki, yəqin 2014-cü ildə Krımı aldıqları zaman olduğu kimi sanksiya tətbiq olunacaq, sonra da Fransa və digərləri Rusiyaya müasir silah istehsalı üçün 360 milyon dollarlıq texnologiya satacaq.

İndi də Bayden başda olmaqla heç kim Rusiya nüvə silahı tətbiq edəcəyi halda ona necə cavab veriləcəyinə dair açıq mövqe nümayiş etdirmir. Görünür istəyirlər ki, Rusiya müharibəyə başladığı kimi, nüvə silahı da tətbiq etsin. Bu barədə geninə boluna danışmaqla həm beynəlxalq, həm Rusiya ictimaiyyətini buna hazırlayırlar, həm Rusiya rəhbərliyində psixoz vəziyyət yaratmaqla onu buna təhrik etmək istəyirlər. Ona görə qarşıda nə olacağını yalnız Allah bilir.

- Pelosinin Ermənistana səfəri barədə nə deyə bilərsiniz?

- ABŞ Azərbaycanla bir çox istiqamətlərdə əməkdaşlıq edir, amma məsələ Ermənistanın işğalına gələndə həmişə seperatizmi dəstəkləyib, Ermənistana dəstək verib. Bu da ABŞ-dakı erməni lobbisi və xristian təəssübkeşliyi ilə bağlıdır. Siz bəzi qeyrətsiz və riyakar müsəlman ölkələrinə baxmayın. Biz haqlı olsaq da onlar nə bizi ,nə beynəlxalq hüququ müdafiə etmir. Pelosi Paşiyana siyasi dəstək verəcək və qulağına pıçıladayacaq ki, qorxma və Zəngəzur dəhlizinin açılmasına imkan vermə. Deyəcək ki, İran bilir ki, İsraili ona qarşı sərt addımlardan ABŞ saxlayır, ona görə ABŞ istəsə İranı da Azərbaycanın üstünə salacaq. Buna sanksiyaları bir az yumşaltmağı vəd etməklə də nail ola bilər.

Pelosi Ermənistana heç zaman deməyəcək ki, öhdəliklərini yerinə yetir, sülh sazişi imzala, çünki o, həm də ABŞ-ın təhlükəsiz yerdə oturub qan istəyən erməni vətəndaşlarından səs almaq üçün İrəvana gəlir. İmkanı olsaydı, ABŞ-a sığınmış bizim millətdən olan bəzi jurnalistlərin arzusunu çin edib Xankəndinə də gedərdi. Qarabağ məsələsində nə Fransadan nə də ABŞ-dan ədalətli mövqe görməmişik və bundan sonra da gözləməməliyik. Nə də bu dövlətlərin sığınacağında yaşayan, yaxud onların əlinə baxan gecə gündüz öz ölkəsini söyən şəxslərin ermənipərəst açıqlamalarından təəccüblənməməliyik. Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, amma Şuşaya (sanki Şuşa Azərbaycan ərazisi deyil) getmirəm deyən ölkədən nə gözləməliyik ki?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm